Foto: Sabirabad, 4 oktyabr 1998-ci il.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 99 il keçir. Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və Millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.
Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur.
Onun 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşının özünə qayıdışı, milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Bu illərdə Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanda coşqun quruculuq işlərinə başlandı, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi.
Sabirabadın inkişafı da həmin illərə aiddir. Ulu Öndərimiz Heydər Əliyev 14 dəfə Sabirabada səfər etmiş, pambıq tarlalarında, taxıl zəmilərində və heyvandarlıq təsərrüfatlarında əhali ilə birbaşa ünsiyyətdə olmuşdur. Bir çox respublika tədbirləri Sabirabadda keçirilmişdir. Heydər Əliyev 1979-cu ildə rayon Mədəniyyət sarayının açılışında bu torpağa, onun zəhmət adamlarına bağlılığını belə ifadə etmişdir: «Mən hər il Sabirabada gəlirəm. Bu, onu göstərir ki, sizin torpağın, sizin zəhmət adamlarının elə böyük bir cazibə qüvvəsi var ki, hər il məni bura gətirir».
Onun birbaşa rəhbərliyi ilə Sabirabadda İttifaqda analoqu olmayan Qrup Su Kəmərləri Sistemi qurulmuş, rayonun ucqar kəndlərinə təbii qaz xətti çəkilmiş, möhtəşəm Mədəniyyət sarayı, Rabitə evi tikilmiş, Surra kəndi ərazisində Kür çayı üzərində nəhəng körpü salınmış, 5 istehsal müəssisəsi, 31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət obyekti, inzibati binalar, çoxmərtəbəli yaşayış evləri inşa olunmuşdur.
Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünki dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu.
Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin həmin illərdə apardığı milli quruculuq işləri dayanır.
1991-ci ildə Azərbaycanda təhlükəli bir vəziyyət yaranmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsindəydi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü, Heydər Əliyevin qurub-yaratdığı iqtisadi potensial amansızcasına dağıdılırdı.
Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi sarsılmış, ölkəmiz real vətəndaş müharibəsi və seperatçılıq meylləri ilə üz-üzə idi. Yenicə müstəqillik əldə etmiş ölkəmiz bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı.
Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər.
1993-cü ilin iyununda hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı. Hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik son həddə çatmışdı. Fürsətdən istifadə edən erməni hərbi birləşmələri torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşımız öz torpaqlarında qaçqına, didərginə çevrilirdi.
Amma Heydər Əliyev Ümummilli Lider olaraq xilaskarlıq missiyası ilə gəlmişdi. O, hakimiyyətə qayıtdı və qətiyyətlə, inamla bəyan etdi: «Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır». Təbii ki, bu gün hər birimiz bunun şahidləriyik.
1993-cü ildən başlayaraq Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı.
Xallqımızın dahi oğlu düşmənlə atəşkəs elan etdi, ölkədə əmin-amanlıq yaratdı. Onun təşəbbüsü ilə keçmiş İttifaq respublikaları arasında ilk olaraq aqrar islahatı keçirdi. Sabirabad rayonu da yenidən dirçəliş yoluna qədəm qoydu. İslahat nəticəsində 146935 hektar ərazinin 31543 hektarı Dövlətin mülkiyyətində saxlanılmış, 58868 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş, 55524 hektar ərazi isə xüsusi mülkiyyət hüququnda torpaq payı alan 102583 nəfər, yaxud 23763 ailə arasında bölüşdürülmüşdür. Mövcud içtimai təsərrüfat sistemi ləğv edilmiş, onların istifadəsində olmuş 201 milyard manatlıq əmlak, pay almaq hüququ olan 27 min nəfər şəxsə verilmişdir. Aparılmış əsaslı aqrar islahatlar torpaqdan üz çevirmiş sadə kəndlini torpağa qaytarmış, öz əmlakının və torpağın sahibi etmişdir. Bu proses kəndli-torpaq münasibətlərində yeni bir mərhələnin əsasını qoymuşdur.
Ulu Öndər Heydər Əliyev 1998-ci ildə-müstəqillik dövründə növbəti 15-ci dəfə Sabirabada səfər etdi, məcburi köçkünlərin məskunlaşdığı Qalağayın çadır düşərgəsində sakinlərlə görüşdü, onların yaşayış şəraiti ilə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi. Elə həmin gün Heydər Əliyev rayon mərkəzində minlərlə sabirabadlı qarşısında çıxış etdi və rayonun keçmişindən, bu günündən danışdı, çıxışının sonunda isə uca səslə dedi: «Mən hər dəfə Sabirabada gələndə bu doğma diyara heyran oluram. Sevinirəm ki, əhalinin rifah halı nə qədər yaxşılaşıb, kəndlərdə böyük sıçrayışlar əmələ gəlib».
1999-ci il dekabrın 16-da ölkə Prezidenti Heydər Əliyev Nizami Gəncəvi adına Sabirabad şəhər 5 saylı orta məktəbin 20 illik yubileyi münasibətilə təbrik məktubu göndərdi. Ulu Öndər məktubunu «Sabirabadlılara hər işdə böyük uğurlar, xoşbəxtlik və səadət arzulayıram» sözləri ilə tamamlayırdı.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq, müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır.
Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyev ilk gündən Heydər Əliyev siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirməklə xalqın böyük ehtiramını qazanmış, qısa müddət ərzində əhalinin rifahının yaxşılaşmasında müstəsna rol oynayan tədbirlər həyata keçirilmiş, hər bir vətəndaşın hüququna hörmətlə yanaşılması, ona qayğılı münasibət göstərilməsi bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulmuşdur.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bü isə Ulu Öndər Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir.
Cənab İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini, irəliyə doğru inkişafın elmi üfüqlərini aydın görən, siyasi müstəvidə yeni istiqamətlər açan, yol göstərən görkəmli dövlət xadimidir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi düşüncəsinin və mühüm idarəetmə məharətinin olması dövlətin normal inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır. Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi və vətənpərvərliyi özündə cəmləşdirən görkəmli dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.
İ. ƏSGƏROV,
“Muğanın səsi”