Küçə ticarəti tüğyan edir
- 23.12.2021, 16:08, Baxış sayı:
- 533
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu qanunsuz əməllərə dur deyən tapılacaqmı?!Sabirabad şəhərinin görkəminə xələl gətirən və antisanitariya yaradan küçə ticarəti yol hərəkətinə maneçilik törətməklə yanaşı, şəhər əhalisinə əlavə problemlər yaradır. Belə ki, piyadalar üçün nəzərdə tutulmuş səkilər qanunsuz küçə ticarətçiləri tərəfindən zəbt olunur, insanların küçələrdə sərbəst hərəkət etmələrinə əngəl törədilir. Antisanitariya şəraiti hətta təzə, keyfiyyətli məhsulları da çirklənməyə məruz qoyur. Nəticədə bu məhsullar insan səhhəti üçün təhlükə mənbəyinə çevrilir. Həmin ərazilərə nəzarət edən, daha doğrusu, etməli olan məmurlar isə öz şəxsi maraqlarını nəzərə alıb bu cür qanunsuzluqlara göz yumur, hətta küçə ticarətinin gündən-günə genişlənməsinə şərait də yaradırlar.
Sabirabadda küçə ticarəti əcaib vəziyyətdədir. Kimin hara əli çatırsa, harada adamı varsa, orada küçə ticarətinə başlayır. Küçə ticarəti ən çox adamların “bazar” adlandırdıqları “Sabirabad Kənan-Ş” özəl müəssisənin yaxınlığındakı yolların kənarında, səkilərin üstündə tüğyan edir. Həmin yerlər sanki bazarı xatırladır. Məsələyə aydınlıq gətirmək üçün müəssisənin direktoru Əli Seyidovla görüşdük. O, bizə bunları bildirdi:
-Çoxları elə bilir ki, biz küçə ticarətçilərindən icarə haqqı yığırıq. Lakin bu belə deyildir. Həmin yerin bizə aidiyyatı yoxdur. Küçə ticarətinin qarşısını almaq üçün dəfələrlə polisə demişəm. Lakin tədbir görən yoxdur.
Müəssisəmizdə gigiyenik vəziyyətin qorunması üçün tədbirlər görmüşük. Əvvəllər açıq şəkildə olan piştaxtalar indi üstü örtülüdür. Biz burada səliqə-sahman, təmizlik işləri aparmışıq. Alıcılar və satıcılar üçün hər cür şərait yaratmışıq.
Bəs küçə ticarətinə-bu antisanitariyaya, bu özbaşınalığa dur deyən tapılacaqmı?!
Elçin NƏSİB,
“Muğanın səsi”