Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bir çox problemlərlə üz-üzə qaldı. İqtisadi çətinliklər, istehsalın bütün sahələrində tənəzzül, ərzaq təhlükəsizliyi sahəsində böhran, siyasi idarəetmədə ciddi qüsurlar, paytaxtda hakimiyyət uğrunda gedən amansız mübarizə Azərbaycanı ciddi təhlükələr və təhdidlərlə üz-üzə qoymuşdu.
Məhz Ulu Öndərin ardıcıl, davamlı, düşünülmüş və uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan uçurumun kənarından uzaqlaşa, stabil inkişaf yoluna qədəm qoya bildi.
Lakin təəssüflə qeyd etməliyik ki, müstəqilliyimizin ilk illərində buraxılan səhvlər və bu səhvlərin bir çox nəticələri Azərbaycanın növbəti inkişaf və çiçəklənmə dövründə belə, bizim üçün əhəmiyyətli problemlər yaratmış olurdu. Xüsusilə, erməni təcavüzü nəticəsində beynəlxalq səviyyədə qəbul edilən ərazilərimizin 20 faizinin işğal olunması və nəticədə bir milyona yaxın vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi Azərbaycanın sürətli və böyük inkişafı qarşısında ciddi maneəyə çevrilmişdi. Böyük sərvətlərə malik Qarabağ bölgəsinin potensialından inkişafımızın əsas bazası kimi istifadə edə bilmirdik. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə sivil vətəndaşlarımıza, yaşayış məntəqələrimizə qarşı ağır silahlardan istifadə etməklə təxribatlar törətdilər. Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı və rəhbərliyi altında 27 sentyabrdan başlanan cavab tədbirləri və düşməni sülhə məcburetmə əməliyyatları ilə müzəffər ordumuz 30 ilə yaxın işğal altında qalan, düşmən tərəfindən kəndlərimizin, şəhərlərimizin, mədəniyyət abidələrimizin vəhşicəsinə, barbarcasına məhv edildiyi torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyi təmin olundu.
Hazırda möhtərəm Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarımızda böyük tikinti-quruculuq işləri başlayıb, infrastruktur layihələri həyata keçirilir. Cənnət guşəmiz Qarabağın bütün yerüstü və yeraltı sərvətləri Azərbaycan iqtisadiyyatının daha da stabil və ardıcıl inkişafına cəlb ediləcək. Azərbaycanın sahib olduğu siyasi-iqtisadi stabillik və təhlükəsizlik, biznesin inkişafına yaradılan münbit mühit iqtisadiyyata cəlb olunan investisiyaların həcminə də əhəmiyyətli təsir edəcək.
İşğal olunmuş torpaqlarımızın azad olunması Cənubi Qafqaz regionunun inkişafına da mühüm töhfələr verəcək. Azərbaycanın rəhbərliyi və idarəçiliyi altında yeni kommunikasiya xətləri, enerji layihələri, transmilli logistik xətlər həyata keçiriləcək ki, bu da regionumuza davamlı sülh və inteqrasiya ilə yanaşı, əhəmiyyətli iqtisadi dividendlər də gətirəcək.
Xalid Məmmədov,
“P-Aqro” MMC-nin Sabirabad filialının direktoru