• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhidlərimiz. “Azərbaycan bayrağı” ordenli qəhrəman

  • 13.03.2021, 08:27, Baxış sayı:
  • 775
Şəhidlərimiz. “Azərbaycan bayrağı” ordenli qəhrəman
Şəhidlərimiz. “Azərbaycan bayrağı” ordenli qəhrəman
Şəhidlərimiz. “Azərbaycan bayrağı” ordenli qəhrəman
Şəhidlərimiz. “Azərbaycan bayrağı” ordenli qəhrəman

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz canı, qanı, igidlərinin danılmaz cəsarəti bahasına erməni “ordusunu” 44 günə dağıdıb yerlə-yeksan etdi və bütün dünya ölkələrinə sübut etdi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Uzun illər düyünə düşmüş Dağlıq Qarabağ münaqişəsinin uğurla həll edilməsi ərazimizdə sülhə və təhlükəsizliyə əvəzsiz töhvə oldu. 44 günlük müharibə tarixi ədaləti bərpa etdi. Bu qələbənin ilk qəhrəmanları isə Azərbaycan əsgərləri oldu.
Döyüş meydanlarında şücaət göstərən, Vətənin ərazi bütövlüyü uğrunda hər an ölümə hazır olan, düşmənə ağır zərbələr endirən igid eloğlularımızdan biri də Aqşin Quliyevdir.
Aqşin Dilavər oğlu Quliyev 12 dekabr 1996-cı ildə Sabirabadın Çiçəkli kəndində anadan olub. Çiçəkli kənd tam orta məktəbini bitirib. Oxuduğu illərdə hərbi hazırlıqla bağlı keçirilən zona yarışlarında dəfələrlə birinci yeri tutub. 2015-ci ilin yanvarında əsgəri xidmətə yollanıb. Xidməti başa vuran Aqşin xüsusi təyinatlılarda kurs keçib, Aprel və Tovuz döyüşlərində iştirak edib. 2018-ci ildə Türkiyədə Azərbaycanı təmsil edən hərbiçilər arasında fəallığına görə ona gizir rütbəsi ilə bərabər medal da verilib.
Atası Dilavərin Quliyevin dediklərindən:
-Aqşin zəhmətkeş ailədə böyüyüb. Çətinlikdən qorxmayıb. Övladlarım vətənpərvər idi. Hələ əsgəri xidmətdə olanda komandiri onun haqqında xoş sözlər söyləyirdi. Aqşinin kiçik qardaşı da hərbçidir. Kənd camaatı sağ olsun. Onların sözləri ilə desəm, Aqşin Çiçəkli kəndinin fəxridir.
Aqşinin yas mərasiminə üzünü belə görmədiyim adamlar gəlmişdi. Onların içərisində Aqşinin komandiri də var idi. Komandir Aqşinlə bağlı deyirdi ki, mənə görə Aqşin “xüsusi təyinatlıların bel sütunu” idi. Bu baxımdan da bəzi həlledici məqamlarda onunla məsləhətləşər, verdiyi kordinatlar dəqiq olduğundan Aqşinlə razılaşardım. Aqşinin ölümü bütün yoldaşlarına, o cümlədən mənə çox təsir etmişdi. Sanki yoldaş yox, qardaş itirmişəm...
Anası Fərqanə xanım oğlunu belə xatırlayır:
-Aqşin müharibə ərəfəsində ara-sıra zəng edirdi ki, ailədən hal-əhval tutsun. Heç yadımdan çıxmaz, zənglərin birində arxadan gələn atəş, gurultu, silah səslərindən təlaş keçirdim və Aqşinə, özündən muğayət ol, - dedim. Aqşin mənə, nədən muğayət olmalıyam,ana. Məgər mən burada şəhid olan oğullardan artığam. Onlar da hansısa ananın balasıdır. Bizə Vətən, Qələbə lazımdır. Bir də ay ana, mənim üçün narahat olmayın. Müharibədə hər şey ola bilər. Mən ölümümü düşünmürəm, siz də düşünməyin, dedi. Aqşinin dediyi sözlər əbədi yaddaşıma həkk olundu və möhkəm olmağa çalışdım.
Dayısı Yusif müəllim Aqşinlə daha sıx əlaqə saxladığını söyləyir. O, deyir ki, Aqşin kəndə yol maşını ilə gələrdi. Heç kəsə ağız açmazdı, halbuki onun xeyli dostu, tanışı var idi. Bir də həddən ziyadə təvazökar idi. Müharibədə olduğunu da başqalarından öyrənmişdim. Sirli oğul idi. Biz onun uğurlarını yalnız dostları danışanda bilirdik. Mən onun şücaəti barədə yas mərasimində öyrəndim. Onun yanında olan bütün qazilər deyirlər ki, Aqşinin torpaqlarımızın alınmasinda əməyi böyük idi. Komandiri də deyirdi ki, Aqşin minamyotdan olduqca sərrast atəş açardı. Şəhid olmazdan qabaq ermənilərin 7 maşınını yerindəcə məhv etdik. Baxış keçirdiyimiz 2 maşından onlarla erməninin cəsədini yerə tökdük.
Xüsusi məharəti ilə seçilən igid həmyerlimizin dəqiq kordinatlar vermək bacarığı olub. Füzulinin Qarğabazar istiqamətində gedən döyüşlər zamanı dəstədə 9 nəfər olublar. Güllə yağışına baxmayaraq xeyli irəliləyiblər. Döyüş taktikasını yaxşı bilən Aqşin bu dəfə düşmən snayperinə tuş gəlib. Aqşin oktyabrın 16-da həyata vida etdi. 24 yaşında şəhidlik zirvəsinə ucaldı.
Ömrünün bahar çağında Vətən torpağının azad olunması üçün qarış-qarış irəlilədi, əqidə, amal uğrunda mübarizədən çəkinmədi, düşməndən qisas almaq üçün qarşı-qarşıya dayandı, sinəsini sipər etdi və sonda əbədiyaşar qəhrəmanlar cərgəsinə qoşuldu. Xatirələrdə elə cəsur, cavan, qamətli, dəyanətli bir gənc olaraq qaldı. Ustündən şaxtalı-qarlı illər ötsə də nə saralacaq, nə solacaq Aqşinin ay kimi işıqlı bənizi. Sevincdə, sevgidə son dərəcə səxavətli olan Aqşin ən böyük sevgisi olan Vətən sevgisinə sədaqətini şəhidliyi ilə nümayiş etdirdi. Arzuları ümman qədər olan bu igidin ömür yolu qısa oldu. Şir ürəkli eloğlumuza Qələbəni görmək qismət olmadı... Oktyabrın 16-da Aqşin Dilavər oğlu Quliyev Çiçəkli kənd qəbristanlığında dəfn olundu.
Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, “Xocavəndin azad olunması uğrunda”, “Kəlbəcərin azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.
Rauf QARAYEV
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter