Hümbətov Şahin Əlicüvan oğluŞahin Hümbətov 1986-cı il noyabrın 24-də Sabirabad rayonunun Minbaşı kəndində anadan olub. O, ilk təhsilini Şirvan şəhər 3 saylı tam orta məktəbdə alıb, sonra isə Qaraağac kənd tam orta məktəbində təhsilini davam etdirərək buranın məzunu olub. 2005-2006-cı illərdə hərbi xidmət keçib, 2012-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində kurs keçərək sürücü-mexanik peşəsinə yiyələnib. Elə həmin vaxtdan da müxtəlif hərbi hissələrdə əvvəlcə sürücü, sonra isə hərbi tibb məntəqəsində sanitar-sürücü kimi fəaliyyət göstərib. İşlədiyi illərdə məsuluyyəti, peşəkarlığı ilə komandirlərinin rəğbətini qazanıb. Yaxşı işinə görə kiçik çavuş Şahin Hümbətov dəfələrlə Fəxri fərman və Milli Ordunun yaranmasının 95, 100 illik yubiley medalları ilə təltif edilib.
Şahin Hümbətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. O, öz vəzifəsinin öhdəsindən layiqincə gələrək, hətta yaralı silahdaşlarının yaşaması naminə onlara yerindəcə ilkin tibbi xidmət göstərib. Xidməti müddətində Vətəninə bağlı, onu canından çox sevən, Vətən eşqi ilə alışıb yanan Şahin döyüş yoldaşları və komandanlıq arasında böyük hörmət qazanıb.
Şahin Hümbətov oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Qaraağac kənd qəbirstanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Şahin Hümbətov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” , "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə"medalları ilə təltif edilib.
Ənnağıyev Babək Oqtay oğlu Babək Ənnağıyev 1994-cü il aprelin 28-də Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olub. O,2000-2010-cu illərdə Qasımbəyli kənd tam orta məktəbində təhsil alıb. Babək talessemiya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. O, çox Vətənpərvər gənc idi. Qeyd edək ki, Babək ailəli idi. 2 qız övladı yadigar qalıb: Həcər və Məryəm.
Babək 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Qazax rayonunda “N”saylı hərbi hissədə keçirib. Qazax rayonunun Xanlıqlar, Balacəfərli, Kəmərli kəndlərində, düşmənlə üzbəüz səngərdə olub. Ağır silahlardan istifadə etməyi öyrənib, qaranatamyotçu olub, əli bir dəfə də titrəməyib.
Vətən müharibəsində Babəkin döyüş yolu 29 sentyabrdan başlanıb, elə başlanğıcdan erməni fəndgirlərinin viran qoyduğu Füzuli uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub, ürəklə döyüşüb, burda da qranatamyotdan od yağdırıb düşmənin üzərinə. Amma özü də düşmən gülləsinə tuş gəlib. Oktyabrın 7-də Füzuli ətrafında döyüşlərin birində ağır yaralanaraq döyüşçü yoldaşlarından ayrılıb. İlk tibbi yardım göstərilsə də hospitala çatdırmaq mümkün olmayıb, elə yoldaca gözlərini həyata əbədi yumub. Qasımbəyli kənd qəbirstanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Babək Ənnağıyev ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Əhədzadə Elsevər Ağacan oğluElsevər Əhədzadə 3 iyul 1995-ci ildə Sabirabad rayonunun Həsənli kəndində anadan olub. Bakı şəhəri 62 saylı liseyi bitirib. 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin Tikinti materialları və məmulatları istehsalı texnologiyası ixtisasına qəbul olub.
2016-cı ildə AzMİU-nu bitirən Elsevər hərbi xidmətə yollanır. Tovuz rayonu Əlibəyli kəndində “N” saylı hərbi hissədə xidmət edir. Elsevərin ailəsi 4 nəfərdən ibarət idi. Ata, ana və 2 qardaş. Evin böyük oğlu Elsevər, kiçik oğlu Fərid. Hər ikisini vətənpərvər ruhda böyütmüşdü ailə. İgid, cəsur, mərd oğullar vermişdilər Vətənə. Bunun nəticəsidir ki, 2-ci Qarabağ müharibəsinin ilk günlərindən ön cəhbədə düşmənə qarşı mərdliklə vuruşurdular. Ayrı-ayrı istiqamətlərdə olsalar da amalları bir idi. Yağı düşməni torpaqlarımızdan qovmaq və ərazilərimizi geri qaytarmaq. Elsevərin döyüş yolu Füzuli istiqamətindən başlamışdı. Düşmənə bu istiqamətdə güclü zərbələr endirilmişdi. Elsevərin də iştirakı ilə İgid Azərbaycan oğulları Füzulinin kəndlərini, strateji yüksəkliklərini ələ keçirib, düşməni geri çəkilməyə məcbur etmişdilər. Oktyabrın 21-də sonuncu dəfə evlə danışan Elsevər, 3 gün sonra oktyabrın 25-də şəhadətə yüksəlir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Elsəvər Əhədzadə ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.