44 günlük şanlı Vətən müharibəsində qəhrəmanlıq, şücaət göstərib, torpaqlarımızın azadlığı uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə əbədi yazdıran hərbi qulluqçumuz müqəddəs zirvənin fatehləri kimi tarixə düşdü. Onlar Vətən yolunda, torpaq yolunda, xalq yolunda şəhid oldular, insan mənəviyyatının ən yüksək zirvəsinə çatdılar. Şəhidlərimiz Vətənə sevginin, məhəbbətin, vətənpərvərliyin, yüksək mənəviyyatın ən gözəl nümunələridir. Onlar ölümün gözünə dik baxaraq qorxmadan, cəsarətlə Vətənimizi, torpaqlarımızı qorudular, amansız, vəhşi düşmənlə mübarizədə əsl qəhrəmanlıq, rəşadət göstərdilər.
Belə igidlərdən biri də Mirzəyev Eltun Vüqar oğlu idi. O, 1998-ci il yanvarın 2-də Sabirabad rayonun Qaraağac kəndində anadan olub. 2014-cü ildə Qaraağac kənd tam orta məktəbini bitirib. Bir müddət əmək fəaliyyəti ilə məşğul olub. Sonra Vətən qarşısında əsgəri borcunu yerinə yetirib.
II Vətən müharibəsi başlayanda Eltun birincilər sırasında orduya yazılıb. Sentyabrın 29-da könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə sücaət göstərib.
Atası Vüqar Mirzəyevin dediklərindən:
-Müharibədən öncə Tovuz rayonunun kəndlərinə mənfur ermənilər atəşkəsi pozaraq güllələr yağdırırdılar. Bu zaman Eltun xəbərimiz olmadan rayon hərbi komissarlığına gedərək könüllü döyüşə getmək istədiyini bildirmiş və adını könüllülər sırasına yazdırmışdı. Həmin vaxtlar onu aparmamışdılar. İkinci Qarabağ müharibəsi başlayanda yenə müraciət etmişdi. Bu dəfə müraciəti qəbul olundu. Müharibəyə yola düşəndə özünə maşın almaq üçün yığdığı xeyli pulu bizə verdi. Dedi ki, salamat qayıtsam, gələn kimi maşın alacam. Qismət olmadı. Evimin dirəyi idi Eltun.
Həmsöhbət olduğum kənd sakinlərindən biri deyirdi ki, onu kənddə hamı çox istəyirdi. Eltun Vüqarın oğlu yox, hamımızın oğlu idi. El-obasının əsl təssübkeşi idi.
E.Mirzəyev Qubadlı uğrunda gedən döyüşlərin birində - oktyabrın 30-da şəhid oldu. Eltun ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayıl” və “Qubadlı” uğrunda medalları ilə təltif edilib.
Şəhidlər Allahın cənnət mələkləridir. Məkanin cənnət olsun, Eltun!
Rauf QARAYEV,
“Muğanın səsi”