Vətən müharibəsində yaralanmış əsgərin ailəsinə qayğı artırılmalıdır
- 14.12.2020, 08:19, Baxış sayı:
- 511
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir məktubun izi ilə
Redaksiyamıza Sabirabad rayonunun Qalağayın kənd sakini, II qrup əlil Fərrux Məmmədovun imzası ilə şikayət məktubu daxil olmuşdu. Məktubda göstərilirdi ki, ailəliyəm, dörd uşağım var. Həyat yoldaşım xərçəng xəstəliyindən əziyyət çəkir, Milli Onkologiya Mərkəzində müalicə olunur. Böyük oğlum Fərid Vətən müharibəsində könüllü xidmət etmişdir. İki məktəbli uşağım var. Aldığım təqaüd ailənin ehtiyacını ödəmir. Xahiş edirəm güzəranımı yaxşılaşdırmaqda mənə dəstək olasınız.
Məktubun izi ilə Qalağayın kəndinə gedib 50 yaşlı Fərrux Məmmədovla həmsöhbət olduq: “Amansız xəstəlik həyat yoldaşım Sevinci 6 ay bundan əvvəl yaxaladı. Elə o vaxtdan ailəmizin qara günləri başladı. İndiyədək Sevincin müalicəsinə 6 min manatadək xərcim çıxıb. Mənim aylıq təqaüdüm isə 233 manatdır”. Dediyinə görə, özünün dava-dərmanı ona ayda 106 manata başa gəlir. Bütün bunlara isə onun imkanı yoxdur: “Bir sözlə, hazırda bizim müalicəmiz, evi dolandırmaq imkanım xaricindədir. Odur ki, evdə gözə görünən qiymətli nə varsa, hamısını satmışam”. Daha sonra o dedi: ”Oğlum Qubadlıda, Şuşada döyüşlərdə iştirak edərək yaralanıb. Hazırda müalicə olunur. O, evdə olanda işləyib əlimdən tuturdu. Mən özüm də xırda ticarətlə məşğul idim. İndi xəstəlik işləməyimə imkan vermir”. Fərrux Məmmədov onu da vurğuladı ki, ailəyə yalnız o şeyləri alıram ki, gündəlik onlarsız keçinmək mümkün deyil. Hələ yaxşı ki, uşaqlarım ərköyün deyillər. Başqalarının geyindiklərindən, yediklərindən tələb etmirlər. Yoxsa, heç bilmirəm neylərdim. Bir tərəfdən də kömək üçün kimlərəsə ağız açmağa utanıram. Digər tərəfdən isə məcbur olub 4 bankdan ayrı-ayrı qohumlarımın adına pul götürmüşəm. Banklara ayda 265 manat pul ödəyirəm.
Bu ailənin taleyi, daha doğrusu, əlacı bu gün bizim hər birimizin onlara can yandırmağımızdan, mərhəmətimizdən, maddi köməyimizdən asılıdır. Gəlin, bu ağır günlərdə imkansız əsgər ailəsinə yardımçı olaq, dayaq duraq.
E. XƏLİLOĞLU