Erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq
- 18.02.2021, 11:18, Baxış sayı:
- 480
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən çox maraqla qarşılanır, eyni zamanda, hər birimizi ruhlandırır. Bu ərazilərdə artıq böyük inkişafın təməlləri atılmaqdadır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ildən çox müddətdə erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə budəfəki səfəri bir sıra mühüm işlərə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qaldı. Prezident İlham Əliyev, ilk növbədə, Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu hadisənin əhəmiyyəti olduqca böyükdür. Bu dəmir yolu xətti nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən mühümü isə odur ki, bu infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək.
Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları ona növbəti mərhələyə keçmək imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına da töhfə verə bilər. Bu isə böyük bir regionda Azərbaycanın strateji əhəmiyyətini artıracaq, o cümlədən iqtisadi potensialına təkan verəcək. Dövlətimizin başçısının işğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazır olmasını bildirməsi yaxın gələcəkdə bu ərazilərdə ciddi şəhərsalma fəaliyyətinə start veriləcəyinin və yerli yol-nəqliyyat infrastrukturunun qurulacağının anonsu kimi qiymətləndirilə bilər.
Elman Nuriyev
Kür və Araz çaylarında Bəndlərin
İstismarı İdarəsinin rəisi