Mirzə Ələkbər Sabirin adını daşıyan rayonun ən böyük su kanalı mənbəyini Kür və Araz çaylarından alır. 1912-ci ildə çəkilmişdir. Rayonun 30-a yaxın yaşayış məntəqəsinin əkin sahələrinin suvarılmasında, camaatın suya olan tələbatının ödənilməsində bu kanalın böyük həyati əhəmiyyəti var.
Ancaq təəssüf ki, kanalın suyu insan orqanizmi üçün olduqca zərərli məişət tullantıları ilə çirkləndirilir. Kanala hətta heyvan leşləri atılır. Bu ciddi xəstəlik mənbəyidir, Hər kəs anlamalıdır ki, bu gün “COVID-19”-un təhlükə yaratdığı bir vaxtda bu, insanların sağlamlığı üçün olduqca təhlükəlidir.
Sakinlər dəfələrlə belə mənzərə ilə qarşılaşdıqlarını deyirlər. Çöl Beşdəli kənd sakini Elvin Kərimov hətta gördüklərini videolentə alıb redaksiyaya göndərmişdir. O, deyir ki, bu kanal məişət tullantıları ilə doludur. Tez-tez rast gəldiyimiz heyvan leşləri bizi dəhşətə gətirir. Axı, belə olmaz. Niyə aidiyyəti təşkilatlar belə şəxslər barədə tədbir görmürlər?!
Müxtəlif məişət tullantılarını, heyvan leşlərini suya atanlar görəsən heç utanırlarmı?! Nə qədər vicdansız olasan ki, belə yaramazlığa yol verəsən!
Ekologiya və Təbii Sərvətlər nazirliyinin Şirvan regional və Suvarma sistemləri idarələrinin məsul işçiləri, ərazi icra nümayəndələri, yerli bələdiyyələr məgər bu acınacaqlı vəziyyəti görmürlər?! Suyu çirkləndirənlər barədə ciddi ölçü götürülməlidir. Bunu isə yuxarıda adları qeyd olunan təşkilatlar etməlidir.
“Muğanın səsi”