Şəhidlərimiz. Elgiz özündən sonrakı nəsillərə örnək oldu...
- 19.03.2021, 08:09, Baxış sayı:
- 878
Facebook
Вконтакте
Одноклассники
Google+
İnsan öz ömrünü adi bir həyat tərzi kimi də yaşaya bilər, heç bir iz qoymadan dünyadan gedər. Amma Sabirabad rayonunun Cavad kəndindən olan Elgiz Fuad oğlu Abbaslı adi ömür yaşamadı. Qısa ömrü ilə şəhidlik zirvəsinə ucalaraq ölümsüzləşdi, əbədiyyətə qovuşdu. Özündən sonrakı nəsillərə örnək oldu...
Elgiz Abbaslı 1998-ci il mayın 21-də anadan olmuşdu. N.Nərimanov adına 2 saylı Sabirabad şəhər tam orta məktəbini bitirmişdi. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılan Elgiz, əsgərliyini Tərtər rayonunda yerləşən “N”saylı hərbi hissədə düşmənlə üzbəüz mövqedə keçirmişdi...
Elgiz Abbaslı hərbi xidmətdən qayıtdıqdan sonra Sabirabad şəhərində fəaliyyət göstərən iri mağazada çalışırdı. Ailənin yeganə oğlu, iki bacının bir qardaşı olan Elgiz hələ ailə həyatı qurmamışdı. Böyük arzuları vardı.
Elgizi görən, tanıyan deyir ki, vətənpərvər oğul idi...Onun atası da Birinci Qarabağ savaşında iştirak etmişdir.
Vətənin dar günündə düşmənə qarşı qəlbində qəzəb hissi olan bu gənc ötən il Vətən müharibəsinin elə ilk günlərindən cəbhəyə yola düşmüşdü...
Elgizin döyüş yolu Füzuli rayonu ərazisindən başlamışdı. Sonradan Cəbrayıl və Hadrut uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişdi. Şahidi olanlar danışırlar ki, Elgizgil Cəbrayıl yolunun üstündə içində iyirmi yeddi hərbi qulluqçu olan iki zirehli maşınla düşmənin pusqusuna düşərək ağır atəşə məruz qalmışlar. Bu zaman düşmən atəşi ilə vurulan birinci maşındakı əsgər yoldaşlarına kömək etmək üçün Elgiz özünü birinci irəli atmışdır Maşından iki nəfəri xilas edərək kənara çıxarıb növbəti yaralıların ardınca gedərkən partlayan mərmi nəticəsində şəhidlik zirvəsinə yüksəlmişdir.
Elgiz Abbaslı ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!
Elçin NƏSİB
“Muğanın səsi”