Sabirabad şəhərindən Suqovuşan kəndinə gedən yolun üstündə Aydın Məmmədov və “Təbriz” küçələrinin arasında bir su arxı var. Adına “Birinci arx” deyirlər. Həmin küçələrin sakinləri redaksiyamıza müraciət edərək bildirdilər ki, su arxına insan orqanizmi üçün zərərli məişət tullantıları atılır. Vəziyyəti yerində araşdırmaq üçün oraya yollandıq. Şəhər sakini Ramil Qəhrəmanov dedi:
-Bu arxın suyu Araz çayından gəlir. Yaxın vaxtlaradək həmin sudan içmək üçün istifadə edirdik. Lakin arx məişət tullantıları ilə zibilləndiyindən, buraya kanalizasiya suları axıdıldığından indi ondan bəhrələnə bilmirik.
Cəmil Şirəliyev vurğuladı ki, arxa nə desən atırlar. Leşin, üfunətin iyindən adamın beyni çatlayır.
Samir Əliyev isə bizə bunları söylədi:
-Elə yerlər var arxa o qədər zibil atıblar ki, su axınının qarşısı alınır. Vaxtlı-vaxtında qazılmadığından arxı kol-kos basıb. Axırıncı dəfə arx 2017-ci ildə qazılıb.
Çingiz Nuriyev bildirdi ki, bu gün COVİD-19-un tüğyan etdiyi bir vaxtda arxın zibillənməsi insanların sağlamlığı üçün təhlükəlidir.
Biz belə nəticəyə gəldik ki, əlaqədar təşkilatlar nəzarət etmirlər, yoxlamırlar. Buna görə də su arxında sanitariya, ekologiya, ətraf mühitin mühafizəsi üzrə norma və qaydalar pozulur. Yaranmış vəziyyətin və acınacaqlı ekoloji durumun aradan qaldırılması üçün aidiyyatı qurumlar təcili tədbirlər görməlidirlər.
Elçin NƏSİB,
“Muganın səsi”