Onlar Vətən uğrunda döyüşmüşlər
Zahir Rasim oğlu Məmmədli 1989-cu il sentyabrın 12-də Sabirabad şəhərində anadan olub. Əsgərliyini Tərtərdə, düşmənlə üzbəüz bölgədə keçirib. Sabirabad şəhəri M.S.Ordubadi küçəsindən 2020-ci il sentyabrın 27-də səfərbərliklə əlaqədar hərbi xidmətə gedən Zahir Məmmədli Vətəni müqəddəs bildiyi üçün torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Qələbədən 9 gün sonra mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsi amputasiya olunub. Sol ayağının arxa tərəfində isə 42 qəlpə yarası vardır.
Bakıda hərbi hospitalda müalicə alan Zahir Məmmədli ilə həmsöhbət olarkən bütün bunlar barədə bizə danışmışdır: “Orduya könüllü yazılmışdım. Füzulu, Qubadlı, Zəngilan, Hadrut uğrunda döyüşlərdə iştirak etdim. Laçın dəhlizini götürdükdən iki gün sonra Vətən müharibəsi müzəffər Ordumuzun qələbəsi ilə başa çatdı. Döyüş şücaətimə görə medallarla təltif edildim.”
Zahir daha sonra bildirdi ki, atam 2010-cu ildə rəhmətə gedib. Anam, iki bacım, bir qardaşım var. Bacılarım ailə qurublar. Qardaşımsa subaydır. Anam evdar qadındır. Mən özüm evliyəm. Oğlum Rasimin 8 yaşı var. Sabirabad şəhər 8 saylı məktəbdə oxuyur. Orduya getməmişdən əvvəl işləyib ailəmizi bir təhər dolandırırdım. İndi ailə vəziyyətimiz olduqca ağırdır. Heç bir yerdən gəlirimiz yoxdur. Ailəmiz qohumların, qonum-qonşunun ümidinə qalıb. Sağ olsunlar, ərzaq yardımları edirlər. Adam bu vəziyyətdən lap utanır. Bircə evə tez dönsəydim, sağlamlığım imkan verməsə də işləyib bir təhər ailəmizi özüm dolandırardım.
Zahir Məmmədli onu da vurğuladı ki, ailə üzvləri kiçik bir evdə, darısqal otaqda, çətin vəziyyətdə yaşayırlar.
Kəşfiyyatçı olan Zahir Məmmədli döyüşdə tarix yazmışdır. Torpaqlarımızın erməni faşistlərindən azad olunmasında canını fəda etmişdir. Qazinin ailəsi maddi sıxıntı içərisində, daqısqal, şəraitsiz mənzildə yaşamamalıdır. Gəlin hər birimiz qazinin ailəsinə dayaq olaq.
“Muğanın səsi”