• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Mauqli”nin döyüş yolu

  • 21.01.2022, 13:19, Baxış sayı:
  • 815
“Mauqli”nin döyüş yolu
Qırx dörd günlük zəfər yürüşündə Azərbaycan oğulları döyüş meydanında əsl tarix yazdılar. Belə oğullardan biri də 39 gün müddətində Vətən torpağı uğrunda döyüşən Sabirabad rayonunun Qalağayın kəndindən Elvin Cəfərovdur.
Qarşımda baxışları alıcı qartal baxışları kimi iti bir insan əyləşib. Bu qartal sanki öz ovunu görmüşdür və indicə onun üzərinə şığıyacaqdır. Onun baxışlarından insan iradəsi və hünəri hiss olunur. Zənnimdə yanılmamışam. Həmin şəxs Vətən müharibəsində Qələbəmizin qazanılmasında misilsiz fədakarlıq göstərən mübariz ruhlu igidimiz, döyüş meydanında şücaəti ilə düşmənə aman verməyən Elvin Zakir oğlu Cəfərovdur.
Onun qısa tərcümeyi-halı ilə tanış oluruq. O, 1987-ci il martın 2-də Sabirabad rayonunun Qalağayın kəndində dünyaya göz açıb. Elvin Cəfərov orta məktəbi kənddə qurtarıb. Atası pəhləvan olub. 26 ildir ki, haqq dünyasındadır. Anası Ruqiyyə xanım yüngül atletika üzrə Azərbaycan çempionu olub. Kənddə pambıq briqadiri işləyib. Uzun müddət kolxozda çalışıb, özünü nümunəvi işçi kimi tanıdıb. Nənəsi mərhumə Cahan Bağırova I Qarabağ müharibəsinin iştirakçısı idi. Elvingil ailədə iki qardaş, iki bacı olublar. Bir bacısı rəhmətə gedib. Elvinin qardaşı Elnur Cəfərov qaydasız döyüş üzrə dünya və Avropa çempionudur. Elvin Cəfərov ailəlidir. İki oğlu var.
Elvin 2005-ci ildə əsgəri xidmətə yola düşüb. Baş çavuş kimi nümunəvi xidmətinə görə hərbi komandanlıq tərəfindən dəfələrlə təşəkkürlərə layiq görülüb. Hərbi xidmətdən qayıtdıqdan sonra mühafizəçi işləyib.
O, Vətən müharibəsi başlayanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü müraciət edib. Qəlbində intiqam hissi silaha sarılaraq cəbhəyə yola düşüb. O, həmin günləri belə xatırlayır:
-Oktyabrın 1-də evdən çıxdım. Torpaqlarımızı azad etmək üçün yola düşəndə sevincimin həddi-hüdudu yox idi. Çünki biz ölməyə yox, düşmənləri torpaqlarımızdan qovmağa gedirdik. Əvvəlcə Ağcabədidə 4 günlük təlimdə oldum. Sonra 98 nəfər könüllü ilə döyüşə getdim. Döyüşlərdə 39 gün iştirak etdim.
Onun döyüş yolu Füzulidən başlayıb. Füzulinin düşmənlərdən təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Cəfərov deyir ki, müharibənin ən çətin və ağır döyüşləri məhz Füzuli istiqamətində olub.
Daha sonra o, Qubadlıda, Xocavənddə, Hadrutda, Laçında gedən ağır döyüşlərdə fədakarlıqla vuruşub. Şuşa-Laçın dəhlizində yaralanan Elvin Cəfərov deyir ki, Qələbə mənə bütün yaralarımı unutdurdu.
O, döyüşçü yoldaşları arasında “Mauqli” ləqəbi qazanıb. Elvin Cəfərov bu adı necə qazandığı barədə bunları söylədi: “Xüsusi təyinatlıların cərgəsinə qoşulmaq istəyirdim. Bunun üçün məni test etdilər. Ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək tapşırığı aldım. Bir saat müddətində 5 kamera gətirə bilsəm, mən arzuma çatacaqdım. Bu tapşırığı mənə ona görə verdilər ki, kameralar bizi çəkirdi, emənilər harada olduğumuzu görüb vururdular. Ağacların başından xeyli kamera yığdım. Beş kameranı komandirə təhvil verdim. Komandır bildirdi ki, sınaqdan keçmək üçün gərək heç olmasa 6 kamera gətirəydin. Üst geyimimin düyməsini açıb kameraları göstərəndə heyrət etdilər. Əlavə 20-dən çox kamera gətirmişdim. Beləcə, xüsusi təyinatlıların cərgəsinə qoşularaq ən ağır döyüşlərdə oldum”.
Elvin Cəfərov daha sonra: “Yaxınlığıma çox sayda mərmilər düşüb. O dəhşətləri canımla, qanımla yaşamışam. Həmin günlər ərzində kəllə-beyin travması almışam, sol böyrəyim sıradan çıxıb. Gözüm yaxşı görmür, qulağım zəif eşidir. Ən böyük travma isə dostlarımın ölümünə şahidlik etməyim idi. Bu qədər ağrı-acını asanlıqla unutmaq mümkün deyil. Döyüş meydanından çiynimdə 70-dən çox şəhid, 20-dək yaralı çıxarmışam”,-deyə bildirdi.
Elvin Cəfərov döyüş yolundan danışaraq dedi ki, Qubadlıda ermənilərin çoxlu sayda canlı qüvvəsini, texnikasını məhv etdik. Sağ qalan ermənilər isə Azərbaycan ordusunun qarşısından qorxaqcasına qaçırdılar. Qubadlı şəhəri və rayonun ətraf kəndləri düşməndən azad olunduqdan sonra Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün möhtəşəm imkanı əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində kifayət qədər şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Laçın uğrunda döyüşlərə başladıq. Bu döyüşlərdən sonra Laçın dəhlizinin tam atəş nəzarətində saxlamağa nail olundu. Düşmənin hərbi sürsatlarının Qarabağa daşınması və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı. Laçın dəhlizinin bağlanması isə xüsusilə Şuşanın azad edilməsi üçün həyata keçirilən döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll etdi. Döyüşlər çətin olsa da bizim üçün şərəfli idi. Çünki uzun illər idi ki, biz bu günü gözləyirdik. Hər zaman Ali Baş Komandanın əmrini gözləyirdik ki, işğalda olan torpaqlarımızı düşməndən təmizləyək və müqəddəs üçrəngli bayrağımızı ərazilərimizə sancaq. Çox şükür ki, bu günü gördük. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu mənim üçün çox qürurverici hissdir. Vətən müharibəsi zamanı yaxın dostlarım, döyüş yoldaşlarım şəhid oldu, yaralandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Elvin Cəfərovun cəbhə xatirələrindən:”Qoşunlarımız Laçına yaxınlaşmışdı. Komandanlıq qarşımızda belə bir vəzifə qoymuşdu: Qarşıdakı çayı keçib yolu kəsmək, erməni faşist qoşunlarının oradan asanlıqla çıxıb getmələrinə imkan verməmək. Biz əlverişli mövqe tutmuşduq. Burnu əzilən düşmən qoşunları isə təhlükədən xilas olmaq, aradan çıxmaq üçün hiylələr işlədirdilər. Növbəti hiyləgərlik belə idi: “Örtülü mövqeyə çəkilib tam sakitlik yaratmaq. Qoy Azərbaycan Ordusu elə bilsin ki, çəkilib getmişik”.
...Gündüzdür. Uzaqdan hər şey lap aydın seçilir. Müşahidə məntəqəsində o, əlində durbin uzaqlara baxırdı. Heç kim görünmür, sakitlikdir. Sanki bu yerlərdə müharibə çoxdan qurtarmışdır. Lakin aradan bir qədər keçmiş erməni faşist quzğunlarının silahlarının səsi ətrafı bürüyür. Pişik kimi pusquda duran düşmən qəfildən hücuma başlayır. Azərbaycan döyüşçüləri açıq mövqeyə çəkilərək düşmən mövqelərinə atəş açırlar. Ordumuzun əsgərləri atəşlərini bir an belə dayandırmadan zərbəni zərbə üstə endirirlər. Sonra düşmənlə əlbəyaxa güclü döyüş olur. Ermənilər həmin vuruşmada böyük itkilər verirlər. Bir neçə saat davam edən düşmən həmləsi dəf olunur. Həmin döyüşdə Elvin Cəfərov ağır yaralanır.
Bir neçə dəfə yaralanmasına baxmayaraq döyüşə davam edən Elvin Cəfərov sonuncu dəfə ağır yaralandığından hospitala yerləşdirilib. Eşitmə qabiliyyətini və nitqini itirib. Sonradan nitqi və eşitmə qabiliyyəti tədricən bərpa olunub.
Qazimizin anası Ruqiyyə Cəfərova bunları söylədi:
-Həddən artıq sevinirik ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edilib. Şanlı Azərbaycan Ordusu şəhidlərimizin qisasını aldı, ərazi bütövlüyümüz bərpa olundu. Bu qələbəyə görə Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Oğlumla fəxr edirəm. Övladlarımızın hamısının borcudur ki, müqəddəs Vətənin keşiyini çəksin.
Qaydasız döyüş üzrə dünya və Avropa çempionu Elnur Cəfərov qardaşı haqqında belə dedi:
-Fəxr edirəm ki, torpaqlarımızın işğaldan azad olunmasında qardaşımın da əməyi var. Azərbaycan oğulları 44 gün davam edən Vətən müharibəsində döyüş meydanında düşmənə qan uddurub əsrlərlə danışılacaq tarix yazdılar.
Elvin Cəfərov Vətən qarşısındakı xidmətlərinə, müharibədə mərdlik və fədakarlıq göstərdiyinə görə “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Elvin Cəfərov söhbətimizin sonunda dedi ki, Vətənə canım qurban. Döyüş olsa yenə gedərəm. Sonra narazılığını dilə gətirdi: “Onu da deyim ki, şəkər xəstəliyini də müharibədə tapdım. Döyüşə gedəndə çəkim 89 kiloqram idi. İndi 61 kiloqramdır. Müharibədən sonra əsəbi olmuşam. Buna görə də dedilər ki, əvvəlki işinə qayıda bilməzsən. Döyüşdən əvvəl 1 hektar sahədə pambıq əkmişdim. Anam ilə birgə nəzarət edirdik. Mən getdim, anam tək bacara bilmədi. Oğurladılar, yığıb apardılar. Döyüşdə olanda bircə dəfə də olsun ailəmizin dolanışığı ilə maraqlanan olmadı.
Döyüş vaxtı mərmidən dilim batmışdı. Uzun müddət danışa bilmədim. Gələndən sonra iynə-dərmanımı qardaşım aldı. Müalicədən sonra dilim tədricən açılmağa başladı. İndi mənə müalicə lazımdır. Amma imkanım yoxdur. Hərdən gedib fəhləlik edirəm. Müalicə olunmağıma görə əlimdə pul olsun deyə pambıq da yığmışam, fəhləlik də etmişəm. Bütün bunlar mənə çətin olsa da başqa şansım qalmayıb”.
Elçin NƏSİB,
“Muğanın səsi”

“Mauqli”nin döyüş yolu
“Mauqli”nin döyüş yolu
“Mauqli”nin döyüş yolu
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter