3 oktyabr Azərbaycan xalqının həyatında unudulmaz tarixdir. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Müasir müstəqil Azərbaycanın inkişafı həmin gündən başlayır.
Əgər 15 iyunda Ulu Öndər keçmiş Ali Sovetin sədri seçilməklə (cəmi 9 gün sonra həm də ölkə prezidentinin səlahiyyətlərini icra etməyə başlamaqla), Azərbaycan xalqı və dövlətinin tarixində yeni mərhələnin, qurtuluşun əsasını qoydusa, ondan 3 ay yarım sonra-3 oktyabr 1993-cü il tarixində isə xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Heç şübhəsiz ki, Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
H. Əliyev hakimiyyətə qayıtddıqdan sonra məhz ölkədə baş alıb gedən hərc mərcliyin, silahlı qarşıdurmaların, iqtisadi-siyasi böhranın qarşısı alındı, torpaqlarımızın işğalının davam etməsinə son qoyuldu. Eləcə də, aclıq, səfalət aradan qaldırıldı və nailiyyətlərin təməli qoyuldu.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi:
H.Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” kimi mühüm tarixi əhəmiyyəti olan sənəd imzalandı, həmçinin ordumuz formalaşdı, ictimai-siyasi sabitlik yaradıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməyə başladı, insanların sosial vəziyyətinin yaxşılaşmasına doğru addımlar atıldı və bu öz nəticələrini verməyə başladı.
İlk növbədə qeyd etməliyik ki, Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın müstəqilliyini qoruyub saxladı. O, ölkəni parçalanmaqdan xilas etdi. Bütün bunlara görə, xalqımız Heydər Əliyev ideyalarının ölməzliyini, davamlılığını bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində, xeyirxah əməllərində görür və fəxr edir. Bu gün Ulu Öndərin arzuları çiçəklənir. İndi Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən dövlətlərindən biri kimi tanınır, ən mühüm sosial islahatlar həyata keçirən ölkə kimi tarix yazır.
Bakı ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın dünya dövlətləri arasında nüfuzu gündən günə artır və möhkəmlənir. Maddi kapitalı insan kapitalına çevirən Azərbaycan dövləti və xalqı bütün nailiyyətləri ilə məhz Ulu Öndər Heydər Əliyevə borcludur. Bu borcu Azərbaycan xalqı Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə etimadı, sonsuz məhəbbəti, sədaqəti və ölkəmizin inkişafına dəstəyi ilə nümayiş etdirir.
“Muğanın səsi”