• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Kişilərlə yarışa girən 60 yaşlı sürücü-mexanizator

  • 29.12.2021, 17:59, Baxış sayı:
  • 470
Kişilərlə yarışa girən 60 yaşlı sürücü-mexanizator
Foto: Heydər Əliyev pambıqçı Güldanə xanımla.
26 avqust 1978-ci il,Kürkəndi kəndi.
Kişilərlə yarışa girən 60 yaşlı sürücü-mexanizatorKişilərlə yarışa girən 60 yaşlı sürücü-mexanizator
“Özümü xoşbəxt sayıram ki, əmək fəaliyyətinə başlayanda Ulu Öndərlə görüşüb, onun xeyir-duasını almışam...”.

Şərəfli ömrünü vicdanla Azərbaycanda pambıqçılığın inkişafına həsr etmiş Gülsura İbadova ilə bu günlərdə həmsöhbət olduq.
Qısa tanıtma:
Gülsura Azay qızı İbadova 1961-ci il sentyabrın 14-də Sabirabad rayonunun Kürkəndi kəndində kolxozçu ailəsində anadan olmuşdur. Atası Azay kişi suçu, anası Güldanə xanım isə pambıqçı olmuşlar. Onlar xalq, Vətən üçün çox iş görmüşlər. Hər ikisi dünyasını dəyişmişdir. Onların ailəsində Gülsuradan başqa Mənsura adlı qızları da boya-başa çatmışdır. Hər iki bacı uşaqlıqdan zəhmətlə böyümüşlər.
Gülsura İbadova 1977-ci ildə Sabirabad 135 nömrəli texniki-peşə məktəbini bitirərək mexanizator ixtisasına yiyələnmişdir. Həzi Aslanov adına kolxozda əmək fəaliyyətinə başlamışdır. Gənc Gülsura kolxozda əmək fəaliyyətinə başladığı ilk gündən özünü işgüzar, əməksevər işçi kimi göstərmişdir. Pambıqyığan maşınla hər gün bir neçə bunker pambıq toplayırdı. Əməksevərliyi, torpağa bağlılığı kolxoz və rayon rəhbərliyinin diqqətindən kənarda qalmırdı. Pambıq yığımının nəticələrini öyrəndikcə Gülsuraya olan rəğbət daha da artırdı. Ölkə mətbuatında onun əldə etdiyi nailiyyətlərdən geniş bəhs olunurdu. O, həm də ictimai fəal kimi də fərqlənmişdir. İki dəfə Azərbaycan SSR LKGİ-nın, kənd təsərrüfatı işçilərinin, həmkarlar ittifaqı təşkilatının qurultaylarının iştirakçısı olmuşdur.
Gülsura İbadova təhsilini davam etdirərək Göyçay Kənd Təsərrüfatı Texnikumunun mexanikləşdirmə fakültəsini qırmızı diplomla (1983) qurtarmışdır. Ailə həyatı qurmuşdur. Ömür-gün yoldaşı Oqtay Əhmədov uzun illər çilingər işləmişdir. Hazırda təqaüddədir. Onlar öz halal zəhmətləri ilə ailəni dolandırmış, müqəddəslikdən, düzlükdən başqa heç nəyə baş əyməmişlər. 5 uşaq (2 oğlan, 3 qız) böyüdüb ərsəyə gətirmiş, onları Vətənə məhəbbət ruhunda tərbiyələndirmişlər. 3 nəvələri var.
Gülsura xanım söhbətinin əvvəlində bunları söylədi:
-O vaxtlar mexanizator qızlar az idi. “Qızlar, sükan arxasına!” devizinə mən də qoşulmuşdum. Məktəbi qurtaranda Ulu Öndər Heydər Əliyev bizi qəbul etdi. Beş nəfər qızın içərisində ən gənci mən idim. 16 yaşım vardı. Hörüklərim uzun idi. Ümummilli Lider üzünü mənə tutub dedi: “Qızım, Sevil Qazıyevanın da hörükləri cənin kimi uzun idi. Həmişə sevərək oxşadığı saçları Sevili ölümə sürüklədi. Sevilin qatili hörükləri oldu. Özünü qoru”. Ulu Öndər bizə etimad göstərdi, tövsiyələrini verdi. Mən özümü xoşbəxt sayıram ki, əmək fəaliyyətinə başlayanda Ulu Öndərlə görüşüb, onun xeyir-duasını almışam...
1978-ci ildə pambıqyığan maşının bunkerindən 155 ton məhsul boşaltdım. Birincilik əldə etdiyimə görə Sevil Qazıyeva adına prizə layiq görüldüm. Mükafatı Ümummilli Liderimiz Heydər Əliyev “Gülüstan” sarayında təqdim etdi. Sonralar daha yüksək göstəricilər qazandım. 350 tondan çox pambıq yığdım. Tursunoy Axunova adına prizi də almışam. Mükafat Özbəkistanda təqdim olundu.
Gülsurə xanım Ulu Öndərin anası Güldanə ilə bağlı xatirəsini də danışdı. Bildirdi ki, Ümummilli Lider dəfələrlə bizim kolxoza gəlmişdir. Səfərlərinin birində qabaqcıl pambıqçı olmuş anamla tarlada görüşüb söhbət etmişdir. Onların birlikdə şəkilləri məndə durur. O dövrə aid çox sənədlər, şəkillər vardı. Heyif ki evimiz yananda onlar da alışdı...Nə yaxşı ki, bir neçəsini qoruyub saxlaya bilmişəm...
Gülsura İbadova onu da bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev aqrar sahədə çalışanlara, biz pambıqçılara daim qayğı göstərir. İşinin çox olmasına baxmayaraq əməkçilərimizə diqqət yetirir. Pambıq istehsalının artırılması qarşıya məqsəd qoyulmuşdur. Gərək ölkə rəhbərinin bu etimadını ləyaqətlə doğruldaq.
Qeyd etmək lazımdır ki, onun yaşıdları əmək meydanını tərk ediblər. Bu xanım isə öz həmkarlarından fərqli olaraq bu gün də iş başındadır. Hələ də işində-gücündədir. Yenə də sükan arxasındadır. 2020-ci ildə 300 hektar sahənin pambığını yığıb. 2021-ci ildə isə bu rəqəmi 320 hektar həddinə çatdırmışdır.
Gülsura xanım yaxın illərin söhbətini edərək vurğuladı ki, respublikada ilk dəfə olaraq Ucar rayonunda “Çin üsulu” ilə-“qoşa cərgə” əsasında pambıq yetişdirilmişdi. Orada respublika müşavirəsi keçirilirdi. Həmin sahələrə baxıldıqdan sonra oradakı mexanizatora pambığı yığmaq barədə start verildi. Lakin o, bunu bacarmadı. Mən özümü irəli verdim, Kənd Təsərrüfatı naziri İnam Kərimovla kabinəyə əyləşib pambığı yığdım. Öz təcrübəmi həmin mexanizatora da öyrətdim.
Gülsura İbadova söhbətimizin sonunda bunları da bildirdi: “Sovet dövründə Fəxri fərmanlar, digər mükafatlar da almışam. Mənim fəalyyətimin xeyli hissəsi ölkəmizin müstəqillik dövrünə düşür. İstərdim ki, öz Azərbaycanımızın da mükafatını alım. Bu mənim həyatımın ən böyük mükafatı olar və bax onda özümü dünyanın xoşbəxti hesab edərəm”.
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter