Kəndlinin məşğulluğunun səmərəsi artır
Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin aqrar islahatlar, bazar münasibətləri, yeni idarəetmə formalarına keçmək barədə irəli sürdüyü konkret vəzifələr, verdiyi müdrik və uzaqgörən tövsiyələr kəndlinin işini daha yaxşı qurmaq üçün sözün əsl mənasında proqram xarakteri kəsb etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramları ölkədə iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Bu gün kəndlinin məşğulluğunun səmərəsini artırmaq, onu əsl sahibkar kimi dirçəltmək üçün kənddə yeni dövlət siyasəti aparılır.
Bu gün regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün geniş imkanlar açılmışdır. Fərəhli haldır ki, torpaq adamları bunun mahiyyətini dərindən başa düşürlər. Onlar torpaqdan istifadə edərək özlərinə həyat qururlar. Dövrün şəraiti çərçivəsində iqtisadiyyatı da müəyyən dərəcədə inkişaf etdirirlər. İndi heç kəs kəndliyə komanda vermir. Necə bacarırsa, o cür də işləyir. Az da qazansa, əməyinin bəhrəsini yeyir, çox da. Kim istəməz ki, yaxşı işləyib, yaxşı da yaşasın. Fermerçilik belədir ki, bu zaman adamda torpağa sahiblik hissi güclənir. İnsan daha yaxşı işləməyə can atır. İndi bütün zəhmət adamları-torpağa əyilib-qalxan suçuya da, kətmən vurana da, mexanizatora da, başqa işçilərə də “məhsulun əsl sahibi sənsən” psixologiyası aşılanıbdır. Sabirabadın gəzdiyimiz kəndlərində bizə məlum olur ki, fermerlər arasında böyük rəqabət var. Rəqabət isə bazar iqtisadiyyatının əsas qanunudur. Hər bir fermer cəhd göstərir ki, az məsrəflə daha çox məhsul istehsal etsin. Bu gün yüksək məhsul istehsal edən fermer təsərrüfatlarının sayı getdikcə artır.
Moranlı kəndinin fermerləri məhz belələrindəndirlər. Onlar qiymətli bitki olan pambıq əkininin genişləndirilməsinə, məhsul istehsalının artırılmasına, onun əvvəlki şöhrətinin qaytarılmasına çalışırlar. Ötən il 2230 hektar sahədən 7540 ton pambıq istehsal edən torpaq mülkiyyətçiləri cari ildə daha yüksək göstəricilər uğrunda mübarizə aparırlar.
Bu günlərdə Moranlı kəndində fermer Vaqif Abbasovla həmsöhbət oldum. O, fermer təsərrüfatının üstünlüklərindən, pambıqçılığın əhəmiyyətindən, indiki işlərindən danışaraq dedi:
- Bəziləri belə hesab edirlər ki, guya pambığın yetişdirilməsində çox zəhmət tələb olunduğundan onu əkinçiliyin başqa sahələri ilə əvəz etmək lazımdır. Belələrinə cavab olaraq demək istəyirəm ki, əvvəla, zəhmətsiz başa gələn nemət yoxdur. İkincisi, gözəl ənənələrə malik olduğumuz pambıqçılıqdan imtina etmək adamların firavanlığını, xoş güzəranını bilə-bilə əlindən almaq deməkdir. Çünki pambıq bizi yedizdirir, dolandırır, geyindirir. Bir sözlə, o, milli sərvətimiz, əsas gəlir mənbəyimizdir. Bunu yaxşı başa düşən fermer təsərrüfatımızın əməkçiləri pambıqçılığın inkişafına xüsusi fikir verirlər.
Vaqif Abbasov daha sonra vurğuladı ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Ölkə rəhbəri aqrar sahədə çalışan digər əməkçilərlə yanaşı, pambıqçılara da diqqət və qayğı göstərir. Nəticədə yüksək nailiyyətlər qazanılır. 2019-cu ildə sahələrin hər hektarından 55 sentnerdən artıq pambıq istehsal etdiyimə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişəm. Bu il 24 hektar sahədə pambıq yetişdiririk. Su sarıdan çətinliyimiz vardır. İndi su təminatından çox şey asılıdır. Əgər su təminatı qaydasına düşərsə, 2019-cu ildəki rekordu təkrarlayacağıq. Hər hektardan 55 sentnerdən çox məhsul götürəcəyik.
Moranlı kəndinin fermerləri məhsul bolluğuna öz töhfələrini vermək üçün səy göstərirlər. Yaxşı bilirlər ki, ölkəmizin iqtisadiyyatının inkişafı, xalqımızın dolanışığı onların əməyindən də bilavasitə asılıdır.
E. NƏSİB,
“Muğanın səsi”