• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir

  • 22.02.2021, 13:01, Baxış sayı:
  • 443
Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını  prioritet məsələ hesab edir
Vətəndaş müraciətlərinə baxılmasına və məmur-vətəndaş münasibətlərinə impuls verən “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbləri “MKT-İK” MMC-də, Sabirabad Elektrik Şəbəkəsində və DSMF-nin 4 saylı ərazi filialında diqqətdən kənarda qalıb

Azərbaycan Prezidenti ölkənin demokratik təsisatlarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitusiya hüquqlarını daha yaxşı təmin etmək üçün Ulu Öndər Heydər Əliyevin başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu baxımdan “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununu və bu qanunun tətbiqi barədə Prezidentin 12 noyabr tarixli Fərmanını xüsusi qeyd etməliyik. Azərbaycan Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış bu qanun müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq vətəndaşların müraciətlərinə baxılmasında tələbkarlığın artırılmasına, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, həmçinin 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı”nın daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilmişdir.
Vətəndaşların müraciətlərinə baxılmasında dövlətimizin əsas prinsipi odur ki, hakimiyyətin bütün pillələrində hər bir insanın problemi mahiyyəti üzrə və qanunla müəyyən edilmiş müddətdə həll olunsun.
Dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında çalışan hər bir vəzifəli şəxs vətəndaşların gündəlik problemlərinin həllinə çalışmalı, ölkə rəhbərliyinin həyata keçirdiyi böyük layihələr nəticəsində yaranmış iqtisadi potensialdan istifadə edərək insanların güzəranını yaxşılaşdırmağa səy göstərməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi: "Əsas odur ki, sözlə əməl arasında birlik olsun, görülən tədbirlər nəticəsində irəliləyiş olsun. Bu irəliləyiş təkcə iqtisadi göstəricilərdə yox, eyni zamanda insanların gündəlik həyatında öz əksini tapsın. Əgər belə olarsa, onda Azərbaycan xalqı daha da yaxşı, firavan yaşayacaqdır. Bizim də məqsədimiz bundan ibarətdir ki, insanlar yaxşı yaşasınlar, zəngin yaşasınlar, sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşasınlar".
2020-ci ili Zəfər ili kimi, ölkənin hərtərəfli inkişafı ili, vətəndaşların problemlərinə və qayğılarına diqqətin artırılması ili kimi də səciyyələndirmək olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi müxtəlif müşavirə və görüşlərdə vətəndaşların problemlərinə qayğı və diqqətin artırılması, neqativ halların aradan qaldırılması, xüsusilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıq və tövsiyələrindən sonra vətəndaşların həm dövlət orqanlarına, həm də kütləvi informasiya vasitələrinə, o cümlədən bizim qəzetə ünvanladıqları müraciətlərin sayı artmışdır.
Bizə ünvanlanan vətəndaş müraciətlərinin bir qismində “MKT-İK” MMC-dən (İdarə Heyətinin sədri Rövşən Həsənov), Sabirabad Elektrik Şəbəkəsindən (müdir Bəhruz Tağızadə) və DSMF-nin 4 saylı ərazi filialından (direktor Kamal Cəfərov) kömək istənilirdi. Biz də həm qəzetdə dərc olunmuş və “Muganinsesi.az” saytında verilmiş, həm də bizə ünvanlanmış vətəndaş müraciətlərini aidiyyatı olaraq həmin təşkilatlara göndərərək görüləcək işlər barədə cavab istəmişdik.
Təəssüf ki, qəzetin 24 noyabr 2020-ci il tarixli 24-cü nömrəsində dərc edilmiş “MKT İstehsalat Komersiya” MMC-nin Sabirabad filialının pambıq qəbulu məntəqələrində özbaşınalıqdır. Həm nəmlik və həm də zibillik adı altında məhsulumuzu yarıyaqat etdilər” adlı Şəhriyar kəndinin bir qrup sakininin müraciətinə bu günədək cavab almamışıq.
Rayon Elektrik Şəbəkəsi elə bil ərizə və şikayətlərə biganədir. Əgər belə olmasaydı qəzetin 17 noyabr 2020-ci il tarixli 23-cü nömrəsində dərc edilmiş “Yağış yağanda, külək əsəndə kəndimizin qara günləri başlayır” sərlövhəli Əhmədabad kəndinin bir qrup sakininin şikayətinə və 24 noyabr 2020-ci il tarixli 24 -cü nömrəsində “Ulacalı qəsəbələrində həyat donub” sərlövhəli tənqidi yazıya diqqət yetirib bizi cavablandırardılar. Həmin təşkilata tədbir görülməsi üçün nəzarət qaydasında göndərdiyimiz Sabirabad şəhər sakini İntizam Səmidovun və Bulduq kənd sakini Adil Rzayevin ərizələrinə də bu günədək laqeydlik göstərilmiş və cavab veriməmişdir.
DSMF-nun Sabirabadda yerləşən 4 saylı ərazi filialı da vətəndaş müraciətlərinə seyrçi yanaşmışdır. Hələ ötən ilin dekabrın 11-də nəzarət qaydasında həmin təşkilata göndərdiyimiz Sabirabad şəhər sakinləri Reyhan Rüstəmovanın, Minayə Hüseynovanın və Qalağayın kənd sakini Rövşən Nəsibovun ərizələri üstündən 2 aydan çox vaxt keçməsinə baxmayaraq cavabsız qalmışdır. Unutmayın ki, şikayət vətəndaşın narahatlığıdır, bu, məmurları daha çox narahat etməlidir
Yuxarıda adları qeyd olunan vəzifəli şəxslər "Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə daha ciddi riayət etməli, qanunda göstərilən əsas vəzifələrindən birini - vətəndaşların müraciətlərinə vaxtında baxmaq və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək vəzifəsini layiqincə yerinə yetirməlidirlər.
Ölkə rəhbərinin vətəndaş müraciətlərinə prinsipial mövqeyini hamı yaxşı bilir. Cənab Prezident bu mühüm işə biganəliyə yol verən dövlət qulluqçuları və məmurlar barədə ciddi tədbirlər görüləcəyini dönə-dönə bildirib.
İndi fikirləşin, nəticə çıxarın.

“Muganın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter