“Onun üçün Vətən eşqi hər şeydən qiymətli idi”
Şərhədlərimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması naminə canlarını qurban vermiş şəhidlərimiz həm nisgilimiz, kədərimiz, həm də qürur yerimiz, fəxrimizdir.
İkinci Qarabağ müharibəsində şəhid olmuş oğullarımızdan biri də 24 noyabr 1986-cı ildə Minbaşı kəndində anadan olmuş Hümbətov Şahin Ərcivan oğludur.O, ilk təhsilini Şirvan şəhər 3 saylı tam orta məktəbdə almış, sonra isə Qaraağac kənd tam orta məktəbində təhsilini davam etdirərək buranın məzunu olmuşdur. 2005-2006-cı illərdə hərbi xidmət keçmiş, 2012-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində kurs keçərək sürücü-mexanik peşəsinə yiyələnmişdir. Elə həmin vaxtdan da müxtəlif hərbi hissələrdə əvvəlcə sürücü, sonra isə hərbi tibb məntəqəsində sanitar-sürücü kimi fəaliyyət göstərmişdir. İşlədiyi illərdə məsuluyyəti, peşəkarlığı ilə komandirlərinin rəğbətini qazanmışdir. Yaxşı işinə görə kiçik çavuş Şahin Hümbətov dəfələrlə Fəxri fərman və Milli Ordunun yaranmasının 95, 100 illik yubiley medalları ilə təltif edilmişdir.
Şahin ötən ilin sentyabrın 26-dan müharibəyə yollanmışdı. Döyüş yoldaşlarının dediyinə görə o, mehriban olduğu qədər cəsur olub. Gözlərində ölüm qorxusu olmayıb. Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə xüsusi şücaət, rəşadət, fədakarlıq göstərib. O, öz vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, hətta yaralı silahdaşlarının yaşaması naminə yerindəcə lazımi tibbi xidmət göstərmişdir. Belə ki, onun təxliyə etdiyi əsgərlərin həyatında ağırlaşmalar baş verməmiş, hərbi hospitallara vaxtında çatdırılması üçün özünü belə ölüm təhlükəsi qarşısında qoymuşdur.
Vətəninə bağlı, onu canından çox sevən, Vətən eşqi ilə alışıb yanan Şahin döyüş yoldaşları və komandanlıq arasında böyük hörmət qazanmışdır.
Həyat yoldaşı Gülnar xanım Şahinlə bağlı son günlərini belə xatırlayır:
- Şahin ailəcanlı idi. Bizimlə tez-tez əlaqə saxlayırdı. Haminin halını soruşardı. Şəhid olmamışdan bir neçə saat əvvəl yenə zəng etdi. Əhvalımızı soruşdu. Sanki ölüm kabusunun yaxınlıqda olduğunu hiss etmişdi. Qısa danışdı və son cümləsini bu kəlmələrlə yekunlaşdırdı: “Qələbəyə az qalıb, bizim qarşımızda heç kəs dayana bilməz. Arxamızda cənab İlham Əliyev kimi Ali Baş Komandanımız var. Yaxın günlərdə görüşəcəyik. Qələbə bizimlədir. Məni fikirləşməyin. Vətən üçün ölməyə hər birimiz hazırıq. Özünü və uşaqları qoru. Onun üçün Vətən eşqi hər şeydən qiymətli idi. Bizim o qədər arzularımız var idi ki...Bütün xəyallarım Şahinlə getdi. Hazırda bir arzum var, Şahinin adının əbədiləşdirilməsi”.
Mərd eloğlumuz Şahin Hümbətov oktyabrın 26-da yaralıların təxliyəsi üçün köməyə gedən zaman özü ilə birlikdə üç nəfər də tank əleyhinə minaya düşərək şəhid olur. Yalnız üç gündən sonra - oktyabrın 29-da Qaraağac kənd qəbirstanlığında torpağa tapşırılır.
Şahin Ərcivan oğlu Hümbətov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Rauf QARAYEV