Prezident İlham Əliyev: Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq.
Məmmədov Anar Elşad oğlu
Məmmədov Anar Elşad oğlu 1986-cı il mayın 2-də Sabirabad şəhərində anadan olub. Ailəli idi. 2 qızı yadigar qalıb.
Azərbaycan Ordusunun mayoru olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı yaralansa da, bir gün hospitalda müalicə aldıqdan sonra döyüş meydanına geri dönüb. Anar Məmmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, sonda bir gülləsi qalanda isə onu özünə vuraraq şəhid olub. Sabirabad rayonunun Cavad kəndində dəfn olunub.
Şəhidin həyat yoldaşı Nəzirə Məmmədova bildirir ki, "Anar öz sinəsini qabağa verərək 26 əsgərini mühasirədən çıxarıb. Gülləsi qurtarıb və özünü sonuncu gülləsi ilə vurub".
Şəhid övladı olan Nəzirə xanım deyir ki, atası ilə necə fəxr edirdisə, həyat yoldaşı ilə də o qədər qürur duyur. Orta məktəbdə ingilis dilini tədris edən N.Məmmədovanın atası Heydər Həmidov birinci Qarabağ müharibəsində şəhid olub və hazırda rayonda onun adını daşıyan guşə mövcuddur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Anar Məmmədov ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Nadirov Siyasət Kamil oğlu
Nadirov Siyasət Kamil oğlu 2001-ci il fevralın 18-də Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuşdur. Siyasət Nadirov 2018-ci ildə Şəhriyar kənd tam orta məktəbini bitirmişdir. Hələ orta məktəbdə oxuduğu illərdən vətənpərvərliyi ilə seçilib.
2019-cu ilin aprel ayında Sabirabad rayonunun Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Siyasət məharətli snayperçi olmuşdur. Goranboydakı “N”saylı hərbi hissədə əsgəri xidmətini başa vurub. Mətin döyüşçü Vətən müharibəsinin başladığı gündən döyüş əməliyyatlarına qatılıb. Bir neçə döyüş istiqamətində mənfur düşmənə qarşı qəhrəmancasına döyüşlər aparıb. O, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Döyüş yoldaşlarının söylədiyi xatirələrə əsasən deyə bilərik ki, Siyasət səmimi və mehriban əsgər olub. Eyni zamanda dəqiq və sərrast atıcı kimi neçə - neçə düşmən hərbçisini məhv edib. Əqidəsi bu olub ki,Vətən kirpiklə qorunan göz bəbəyidir. Vətənini qorumağı bacarmayan isə ailəsini də qoruya bilməz. Şəhidin anası Məmləkət xanım 9 uşaq böyüdüb,boya –başa çatdırıb. Həyat yoldaşı rəhmətə getdiyindən övladlarını təkbaşına böyüdüb. Siyasət isə ailənin son beşiyi olub. Anasını daha çox istəyib. Cəsur və mərd olub. Ailə qayğısını çəkib.Vətəninə sevgisi güclü olub.Vətən sevgisi qəhrəmanımıza canından keçməyi,qanı ilə tarix yazmağı, illər ötdükcə ölümsüzlük qazanmağı nəsib edib. O, bu yurd üçün - Qarabağ üçün qəhrəmancasına şəhid olub.
Siyasət Kamil oğlu Nadirov 21 noyabr 2020-ci ildə Sabirabad rayonunun Şəhriyar kəndində dəfn olunmuşdur.
Siyasət Nadirov ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif edilib.
Abbaslı Elgiz Fuad oğlu
Abbaslı Elgiz Fuad oğlu 1998-ci il mayın 21-də Sabirabad rayonunun Cavad kəndində anadan olmuşdur. N.Nərimanov adına 2 saylı Sabirabad şəhər tam orta məktəbini bitirmişdir. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılan Elgiz, əsgərliyini Tərtər rayonunda yerləşən “N”saylı hərbi hissədə düşmənlə üzbəüz mövqedə keçirmişdir.
Elgiz Abbaslı hərbi xidmətdən qayıtdıqdan sonra Sabirabad şəhərində fəaliyyət göstərən iri ticarət mərkəzində çalışırdı. Ailənin yeganə oğlu, iki bacının bir qardaşı olan Elgiz hələ ailə həyatı qurmamışdı.
Vətənin dar günündə düşmənə qarşı qəlbində qəzəb hissi olan bu gənc Vətən müharibəsinin elə ilk günlərindən cəbhəyə yola düşmüşdü.
Elgizin döyüş yolu Füzuli rayonu ərazisindən başlamışdı. Sonradan Cəbrayıl və Hadrut uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişdi. Şahidi olanlar danışırlar ki, Elgizgil Cəbrayıl yolunun üstündə içində iyirmi yeddi hərbi qulluqçu olan iki zirehli maşınla düşmənin pusqusuna düşərək ağır atəşə məruz qalmışlar. Bu zaman düşmən atəşi ilə vurulan birinci maşındakı əsgər yoldaşlarına kömək etmək üçün Elgiz özünü irəli atmışdır Maşından iki nəfəri xilas edərək kənara çıxarıb, növbəti yaralıların ardınca gedərkən partlayan mərmi nəticəsində oktyabrın 10-da şəhidlik zirvəsinə yüksəlmişdir.
Elgiz Abbaslı ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.