Prezident İlham ƏLİYEV:
Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik.
Pambıqçılıq Azərbaycanda ənənəvi sahələrdən sayılsa da, SSRİ-nin dağılmasından sonra bir sıra sahələr kimi, pambıqçılıq da tənəzzüllə üzləşməli oldu. Azərbaycan müstəqillik qazandıqdan uzun illər ərzində pambıqçılıq diqqətdən kənarda qalmış, bu sahənin inkişafı üçün heç bir addım atılmamışdı. Xüsusən, müstəqilliyin ilk illərində-AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yarıtmaz fəaliyyət pambıqçılıq sahəsini də məhvə məhkum etmişdi. Sənaye müəssisələri iflic, kənd təsərrüfatı dağılmış vəziyyətə salınmışdı, ölkədə özbaşınalıq hökm sürürdü.
Yalnız Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra bu prosesin qarşısını aldı, ölkədə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna çıxdı.
Bunun davamı kimi isə İlham Əliyevin Prezident seçilməsi ilə ölkədə yeni inkişaf mərhələsi başladı.
Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafı məqsədilə müəyyən etdiyi siyasət, bu yolda həyata keçirdiyi genişmiqyaslı tədbirlər özünü doğrultmaqdadır. Bu baxımdan dövlət başçısının 2016-cı ilin sentyabrında pambıqçılıqla bağlı Sabirabadda keçirdiyi respublika müşavirəsi ənənəvi və gəlirli sahənin dirçəldilməsinin başlanğıcı oldu.
Həmin müşavirədən sonra sanki kənd əhalisinin üzünə gün doğdu. Tarlalar yavaş-yavaş ağarmağa başladı. Dolanışığı torpaqdan çıxan kəndlinin gün-güzəranı ildən-ilə müqayisəedilməz dərəcədə yaxşılaşdı. İllər keçdikcə sözügedən tarixi müşavirədə dövlət başçısının söylədiyi “Mən əminəm ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir” sözlərinin həqiqət olduğunu zaman birmənalı təsdiq etdi. Necə etməsin ki, son 5 il ərzində ölkədə pambıq istehsalı 89 min tondan 336 min tona yüksəlmişdir.
Bəli, bu gün ölkənin aqrar sektorunda pambıqçılıq əsas istiqamətlərdən biridir. Strateji əhəmiyyətə malik bu sahənin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Bunu sübut edən ən son misal: cari ilin məhsulu üçün pambığın alış qiyməti hər ton üçün 50 manat artırılmışdır. Bundan əlavə isə, fermerlərə təhvil verilən pambığın hər tonuna görə, 100 manat subsidiya və pambıq əkdikləri sahənin hər hektarına görə, 260 manat əkin subsidiyası ödənilir.
Artıq pambıqçılıqda məsul dövrdür. Aylardan bəri çəkilən zəhmətin nəticəsi olaraq məhsul yığımına start verilib.
Sabirabad bütün zamanlarda Azərbaycanın pambıqçılıq mərkəzi kimi ad çıxarmışdır. 80-ci illərdə Sabirabadda pambıq istehsalının həcmi 110 min ton səviyyəsinə yüksəlmişdir. Bu gün də rayonun fermerləri pambıqçılığın inkişafında maraqlıdırlar. Cari ilin məhsul yığımı mövsümündə pambığın alış qiymətinin artırılması xəbəri isə bu marağı daha da artırmışdır.
Fermerlərin söhbətindəki nikbinlik deməyə əsas verir ki, cari ildə Sabirabad pambıqçıları bu maddi dəstəkdən faydalanaraq həm öz maddi durumlarını yaxşılaşdıracaq, həm də ölkə iqtisadiyyatının güclənməsinə yeni töhfələr verəcəklər. Bu il 9260 hektarda pambıq əkilib. Becərmədə aqrotexniki tələblərə ciddi əməl edilməsi nəticəsində tarlalarda bol məhsul yetişdirilib. Xatırladaq ki, keçən il 31,6 min ton pambıq istehsal edilib. Hər hektarın məhsuldarlığı 31,4 sentner olub. Cari ilin hədəfi isə 35 sentnerdir.
Bu günlər işlərin qızğın çağıdır. Yeni mövsümü uğurla başa vurmaq üçün pambıqyığan maşınlar, nəqliyyat traktorları tam təmir olunaraq tarlalara çıxarılıb və digər zəruri tədbirlər görülüb.
Sabirabadda ötən illərdə olduğu kimi, yenə də məhsul yığımında texnikaya geniş meydan veriləcək. Məhsul yığımında 40-dan çox pambıqyığan maşından, 80-dən çox nəqliyyat traktoru və qoşqulardan istifadə olunacaq.
Pambıq əkib-becərən ayrı-ayrı fermerlərdə bu mövsümdə yüksək məhsuldarlığa nail olacaqlarını bildirirlər. Moranlı kəndindən fermer Vaqif Abbasov keçən il 24 hektar sahənin hər hektarından orta hesabla 55 sentner pambıq istehsal etmişdir. Bu hünərvər əmək adamı cari ilin məhsulu üçün də çox çalışdıqlarını bildirdi: “Pambığın alış qiymətlərinin hər tona görə 50 manat artırılmasını çəkdiyimiz zəhmətin, axıtdığımız alın tərinin dəyərləndirilməsi kimi qiymətləndirirəm. Bu il 24 hektarda bol məhsul yetişdirmişik. Orta hesabla hər hektardan 55 sentnerdən çox məhsul götürmək əzmindəyik. Yeni qiymət artımı hesabına qazancımız da çox olacaqdır”.
... Son beş ilin təhlili onu deməyə əsas verir ki, dövlət proqramı əsasında pambıqçılıqda ən yüksək nəticə əldə edilib. Dövlət dəstəyi nəticəsində son illər minə yaxın texnika alınması da sıradan bir məsələ deyil. Onu da vurğulamaq lazım gəlir ki, Prezident İlham Əliyevin tapşırığı ilə rayonda pambıqçılığın inkişafı daima diqqətdə saxlanılır və rəqəmlərə nəzər salsaq ciddi nəticələrin əldə edildiyini və minlərlə yeni iş yerləri yaradıldığının şahidi olarıq.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyanın güclü ölkələri sırasına daxildir və bəzi inkişaf etmiş ölkələri qabaqlayır: “Kənd təsərrüfatı sahəsində ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır. Heç bir ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəmir. Sahibkarların sosial məsuliyyəti olmalıdır. Sağlam iqtisadi, investisiya mühiti, dövlət dəstəyi, şirkətlərin dövlət qurumları ilə sıx təmasda olması, yerli və mərkəzi icra orqanlarının vahid yanaşması əldə olunan uğurları şərtləndirən amillərdir”.
Tam əminliklə demək olar ki, dayanıqlı iqtisadi inkişaf və sosial rifah ölkənin apardığı islahatların mərkəzindədir.
Əli HÜSEYN,
“Muğanın səsi”