Yaxın günlərdə Lütfiyar İmanovun ailə üzvləri - oğlu Rafiq İmanov, qızı Yavər Rəsulova və nəvəsi Nahid Rəsulov Sabirabad Regional Mədəniyyət İdarəsinin və muzeyin qonağı olmuş, Lütfiyar İmanova məxsus 200-dən artıq şəxsi əşyaları və arxiv sənədlərini muzeyə hədiyyə etmişlər.
İllərdir ki, muzeyimizdə “Sabirabadın yetirmələri” mövzusunda keçirdiyimiz tədbirlər artıq bir ənənə şəklini almışdır. Bu mövzunun davamı olaraq növbəti onlayn formatda keçirilən tədbir Sabirabadda doğulub boya başa çatmış, dünya şöhrətli müğənni klassik opera sənətinin parlaq ulduzu, SSRİ və Azərbaycan SSR-in xalq artisti, “İstiqlal ”ordenli, dünyanın bir çox ölkələrinin mötəbər salonlarından Azərbaycan mədəniyyətini daim layiqincə təmsil edən, gözəl pedaqoq, səmimi insan Lütfiyar İmanova həsr olunmuşdur.
“Qəlblərə səslənən səs” onlayn komfrans Lütfiyar İmanovun anadan olmasının 93- cü ildönümü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsi və rayon tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə keçirilmışdir.
Konfransı giriş sözü ilə muzeyin direktoru “Əməkdar Mədəniyyət İşçisi” Şükufə Əsgərova açaraq 80 illik ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin inkişafına həsr etmiş görkəmli sənətkarın qazandığı uğurlar və əldə etdiyi nailiyyətlər barədə məlumat vermişdir.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək Lütfiyar İmanovun Azərbaycan və dünya mədəniyyətində tutduğu yerdən, əvəzsiz xidmətlərindən, zəngin yaradıcılıq irsindən danışmış, yeni sənətkarlar nəsli üçün örnək olduğunu vurğulamışdır.
Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti baçşısının birinci müavini Həsən Həsənov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Respublikasının Əməkdar artisti Bəsti Sevdiyeva, Azərabaycan Dövlət Musiqi Mədəniyyəti muzeyinin fond muhafizi Sevinc Əliyeva çıxış edərək Lütfiyar İmanovla bağlı xatirələrini, ürək sözlərini iştirakçılarla bölüşmüşlər. Sonra məşhur sənətkarın oğlu Rafiq İmanov atası ilə bağlı xoş təəssüratlarından danışmış və tədbirin təşkilatçılarına təşəkkür və minnətdarlığını bildirmişdir.
Konfransda mədəniyyətimizə, incəsənitimizə töfhələr verən görkəmli sənətkarın rayonumuzda adının əbədiləşdirilməsi və onun zəngin irsinin gələcək nəsillərə çatdırılması istiqamətində daha geniş miqyaslı tədbirlərin keçirilməsi ilə bağlı təkliflər səsləndirilmişdir.
Tədbirin bədii hissəsində Lütfiyar İmanovun tələbəsi, tanınmış opera sənətçisi İlham Əsgəroğlunun və Sabirabad şəhər uşaq Musiqi məktəbinin müəllimi Sərxan Baxşıyevin ifasında Lütfiyar İmanovun repertuarından səslənən musiqilər xoş ovqat yaratmışdır.
Konfransdan öncə görkəmli sənətkar Lütfiyar İmanovun yarım əsrlik səhnə fəaliyyətini əks etdirən “Səhnələr fenomeni” adlı sərgiyə baxış keçirilmişdir. Sərgidə dünya şöhrətli muğənniyə məxsus şəxsi sənədlər, təltiflər, not kitabları, vallar, disklər, səhnə geyimləri, qrim ləvazimatları, özünün çəkdiyi rəsm əsərləri, oynadığı obrazların foto-şəkilləri və s.eksponatlar nümayiş etdirilmişdir.
Şəfəq ƏHMƏDOVA,
Tarix - Diyarşünaslıq
Muzeyinin əməkdaşı