Tərəflər arasında yaxşı iqtisadi imkanlar mövcuddur
- 29.07.2021, 10:07, Baxış sayı:
- 489
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən illər ərzində Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan ilə Avropa İttifaqı arasında möhkəm təməllərə əsaslanan əməkdaşlıq qurulub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri çərçivəsində bu əməkdaşlığın şaxələndirilməsi imkanları da müzakirə edildi. Avropa İttifaqının üçdəbir hissəsini təşkil edən 9 üzv dövlətlə Azərbaycanın tərəfdaşlıq haqda ikili formatda sazişləri, bəyannamələri mövcuddur. Azərbaycan Cənubi Qafqazın iqtisadiyyatının 70 faizini özündə cəmləşdirməklə hazırda Azərbaycanda Avropa İttifaqına üzv olan dövlətlərdən 1700-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycanla Aİ arasında əməkdaşlığın əsasını ticarət sahəsi təşkil edir ki, bu da Azərbaycanın xarici ticarətinin 40 faizini təşkil edir. Bu da öz növbəsində Cənubi Qafqaz ölkələri arasında ən yüksək göstəricidir.
Avropa İttifaqı Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, rəsmi Bakının mövqeyini və ikitərəfli əlaqələrin inkişaf perspektivlərini düzgün qiymətləndirir. Şarl Mişel münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə danışması bunu bir daha təsdiqlədi. O da faktdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Aİ-nin üçdəbiri, yəni, 9 dövlətlə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
Tərəflər arasında əməkdaşlığı dərinləşdirmək üçün yaxşı iqtisadi imkanlar mövcuddur. Qarabağ münaqişəsinin həlli isə bu imkanları daha da artırır. Azad edilmiş ərazilərin xarici sərmayədarlar üçün bir çox sahələr üzrə - bərpa olunan enerji mənbələri, aqrar, turizm də daxil olmaqla cəlbediciliyi artmaqdadır. Avropa İttifaqı da bölgədə dayanıqlı sülhü və regional əməkdaşlığı möhkəmləndirmək üçün bütün səyləri dəstəkləyir. İkinci Qarabağ müharibəsindən sonra - ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb. İndi əsas məsələ bundan ibarətdir ki, Ermənistanın heç bir halda bu prosesə mane olmaq potensialı qalmayıb.
Avropa İttifaqı rəsmisinin səfəri zamanı diqqətçəkən məqamlardan biri də Şarl Mişelin Bakıda keçirdiyi görüşlərdə “Dağlıq Qarabağ”, “status” və bu kimi digər ifadələr işlətməməsi, hətta Ermənistanla Azərbaycan arasında hazırkı bəzi məsələləri “mübahisə” adlandırması oldu. Bu, onu deməyə əsas verir ki, Avropa İttifaqı Vətən müharibəsindən sonra yaranmış yeni reallığı qəbul edir və regionla bağlı siyasətində bu reallığı nəzərə alır.
Nazim CƏFƏROV,
Qalağayın kənd həkim məntəqəsinin müdiri