• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Adı və əməlləri dünya durduqca yaşayacaq Ulu ÖNDƏR

  • 16.12.2021, 10:17, Baxış sayı:
  • 456
Adı və əməlləri dünya durduqca yaşayacaq Ulu ÖNDƏR
FOTO: 5 sentyabr 1980-ci il. “Partyanın XX qurultayı” adına kolxozda. Qaraağac kəndi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçir.
Hər il Ulu Öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır.
Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur.
Ötən əsrin axırlarında Sabirabad rayonunun inkişafı da bu dahi insanın adı ilə bağlıdır.

Ötən əsrin 70-cı illərinin əvvəllərində Sabirabadın təsərrüfatları dirçəlməyə başladı. Suvarmanın düzgün təşkili məhsuldarlığın artırılması üçün geniş imkanlar açdı. Pambıqçılığın inkişafı kifayət qədər yüksəldi. 1974-1980-ci illərdə tarlalardan 80-110 min ton pambıq yığıldı. Pambıqçılıqda məhsuldarlığın yüksəlməsi əhalinin gəlirlərinin artmasına da həlledici təsir göstərdi. 1975-ci ildə Sabirabadın gəliri 17317 min manat, 1980-ci ildə 21749 min manat, 1981-ci ildə 33201 min manat olmuşdur.
80-ci illərin əvvəllərində Sabirabadda 24 kolxoz olmuşdur. Statistikadan göründüyü kimi, Sabirabadın dirçəlişi 70-80-ci illərə aiddir. Bu da Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin rayona göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur. Həmin illərdə Ulu Öndərimiz Heydər Əliyev 14 dəfə Sabirabada səfər etmiş, pambıq tarlalarında, taxıl zəmilərində və heyvandarlıq təsərrüfatlarında əhali ilə birbaşa ünsiyyətdə olmuşdur. Bir çox respublika tədbirləri Sabirabadda keçirilmişdir. Heydər Əliyev 1979-cu ildə rayon Mədəniyyət sarayının açılışında bu torpağa, onun zəhmət adamlarına bağlılığını belə ifadə etmişdir: «Mən hər il Sabirabada gəlirəm. Bu, onu göstərir ki, sizin torpağın, sizin zəhmət adamlarının elə böyük bir cazibə qüvvəsi var ki, hər il məni bura gətirir».
Onun birbaşa rəhbərliyi ilə Sabirabadda İttifaqda analoqu olmayan Qrup Su Kəmərləri Sistemi qurulmuş, rayonun ucqar kəndlərinə təbii qaz xətti çəkilmiş, möhtəşəm Mədəniyyət sarayı, Rabitə evi tikilmiş, Surra kəndi ərazisində Kür çayı üzərində nəhəng körpü salınmış, 5 istehsal müəssisəsi, 31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət obyekti, inzibati binalar, çoxmərtəbəli yaşayış evləri inşa olunmuşdur.
Ümummilli Liderimizin göstərişi ilə altı nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. 1970-1985-ci illərdə Sabirabad rayon Partiya Komitəsinin birinci katibi olmuş mərhum Məmməd Məmmədov, «Sovet Azərbaycanı» kolxozunun sədri mərhum Çervon Azayeva, Jdanov adına kolxozun sədri mərhum Gülabba Xəlilov, pambıqçılıq briqadirləri mərhum Zəminə Aslanova və Fatma Hüseynova, kolxozçu mərhum Həlimə Nəfəsova bu sıradadırlar.
Sovetlər İttifaqı dağıldıqdan sonra digər müttəfiq respublikalar kimi, Azərbaycan da müstəqilliyini elan etdi. Lakin qrup maraqları, şəxsi ambisiyalar ölkəni parçalanmaq həddinə gətirib çıxardı. Belə bir vəziyyətdə qonşu Ermənistan ərazi bütövlüyümüzə təcavüz etdi. 90-cı illərin əvvəllərində ölkəmizin Ermənistanla elan olunmamış müharibəyə cəlb olunması ərazimizin 20 faizinin düşmən tərəfindən işğal olunması ilə nəticələndi. Bir milyondan artıq soydaşımız öz Vətənində köçkünə çevrildi. 20 min nəfərdən çox məcburi köçkün Sabirabadda məskunlaşdı.
Ulu Öndərimizin xalqımızın təkidli xahişi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dövlətimizə nicat, xalqımıza qurtuluş gətirdi. Xalqımızın dahi oğlu düşmənlə atəşkəs elan etdi, ölkədə əmin-amanlıq yaratdı. Onun təşəbbüsü ilə keçmiş İttifaq respublikaları arasında ilk olaraq aqrar islahatı keçirdi. Sabirabad rayonu da yenidən dirçəliş yoluna qədəm qoydu. İslahat nəticəsində 146935 hektar ərazinin 31543 hektarı Dövlətin mülkiyyətində saxlanılmış, 58868 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş, 55524 hektar ərazi isə xüsusi mülkiyyət hüququnda torpaq payı alan 102583 nəfər, yaxud 23763 ailə arasında bölüşdürülmüşdür. Mövcud içtimai təsərrüfat sistemi ləğv edilmiş, onların istifadəsində olmuş 201 milyard manatlıq əmlak, pay almaq hüququ olan 27 min nəfər şəxsə verilmişdir. Aparılmış əsaslı aqrar islahatlar torpaqdan üz çevirmiş sadə kəndlini torpağa qaytarmış, öz əmlakının və torpağın sahibi etmişdir. Bu proses kəndli-torpaq münasibətlərində yeni bir mərhələnin əsasını qoymuşdur.
Ulu Öndər Heydər Əliyev 4 oktyabr 1998-ci ildə-müstəqillik dövründə növbəti dəfə Sabirabada səfər etdi, məcburi köçkünlərin məskunlaşdığı Qalağayın çadır düşərgəsində sakinlərlə görüşdü, onların yaşayış şəraiti ilə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi. Elə həmin gün Heydər Əliyev rayon mərkəzində minlərlə sabirabadlı qarşısında çıxış etdi və rayonun keçmişindən, bu günündən danışdı, çıxışının sonunda isə uca səslə dedi: «Mən hər dəfə Sabirabada gələndə bu doğma diyara heyran oluram. Sevinirəm ki, əhalinin rifah halı nə qədər yaxşılaşıb, kəndlərdə böyük sıçrayışlar əmələ gəlib».
1999-cu il dekabrın 16-da ölkə Prezidenti Heydər Əliyev Nizami Gəncəvi adına Sabirabad şəhər 5 saylı orta məktəbin 20 illik yubileyi münasibətilə təbrik məktubu göndərdi. Ulu Öndər məktubunu «Sabirabadlılara hər işdə böyük uğurlar, xoşbəxtlik və səadət arzulayıram» sözləri ilə tamamlayırdı.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, Ulu Öndər Heydər Əliyevin müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən, xalq qarşısında misilsiz xidmətləri qədirbilən azərbaycanlılar tərəfindən həmişə xatırlanacaq, Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlər hər zaman gələcək nəsillər üçün örnək olacaqdır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, o cümlədən sabirabadlıların qəlbində əbədi yaşayacaqdır.
Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter