• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SABİRABAD-keçmişə və bu günə şahidlik edən diyar

  • 19.01.2021, 08:50, Baxış sayı:
  • 675
SABİRABAD-keçmişə və bu günə  şahidlik edən diyar
SABİRABAD-keçmişə və bu günə  şahidlik edən diyar
Sabirabad rayonu Muğan düzənliyinin şimalında, Kür və Araz çaylarının qovuşduğu ərazidə yerləşir. Sahəsi 1469,7 km2, əhalisi 178,8 min nəfərdir, Bakı şəhərindən 170 km məsafədə, dəniz səviyyəsindən 28, okean səviyyəsindən 16 m aşağıda yerləşir.7 rayonla 346 km həmsərhəddir. Rayon şimaldan Kürdəmir rayonu ilə 46 km, şimal-şərqdən Hacıqabul rayonu ilə 80 km, şərqdən Şirvan şəhəri ilə 7 km, cənub-şərqdən Salyan rayonu ilə 64 km, cənubdan Biləsuvar rayonu ilə 22 km, qərbdən Saatlı rayonu ilə 118 km və İmişli rayonu ilə 9 km qonşudur. Şimaldan-cənuba 66 km, qərbdən-şərqə 24 km məsafə uzanır. Rayonun ərazisinin bir hissəsi Kür çayının sağ sahilində Muğan düzündə, digər hissəsi Kür çayının sol sahilində Şirvan düzündə və qismən Mil düzündə yerləşir.


Dünəni:
Muğanın çox zəngin tarixi var. Enolit dövrünə aid arxeoloji tapıntılar bu yerlərdə yaşayışın çox qədimlərə aid olduğunu göstərir. Suqovuşan, Surra, Qalağayın, Cavad, Şəhərgah xarabalıqları, Surra, Qaratəpə, Abdulian, Qaraqaşlı, Cavad, Bulaqlı, Kürkəndi nekropolları, Kovlar yaxınlığında At-qoyunqışlaq yeri, Sığrı yolu üzərində Təpəqışlaq yeri, Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri müxtəlif tarixi dövrlərə aiddir.
Muğanın şimal hissəsində Kürlə Arazın qovuşduğu Suqovuşanda aparılmış arxeoloji tədqiqatlar bölgənin e.ə. VI minillikdən başlayaraq tarixi keçmişini, məişət və təsərrüfatını işıqlandırmağa imkan verir. Sabirabad rayonunun ərazisi tarixən Muğan düzünə daxildir. Muğan düzü qədimdə Midiyanın, e.ə. IV əsrdən Atropatenanın əyaləti idi. Albaniya dövləti Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubdakı ərazini, o cümlədən indiki Sabirabad rayonunun ərazisini əhatə edirdi.
Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə.III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşguliyyəti əkinçilik və maldarlıq olmuşdur. Burada sənətkarlıq və xalçaçılıq da geniş inkişaf etmişdi. Tunc dövrünə aid sənətkarlıq məmulatları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan ən çox təsərrüfat məqsədi ilə istifadə olunmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplər yerli istehsala məxsusdur. Bölgənin orta əsr yaşayış yerlərindən xeyli miqdarda saxsı məmulatları da aşkar edilmişdir. Yazılı mənbələrdə Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar verilmişdir. Rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numuzmatik materiallar da aşkar edilmişdir. 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə «Sabirabad dəfinəsi» kimi daxil olan sikkələri alimlər Şirvanşah-Kəsranilərə məxsus olduğunu müəyyən etmişlər. Həmin pul vahidləri I Axistana (XII əsrin sonu), II Toğrula (1177-1194), II Fərubuza məxsusdur. Bu bölgədə Eldəgiz və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir.
IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Onların içərisində Muğanşahlıq kimi nisbətən kiçik feodal dövləti də yaranır. Həmin dövrə aid ərəb mənbələrində Muğanda Allan şahın(Amuxan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir və Muğanın ərəb xilafətinə daxil olduğu bildirilir.
Müasir Sabirabad-tarixi torpaqlarının mühüm tərkib hissəsi olan Cavad torpaqları IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrin ortaları və sonunda Salarilərin (941-981-ci illər), XI əsrin ortalarında Məzyədilər dövlətinin tərkibində olmuşdur. Cavad bölgəsi XV əsrdə Şirvanşahlar dövlətinin tərkibində olsa da, həmin dövrlərdə sərhədlərdə tez-tez dəyişikliklər baş verirdi. Muğan torpaqlarının əsas hissəsi 1410-1468-ci illərdə Qaraqoyunlu dövlətinin, sonralar Ağqoyunlu və Səfəvilər dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrdə Cavad Şirvanşahlar bəylərbəyinə, Muğanın qərb hissəsi Qarabağ bəylərbəyinə daxil idi.
Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, Səfəvilər dövlətinin də tərkib hissəsi olaraq, sənətkarlıq və ticarətin inkişaf etdiyi bir diyar olmuşdur. Görkəmli tarixçi Abbasqulu Bakıxanov «Gülüstani-İrəm» əsərində yazırdı ki, «1606-cı ildə Şah Abbas Azərbaycandakı Cavada (Arazın Kürə töküldüyü yerin yaxınlığındakı bir kənddir) tərəf hərəkət etdi. Bəzi çətinliklərlə o biri tərəfə keçərək Şah heç bir yüksüz Şamaxıya tərəf irəlilədi. Şah Abbas Şirvan və Dağıstanın bütün məsələlərini həll etdikdən sonra Əli bəy Cavanşirə qoşunları Ərdəbilə keçirməkdən ötrü Cavadda Kürün üzərində ponton körpü salmaq tapşırığı verdi». Qeyd edək ki, Səfəvi-Osmanlı müharibəsi dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmiş, 1607-ci ildə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar.
Abbasqulu Bakıxanov «Bakı xanlıqları tarixindən» adlı əsərində yazırdı: «15 yanvar 1148-ci ildə (yeni təqvimlə 1736-cı il) Nadir Dağıstanda üsyana qalxmış tayfaları yatırıb Muğan düzündə Cavad keçidi yaxınlığındakı ordugahına qayıtdı. Burada persiyanın bütün əyanları onu gözləyirdilər. Əyanlar arasında bir aydan çox sürən mübahisələrdən sonra burada Nadir 25 fevral 1148-ci ildə (1736-cı il) şah elan edildi».
XVIII əsrin 40-cı illərində Nadir şahın hakimiyyəti və onunla birgə farsların ağalığı tənəzzülə uğradı və 17 xanlıq yarandı. Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi. Bu xanlığın mərkəzi Cavad şəhəri idi. Xanlığın əsas ərazisi Kür çayının sağ sahilində, az bir hissəsi isə çayın sol sahilində yerləşirdi.
Cavad 1768-ci ildə Quba xanlığına tabe edildi. 1813-cü il 13 oktyabr tarixli Gülüstan sülh müqaviləsinə əsasən, Azərbaycan xanlıqlarının bir hissəsi ruslar tərəfindən işğal olundu. Muğan ərazisi də Rusiya əsarətinə alındı. Rusiyada həyata keçirilən inzibati ərazi islahatları nəticəsində 1868-ci ildə Bakı quberniyasının tərkibində yeni bir qəza-Cavad qəzası yaradıldı. Qəzanın sahəsi 11617 kv.km idi. 1897-ci ilin məlumatına görə, burada əhalinin sayı 85063 nəfər olmuşdur.
Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli ukraynalı kəndli köçürüldü və həmin yaşayış məntəqəsi 1888-ci ildən Petropavlovka adlandırıldı. Petropavlovka Bakı quber­niyasının Cavad qəzasının tərkib hissəsi idi. 1901-ci ildə bu ərazidə cəmi 87 təsərrüfat olmuş, 1907-ci ildə həmin ərazilərdə rus kəndlərinin sayı 13-ə çatmışdı. 1913-cü ildə isə burada pambıqtəmizləmə zavodu, iki kustar sənaye müəssisəsi-dəyirman işə salınmışdı.

Ardı var
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter