Prezident İlham Əlİyev: Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur.
Qəzetimizin 27 oktyabr 2020-ci il tarixli 21-ci nömrəsində “Bir şikayətin izi ilə” rubrikası altında “Hansı zəmanədir ki?!” sərlövhəli tənqidi yazı dərc etmişdik. Tənqidi yazıda göstərilirdi ki, Ulacalı və Bulduq kəndlərinin bir qrup sakini elektrik dirəkləri əvəzinə ağac budaqlarından istifadə edir.
Yazını tədbir görülmək üçün “Azərişıq” ASC-yə göndərmişdik. Həmin qurumdan aldığımız cavab məktubunda bildirilirdi ki, bu kəndlərin elektrik istehlakçılarının enerji təchizatını yaxşılaşdırmaq məqsədilə yaxın günlərdə Sabirabad Elektrik Şəbəkəsinin daxili imkanları hesabına məqalədə sözü gedən ərazilərdə zəruri təmir işləri aparılacaqdır.
Ulacalı və Bulduq kəndlərinin sakinləri bizə müraciət edərək bildirirdilər ki, yazının dərc edilməsindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, Sabirabad Elektrik Şəbəkəsi bu məsələ ilə bağlı heç bir tədbir görməmişdir.
Yazdıqlarımıza yenidən qayıdaraq həmin kəndlərdə olduq. Ulacalı və Bulduq kəndlərinin sakinləri Nəcəfqulu Quliyev, Üfüq Cəbrayılov, Gülnarə Qəhrəmanova, Rahidə Əliyeva və başqaları bildirdilər ki, indiyədək Sabirabad Elektrik Şəbəkəsinin bir sıravi işçisi belə bizim problemlə maraqlanmayıb. Onlar vurğuladılar ki, yağış yağanda, külək əsəndə işıqsız qalırıq. Elektrik xətləri aparılmış ağac budaqları o qədər çürüyüb ki, məcbur olub onlara dayaq veririk, diblərinə daş qoyuruq ki, yıxılmasın. Elektrik xətləri tez-tez qırılır. Kol-kosun arası ilə aşağı məsafədən keçən həmin xətləri bağlamaq həyat üçün olduqca təhlükəlidir. Ağaclar o dərəcədə çürüyüb ki, montyorlar öz işlərinin öhdəsindən gələ bilmir, qırılan xətləri bağlamağa çətinlik çəkirlər. Odur ki, qırılan xətləri məcbur olub özümüz bağlayırıq.
“Muğanın səsi”