Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikanın qarşılaşdığı iqtisadi çətinliklərin həlli yollarından biri potensial resurs kimi məhz neft və qaz hasilatını artırmaq oldu. Ölkənin maliyyə vəsaitinin məhdudluğu şəraitində neft sektorunun inkişafı üçün xarici şirkətləri sərmayə qoyuluşuna cəlb etmək vacib hesab olunurdu. Hələ 1872-ci ildə ilk dəfə Nobel qardaşları Bakıda neft şirkəti yaratmışlar. Bununla da Azərbaycanda neft və neft məhsullarından istifadə etmək üçün xarici ölkələrin şirkətləri, xarici kapital axını başlamışdır. Sonradan Azərbaycanda xarici ölkələrin neft şirkətləri ilə yanaşı, yerli sahibkarlar da meydana gəlmişdir. Bakı neftinin çıxarılması, emalı və nəqli üçün çox böyük işlər görmüşlər. Belə ki, həmin dövrlərdə Azərbaycan nefti xarici şirkətlərə və yerli sahibkarlara böyük mənfəət gətirmişdir. Azərbaycanda böyük sahibkarlar meydana çıxmışdır ki, onlar külli miqdarda mənfəət əldə etmişlər.
Respublika iqtisadiyyatında müşahidə edilən sürətli inkşaf prosesləri xarici-iqtisadi əlaqələrdə də təzahür olunur. Xarici-iqtisadi əlaqələrin əsas göstəricilərinin təhlili beynəlxalq iqtisadi inteqrasiya proseslərinin sürətləndiyini göstərir. Xarici-iqtisadi əlaqələrin coğrafiyasının və idxal-ixrac əməliyyatlarının regional struktrunun dinamik şəkildə dəyişikliyi müşahidə edilir. Ixracın artımında neft sektoru müstəsna rol oynayır, lakin bununla yanaşı xarici-iqtisadi əlaqələrin genişlənməsi qeyri-neft sektoru üzrə ixrac potensialından istifadə üçün də geniş imkanlar açır. Neft sahəsi, maraqların kəsişdiyi, təbii sərvətin istifadəsində ayrıayrı subyekt və obyektlərin iştirak payının nəzərə alınmasını, daha çox perspektiv inkişaf problemləri ilə bağlı olan təsərrüfat fəaliyyəti olmaqla, özünəməxsus göstəricilər sistemi amillərini və tənzimləmə metodlarını tələb edir. Neft sahəsinin əsas iqtisadi mənası onun ümumi daxili məhsulun formalaşmasında, investisiya qoyuluşlarının istifadəsində, əməyin xarakteri və məzmununun formalaşmasında özünəməxsus xüsusiyyətlər kəsb edir.
Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib. Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması dövlətin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Respublikamızın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib.
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı yüksəlib, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz fəal fəaliyyət göstərməyə başlayıb. Bununla yanaşı, Yaxın Şərq, ABŞ və Asiya ölkələri ilə də əməkdaşlığımız genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan hazırda beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqı (Aİ), İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digərləri ilə sıx əməkdaşlıq edir. Dövlət başçısı tərəfindən müəyyən olunan Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə səmərəli və davamlı əməkdaşlığın inkişaf etdirilməsidir.
Etibar Muradov,
Sabirabad rayonu, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı