“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarının 15 maddəsinə əsasən
Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri 1. Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
1.1. yerli büdcələrin vəsaiti;
1.2. fiziki və hüquqi şəxslərin könüllü ianələri;
1.3. dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər;
1.4. Qanunla qadağan olunmayan digər mənbələr.
2. Bu Qaydaların 15.1-ci bəndində nəzərdə tutulan maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət
bələdiyyə tərəfindən həyata keçirilir.3. Qəbiristanlığın növbəti il üçün gəlir və xərclərinin smetası hər il dekabrın 20-dən gec olmayaraq bələdiyyə iclasında təsdiq edilməli və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdirilir.
Qaydalardan göründüyü kimi qəbirstanlığın qorunması, saxlanması, abadlaşdırılması və idarə olunması xərcləri bələdiyyələrə həvalə olunub.
Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri qəbiristanlığın yerləşdiyi ərazi vahidi üzrə bələdiyyənin müraciətinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir.
Qəbiristanlıqların reyestri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır.
Dəfnlərin vahid dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
Dəfnlərin vahid dövlət reyestrinin aparılması qaydası, vahid reyestr kitabının forması, dəfnlərin vahid dövlət reyestrindən arayışın forması və verilməsi qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Dəfnlərin vahid dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Qaydanın 17.2 bəndində qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri
qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.
Göründüyü kimi qəbir yerlərin satışı ilə bağlı qaydada satışla bağlı bənd yoxdur. Qəbir yerləri satışı ilə bağlı müxtəlif qeydlər var. Misal üçün 8 iyun 2016-cı ildə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirmişdi ki, Bakı şəhərində qəbir yerlərinin standart qiymətləri müəyyənləşdirilib və təklif olunan yeni layihəyə əsasən, paytaxt ərazisində qəbir yerlərinin qiyməti minimum əmək haqqının iki misli miqdarında olacaq. Həmin məbləğdən yuxarı olması mümkün deyil. Bununla bağlı qanun layihəsi artıq hazırlanıb və icrası üçün ayrı-ayrı strukturlarla razılaşdırılma aparılır.
Amma bu günə kimi hər hansı tarif mövcud deyil. Qəbir yerlərinin satılması onunla izah olunur ki, bələdiyyə xidmət müqabilində bu işi həyata keçirilir. Müxtəlif yerlərdə qiymətlər fərqlidir.
Mülki Məcəllədə isə qəbir sözü bir yerdə qeyd olunub. 1155 maddədə (mirasa daxil olmayan əmlak)
1155.1. Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və
qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər.
Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri son müsahibələrində qeyd edirdi ki, müsəlman aləmində qəbir yerlərinin satılması ilə bağlı hər hansı qeyd yoxdur.
Dövlət Statistika Komitəsinin 2023-ci il üçün bülütenin ödənişlər xidməti cədvəlində mərasim xidmətinə rast gəlmək olur. Burada əhalinin hər nəfərinə düşən məişət xidmətlərinin dəyərində 2022-ci il üçün məbləğ 3.02 manat qeyd olunub. 2021-ci ildə bu rəqəm 2.11 manat olub.
Vergi Azərbaycan Respublikası vergi xidməti fəaliyyət kodlar siyahısında 9603003 kod altında qəbirlərin satışı və kirayəyə verilməsi qeydi mövcuddur. Amma bu beynəlxalq təcrübədən irəli gələn bir qeyddir. Yəni hazırki qanunvericilikdə qəbirlərlə bağlı səlahiyyət bələdiyyələr verilsə də satışla bağlı tarif mövcud deyil. Satışdan əlavə kirayə məsələsi də beynəlxalq təcrübədə mövcuddur və ailə üzvü məzar yerini kirayə götürə bilər, amma kirayə götürdüyü yerin aylıq və illik kirayə haqqın ödəmədikdə, həmin qəbirlər məzar yerindən çıxarılır.
Beynəlxalq təcrübə ABŞ-ın Nyu-york şəhərində qəbir yerləri ərazidən aslı olaraq 18 000 - 20 000 ABŞ dolları arası dəyişir və bir qəbir yerində üç qəbir yerləşdirmək olar.
İngiltərədə vətəndaş və qeyri rezidentlər üçün qiymətlər müxtəlifdir.
Böyüklər qəbri - xatirə abidəsinin ucaldılması vətəndaş üçün 2846 funt sterlinq (6289,66 manat), qeyri rezidentlər üçün 11384 (25158,64 manat)
On illik qəbir yerlərinin kirayəsinin uzadılması üçün - vətəndaşlar 494 funt sterlinq (1091,74), qeyri rezident 1974 (4362,54 manat)
Ən yaxşı qəbir yeri (birinci cərgə) - vətəndaşlar üçün 3098 funt sterlinq ( 6846, 58 manat), qeyri rezidentlər üçün 12392 funt sterlinq (27386,32 manat)
Rauf QARAYEV, iqtisadçı