Sabirabad rayonun ictimai-siyasi “Muğanın səsi” qəzetinin 27 oktyabr 2020-ci il tarixli 21-ci nömrəsində “Bir şikayətin izi ilə” rubrikası altında “HANSI ZƏMANƏDİR Kİ?!” sərlövhəli tənqidi yazı dərc edilmişdir. Tənqidi yazıda Ulacalı və Bulduq kəndlərinin bir qrup sakininin elektrik dirəkləri əvəzinə ağac budaqlarından istifadə etməsindən bəhs edilirdi.
Qəzetdə qaldırılan məsələnin həlli ilə bağlı “Azərişıq” ASC-dən cavab istəmişdik.
“Azərişıq” ASC-nin Texniki Departamentinin direktoru Vüsal Qəmbərovun imzası ilə aldığımız cavab məktubunu dərc edirik:
“Hörmətli redaksiya,
Sabirabad rayonu “Muğanın səsi” qəzetinin 27.11.2020-ci il tarixli 21-ci nömrəsində “Bir şikayətin izi ilə” rubrikası altında rayonun Ulacalı və Bulduq kəndlərinin bir qrup sakininin elektrik təchizatı barədə olan yazı araşdırılmışdır.
Yazıda göstərilən ərazilər 1990-95-ci illərdə məskunlaşmışdır. Ərazidəki elektrik təsərrüfatı əhali tərəfindən normativ sənədlərin tələblərinə cavab verməyən şəkildə quraşdırılmışdır.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045 nömrəli Sərəncamı ilə “Azərişıq” ASC yaradılaraq elektrik şəbəkələrinin idarə edilməsi və yenidən qurulması ona həvalə edilmişdir.
Ötən müddət ərzində “Azərişıq” ASC tərəfindən Respublikanın başqa şəhər və rayonlarında olduğu kimi Sabirabad rayonunda da əhalinin elektrik təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir. Belə ki, rayon ərazisində 110/35/10 kV-luq “Cavad”, 35/6 kV-luq “Qaratuğay” və 35/10 kV-luq “Nizamikənd” yarımstansiyaları yenidən qurularaq istismara verilmişdir. Ümumilikdə 28,5 km 35 kV-luq, 26 km hava xətləri yenidən qurulmuş, 121,8 km magistral ÖİN kabellərlə yenilənməsi və abonentlərin elektrik hesablaşma sayğaclarının smart-kart tipli sayğaclarla əvəzlənməsi işləri rayonun Salmanlı, Azadkənd, Əlicanlı, Qəzli, Beşdəli və Cavad kəndlərində tam başa çatdırılmışdır. Hazırda bu işlər rayonun Sarxanbəyli, Poladtogay və Bala Həşimxanlı kəndlərində davam etdirilir. Sabirabad rayonunda yerləşən yaşayış məntəqələrinin, o cümlədən Ulacalı və Bulduq kəndlərinin, fiziki köhnəlmiş elektrik təsərrüfatının yenidən qurulması üçün “Azərişıq” ASC tərəfindən layihələşdirmə işləri aparılmışdır. Yenidənqurma işlərinin mərhələli şəkildə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Lakin, buna baxmayaraq istehlakçıların enerji təchizatını yaxşılaşdırmaq məqsədilə yaxın günlərdə Sabirabad Elektrik Şəbəkəsinin daxili imkanları hesabına məqalədə sözü gedən ərazilərdə zəruri təmir işləri aparılacaqdır”.
P.S. Cavab məktubundan görünür ki, elektrik direkləri əvəzinə ağac budaqlarından istifadə edən Ulacalı və Bulduq kənd istehlakçılarının elektrik enerjisi təminatını yaxşılaçdırmaq üçün yaxın günlərdə Sabirabad Elektrik Şəbəkəsinin daxili imkanları hesabına zəruri tədbirlər görüləcəkdir.
Lakin, bu günədək Sabirabad Elektrik Şəbəkəsinin bir sıravı işçisi belə sözü gedən məsələ ilə bağlı vətəndaşlarla yerində söhbət aparmaması onu deməyə əsas verir ki, yerli Şəbəkə bu vacib işə laqeyddir.
Məsələ nəzarətimizdədir. Yazdıqlarımıza bir də qayıdıb daha yuxarı instansiyalardan cavab istəyəcəyik.