Bir çox vətəndaşlar xüsusi ilə paytaxta restorana daxil olub, yemək yediklərindən sonra servis qeydini görüb, oradakı məbləği ödəməkdən imtina edirlər. Restoran müştəriyə xidmət etdiyinə görə, əlavə pul almalıdırmı? Qanunla bu necə tənzimlənir? Əslində məntiqlə baxsaq, restoran özü xidmət sahəsidir. Buranın da, öz yazılmamış qanunları var. Əgər müştəriyə qabaqcadan qeyd olunur ki, onlardan servis xidməti tələb olunacaq, bu halda müştəri yemək yedikdən sonra, servisdən imtina etməsi düzgün deyil. Səbəb odur ki, müştəriyə bu barədə məlumat verilib və təqdim olunan qəbzdədə bu barədə qeyd var. Müştərinin ödədiyi məbləğdən vergi ödənilir (qəbz Vergi Məcəlləsinin uyğun olmalıdır). Burada gizlin heç nə yoxdur. Yemək menyusunda da bu qeyd edilməlidir. Servis xidmətləri bir çox ölkələrdə adətən 5-25 faiz civarında olur. Bəzi ölkələrdə ümumiyyətlə "çayevoy", servis xidməti məsələsi yoxdur.
Bəs bu servis xidmətinə nə daxildir? Bəzi ölkələrdə servis xidmətinə, müştəriyə xidmət edən ofisinatın pulu da əlavə olunur. Yəni müştərinin servisə görə ödədiyi faizin içində qab yuyanın pulu, ofisinatın pulu, süfrə aksesuarlarından istifadə pulu aid edilir. Yemək bura aid edilmir. Bu səbəbdən də menyuda servis ayrı, xörəklərin məbləği ayrı göstərilir. Bəzi hallarda isə, ofisiantın pulu "çayevoy" qismində ayrı göstərilir.
Azərbaycan Respublikası İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda restoran, servis xidməti, çay pulu ilə bağlı bir qeyd yoxdur. Vergi Məcəlləsində bununla bağlı qeyd mövcuddur. İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) regiondan aslı olaraq, gələrindən aslı olmayaraq 20 manatdan 5 manata kimi vergi ödəməlidir. Amma bunun digər tərəfi də var. Onları işə cəlb edənlər Vergi Məcəlləsinin 58.10. maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Restoran sahibi VÖEN-i olan ofisiantla müqavilə bağladıqda ondan verginin ödənilməsi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz tələb edib, sonradan işə cəlb etməlidir. Adi işçi kimi cəlb edirsə, əmək müqaviləsi bağlamalıdır.
Dünya praktikasına gəldikdə misal üçün ABŞ -da ofisiantlıq sənət sayılır. Hər kəs gedib ofisiant işləyə bilməz. Onun üçün kurs bitirib, lisenziya almalıdır. Bu halda onunla müqavilə bağlanır. Çay pulunun verilməsi retoran tərəfindən verilən minimum əməkhaqqından əlavə dolanışıq üçün pul hesab olunur. Burada faiz yoxdur ki, mən bu ofisinata bu qədər çay pulu qoymalıyam. Müxtəlif məbləğlər qoyaraq çekdə onu qeyd edə bilərlər. Yaxşı xidmət göstərən ofisinata tələbat böyükdür. Hər kəs öz retoranında belə ofisinatları görmək istəyir. Onların çay pulularıda yüksək olur. Bizdə bununla bağlı hər hansı qanunvericilik yoxdur. Yalnız Vergi Məcəlləsi baxımından nə qədər vəsaiti büdəcəyə köçürməlisən qeydi var. Qanunvericilikdə ABŞ-da olduğu kimi qaydalar müəyyən olunsa, yazılmamış daxili qaydaya ehtiyac duyulmaz.
Rauf QARAYEV, iqtisadçı