Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı dinamik inkişafdadır
- 29.07.2021, 10:03, Baxış sayı:
- 529
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının dinamik inkişafı, sözügedən yöndə əldə edilən uğurlar ölkəmizin xarici siyasətində xüsusi yer tutan bu mühüm prioritet istiqamətə xüsusi önəm verilməsinin məntiqi nəticəsidir. Respublikamız ilə Avropa İttifaqı arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edib, bu beynəlxalq təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Respublikamız Avropa bazarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçı kimi tanınıb və yaxın zamanda ölkəmizin Avropa İttifaqına üzv dövlətləri təbii qazla da təchiz edəcəyi nəzərdə tutulub. Azərbaycanda Avropa İttifaqı ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb.
Prezident İlham Əliyevin və Şarl Mişelin iyulun 18-də Bakıda keçirilən birgə mətbuat konfransında Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rola xüsusi diqqət yetirilərək bildirilib ki, Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard ABŞ dolları həcmində ümumi investisiya qoyuluşu reallaşdırılıb və bu, Azərbaycanla adı çəkilən təşkilatın iqtisadi-siyasi əlaqələrinin daha da dərinləşməsini gerçəkləşdirib. Ötən illər ərzində enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması, 2020-ci ilin sonunda isə onun sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, gələcəkdə Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artırılacaq.
Ş.Mişelin Azərbaycanın regionlarına da səfər etməsi, Şamaxıya getməsi, Cümə məscidini ziyarət etməsi də diqqət çəkdi. Bu, Avropa İttifaqı Şurası Prezidentinin Azərbacan xalqının dəyərlərinə, İslam dininə hörmətinin göstəricisidir. Bununla yanaşı, Şarl Mişel Azərbaycana səfəri çərçivəsində ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə tanış oldu: “Azərkosmos” ASC-ni ziyarət etdi, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatda iştirak etdi və s. Şarl Mişel çıxışında “Dağlıq Qarabağ”, status və bu kimi ifadələr işlətmədi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri “mübahisə” adlandırdı. Bu, Aİ-nin 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşdüyü və regionla bağlı siyasətində bu reallığı nəzərə aldığı deməkdir. Mişelin nitqində bu mövqe aydın hiss olunurdu.
Şamama ƏBİLOVA,
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul işçisi