Prezident İlham Əliyev:
İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər.
Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq.
XXI əsrin 21-ci ilində görün nələrə əl atıblar. Qəzeti günahkar çıxarmaq üçün xüsusi əməliyyat - “Ы» ƏMƏLİYYATI hazırlayıb həyata keçiriblər, daha doğrusu gözə kül üfürməyə çalışıblar. Özü də çox savadsız, çox primitiv qaydada, “oğru elə bağırdı ki, doğrunun bağrı çatladı” yolunu tutublar. Belə yaramazlıqlar Prezident İlham Əliyevin hakimiyyətində keçmir. Doğru, dürüst olmaq gərəkdir. Daha yalan-palan, şər, böhtanlar yerimir. İş görmək, camaatın içində olmaq, onların qeydinə qalmaq vaxtıdır.
Heç şübhəsiz, onlar işçilərini qapı-qapı salıb, yalvarıb-yaxarıb şikayətçilərdən izahat alıb yuxarılara göndərməklə özlərini təmizə çıxarmaq istəyiblər.
Özünüzə əziyyət-filan verməyin. Xalqın gözü tərəzidir, hər şey – gördüyünüz və görmədiyiniz, başdansovdu apardığınız işlər göz qabağındadır...
Nöqsanları aradan qaldırmaq gərəkdir, narazıların kiçik bir hissəsindən“izahat” almaq yox. MSİ-in rəisi Mirəlif Əzizova məsləhət görərdik ki, işçiləri bu qaynar istilərdə ora-bura vurmasın, alçaltmasın. Çünki bu dəfəki şikayətçilərin audio və video yazıları var.
“Muğanın səsi” qəzetinin bu ilin 20 aprel 28-ci nömrəsində “Əkinlər susuz qalır, kanallar təmizlənmir...” sərlövhəli tənqidi yazı verilmişdi. Rayonun Qəzli kəndinin bir qrup sakininin redaksiyaya ünvanlanmış şikayət məktubu əsasında əməkdaşlar ərazidə olmuş, Qəzli və Yenikənd kənd sakinlərinin suvarma ilə bağlı şikayətləri mətbuat səhifəsinə çıxarılmışdı.
Qəzli kənd sakinləri Babək Əliyev, Fəyyaz Novruzov, Yadulla Şirvanov, Kamil Məmmədov, Şahin Rəhimov və Yenikənd kəndindən Rizvan Abışov, İbrahim Cəlilov, Gündüz Abbasov, Oqtay Şahbazov və başqaları kanalların vaxtlı-vaxtında lildən təmizlənməməsi, əkin sahələrinin suvarılması ilə əlaqədar narazılıqlarını ifadə etmişdilər.
Qeyd edək ki, həmin yaşayış məntəqələrinin suvarma işləri Melorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Mexaniki Suvarma İdarəsinin xidmətindədir. Xidmət narazılıq yaratdığından redaksiya olaraq tənqidi yazını tədbir görülmək üçün aidiyyəti olaraq Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərmişdik.
Belə yerdə deyiblər: Kimə arxayınsınız?!
ASC-dən cavab gözlədiyimiz halda Mexaniki Suvarma İdarəsinin rəisi Mirəlif Əzizovun imzası ilə Meliorasiya və Su Təsərrüfatı ASC-yə yazılmış və surəti bizə göndərilmiş 6 may 2021-ci il tarixli 104 saylı aşağıdakı məzmunda məktub aldıq (olduğu kimi dərc edirik): “Sabirabad Mexaniki Suvarma İdarəsinin bir qrup Yenikənd və Qəzli kənd sakinlərinin “Muğanın səsi” qəzetinə etdikləri müraciətlə əlaqədar bildirir ki, həmin kənddə olduq. Yenikənd və Quruzma SİB-lərin rəhbərlikləri ilə birlikdə onlarla görüşüb araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, “Muğanın səsi” qəzetinin müxbiri onlarla görüşərkən kənddə olan problemləri soruşub öyrənmək istəyib. Onlar isə kənddə olan problemlərin işıq, yol olduğunu bildirmişlər, suvarmadan isə heç bir şikayətləri olmadığını bildirmişlər”.
Məktuba Yenikənd kənd sakinləri Gündüz Abbasov, İbrahim Cəlilov, Rizvan Abuşov və Oqtay Şahbazovun izahatlarını da əlavə etmişdilər. Bu şəxslər rəisə yazdıqları izahatda deyiblər ki, “suvarma idarəsindən heç bir narazılığımız yoxdur, bu “Suqovuşan” qəzeti işçilərinin yanlış günahıdır...”.
Kanallar vaxtlı-vaxtında lildən təmizlənmir, əkinlər susuz qalır və Mirəlif Əzizov telefon zənglərinə cavab vermir... Olanları yazmaq nə vaxtdan günah hesab edilir?
Haram malla haca gedənlər, saxta yollarla var - dövlət sahibi olanlar, hər şəhərdə imarət quranlardır əsl günahkar! Həm Allah, həm də dövlət qarşısında.
Bu izahatlardan görünür ki, vətəndaşlara üzrxahlıq izahatları yazdıran MSİ-nin baş mühəndisi Vahid Əhmədov və Quruzma, Yenikənd SİB-lərin sədrləri sözügedən “Ciddi siqnal”lı oxumayıblar, əgər elə olsaydı heç olmasa qəzetin adını düz yazdırardılar.
Qoy bilsinlər ki, artıq bir ilə yaxındır ki, “Suqovuşan” adlı qəzet yoxdur, “Muğanın səsi” çıxır, özü də həftəlik. Qəzetin “muganinsesi.az” internet saytı və “STV” televiziyası fəaliyyət göstərir.
Elə bu günlərdə həmin televiziyada (STV-də) Qəzli kənd sakini Soltan Muradov Mexaniki Suvarma İdarəsinə meydan oxudu. Sizin yaratdığnız su dərdindən əkin əkə bilməməsindən haray saldı. Tez-tələsik kanalı da qazdınız, bol su da verdiniz. Bəs yazdırmısınız ki, “hər şey qaydasındadır, suda problem-zad yoxdur”.
Bəs görəsən işlərini “cici” bilib mediayaya “buynuz” göstərmək istəyən MSİ-in “özündənrazılar”ı kimə arxayındırlar. Prezidentimizin təbirincə desək, hər bir vəzifəli şəxs ancaq özünə, vicdanlı işinə arxayın olmalı, prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir.
Anlamaq olmur!
Əgər hərə öz işinə, o cümlədən Mexaniki Suvarma İdarəsi özü - özünə qiymət verib yaxşı deyəcəksə, bəs onda digər nəzarətçi qurumlar, həmçinin media nəyə gərəkdir?!
Qəzlililəri yalana məcbur edə bilmədilər
Qəzli kəndindən söz düşmüşkən, Mexaniki Suvarma İdarəsinin başbilənləri bəs görəsən Qəzli sakinlərindən niyə üzrxahlıq izahatları ala bilməyiblər. Axı tənqidi yazıda ən çox susuzluqdan şikayətlənən məhz qəzlililər olublar. Rəisin diqtəsi ilə baş mühəndis Vahid Əhmədov başda olmaqla Yenikənddə olduğu kimi, onların da hər birinin evinə ayaq döyüblər, xahiş ediblər, minnətçi salıblar. Ancaq qəzlililəri dediklərindən döndərə bilməyiblər, yəni yalana məcbur edə bilməyiblər...
Qəzli kənd sakini Fəyyaz Novruzov : “Neçə dəfə Vahid, SİB İlham bizə də gəldilər, dedilər izahat ver ki, bizdən, sudan narazılığın yoxdu, qəzetin işçiləri özlərindən yazıblar. Dedim bilirsiz nə var, demişəm, düz demişəm. Kanallarımız bərbaddır, gedin kanalları atdırın, təmir etdirin. Pay torpaqlarımıza su getmir, onu təşkil edin. Günah danışmamışam ki, düz danışmışam, olanı demişəm...”.
Daha yalan-palan keçmir
XXI əsrin 21-ci ilində görün nələrə əl atıblar. Qəzeti günahkar çıxarmaq üçün xüsusi əməliyyat - “Ы» ƏMƏLİYYATI hazırlayıb həyata keçiriblər, daha doğrusu gözə kül üfürməyə çalışıblar. Özü də çox savadsız, çox primitiv qaydada, “oğru elə bağırdı ki, doğrunun bağrı çatladı” yolunu tutublar. Belə yaramazlıqlar Prezident İlham Əliyevin hakimiyyətində keçmir. Doğru, dürüst olmaq gərəkdir. Daha yalan-palan, şər, böhtanlar yerimir. İş görmək, camaatın içində olmaq, onların qeydinə qalmaq vaxtıdır.
Heç şübhəsiz, onlar işçilərini qapı-qapı salıb, yalvarıb-yaxarıb izahat alıb yuxarılara göndərməklə özlərini təmizə çıxarmaq istəyiblər.
Özünüzə əziyyət-filan verməyin. Xalqın gözü tərəzidir, hər şey – gördüyünüz və görmədiyiniz, başdansovdu apardığınız işlər göz qabağındadır...
Ancaq...Insafla deyək ki, yazdıqlarımızdan sonra Qəzli və Yenikənddə kanalların böyük bir hissəsi lildən təmizlənib. Doğrudur, bəzi kanallarda işlər başdansovdu aparılıb, dayaz qazılıb. Amma görülən bu işlər az da olsa bir uğurdur.
Bəs onda xahiş edib, minnətçi salıb narazılardan “izahat” almağa nə ehtiyac var idi? Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Belə bir şəraitdə olmayanı olan kimi qələmə vermək kimə lazım idi?! Bu sualın cavabını Mexaniki Suvarma İdarəsinin rəisi Mirəlif Əzizov daha yaxşı bilir. Yəqin ki, ondan bunu soruşan tapılar!
HAŞİYƏ:
Mexaniki Suvarma İdarəsinin xidməti ərazisində olan Quruzma İnzibati Ərazi Dairəsində birləşən Qəzli və Yenikəndlə qonşu olan Quruzma, Kovlar və Qaraqaşlıda da vəziyyət ürəkaçan deyil. Camaat haqlı olaraq kanalların vaxtlı-vaxtında təmizlənməməsindən şikayətlənirlər. Üstəlik Quruzma kənd sakini Taqif Abbasov bizimlə söhbətində dedi ki, “hər il su pulu verməyimizə baxmayaraq, kanalları cibimizin pulu ilə qazdırırıq. Hərədən ən azı 10 manat. Məndən də istədilər ancaq imkanım olmadığına görə verə bilmədim”.
Qaraqaşlı kənd sakini Laçın Qubadov da həmin fikirləri təsdiq etdi, dedi ki, bizdə də elədir.
Mexaniki Suvarma İdarəsinin görəcəkləri işlər çoxdur. Quruzma, Qaraqaşlı, Kovlar, Bulduq, Ulacalı, Mürsəlli, Axtaçı-Muğan, Güdəcühür, Qaratuğay və digər kəndlərdən suvarma ilə bağlı çoxsaylı vətəndaş şikayətləri alırıq.
Nöqsanları aradan qaldırmaq gərəkdir, narazılardan “izahat” almaq yox. MSİ-in rəisi Mirəlif Əzizova məsləhət görərdik ki, işçiləri bu qaynar istilərdə ora-bura vurmasın, alçaltmasın. Çünki bu dəfəki şikayətçilərin hər birinin audio və video yazıları var.
“Muğanın səsi”
P. S. Dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında çalışan hər bir vəzifəli şəxs vətəndaşların gündəlik problemlərinin həllinə çalışmalı, insanların güzəranını yaxşılaşdırmağa səy göstərməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi: "Əsas odur ki, sözlə əməl arasında birlik olsun, görülən tədbirlər nəticəsində irəliləyiş olsun. Bu irəliləyiş təkcə iqtisadi göstəricilərdə yox, eyni zamanda insanların gündəlik həyatında öz əksini tapsın. Əgər belə olarsa, onda Azərbaycan xalqı daha da yaxşı, firavan yaşayacaqdır. Bizim də məqsədimiz bundan ibarətdir ki, insanlar yaxşı yaşasınlar, zəngin yaşasınlar, sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşasınlar".
Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi müxtəlif müşavirə və görüşlərdə vətəndaşların problemlərinə qayğı və diqqətin artırılması, neqativ halların aradan qaldırılması, xüsusilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıq və tövsiyələrindən sonra vətəndaşların həm dövlət orqanlarına, həm də kütləvi informasiya vasitələrinə, o cümlədən bizim qəzetə ünvanladıqları müraciətlərin sayı artmışdır.
Bizə ünvanlanan vətəndaş müraciətlərinin bir qismində suvarmada mövcud problem və çətinliklərin aradan qaldırılmasına kömək istənilirdi. Biz də qəzetdə dərc olunmuş və “muganinsesi.az” saytında verilmiş tənqidi yazıları aidiyyatı olaraq həmin təşkilatların baş idarələrinə göndərərək görüləcək işlər barədə cavab istəmişik.
Təəssüf ki, qəzetin 20 aprel 2021-ci il tarixli 28-ci nömrəsində dərc edilmiş “Əkinlər susuz qalır, kanallar təmizlənmir...” adlı “Ciddi siqnal”a baxılma müddəti bitsə də bu günədək Meliorasiya və Su Təsərrüfatı ASC-dən cavab almamışıq. Gözləyirik...
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də videoformatda qəbul edərkən yeni Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun “Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm və Vətənimiz üçün, ölkəmiz üçün canla-başla çalışacağam”,- dediyi fikirlər bizdə tam əminlik yaradır ki, bu istiqamətdə əsaslı işlər görüləcək, oxucularımıza da tutarlı cavab veriləcəkdir.
Qeyd:
Qəzetdə və həm də qəzetin internet səhifəsində verilmiş tənqidi yazıda kanalların lildən təmizlənməməsini səkillərlə də göstərmişdik. Nədənsə, bu şəkilləri MSİ görməməzlikdən keçib. Bu dəfə də həmin şəkilləri veririk. Diqqətlə baxın!