Soruşun, cavab verək. Bərbər nə qədər vergi ödəməlidir?
- 28.10.2021, 18:12, Baxış sayı:
- 856
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərbər fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin vergi öhdəliyi nədən ibarətdir?
Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, Vergi Məcəlləsinə əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyirlər.
Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdırlar. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.
Bununla yanaşı, qeyd olunan obyekt fiziki şəxsdən icarəyə götürüldüyü halda, Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəalarına əsasən icarə haqqından əmlakı icarəyə götürən şəxs tərəfindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və vergi orqanına bəyan edilir.
Nəzərə çatdırılıb ki, fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergiödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.