Sabirabaddan millət vəkili Ramin Məmmədov yazdı
XVIII əsrin 40-cı illərində Nadir şahın hakimiyyəti və onunla birgə farsların ağalığı tənəzzülə uğradı və 17 xanlıq yarandı.
Kiçik xanlıqlar içərisində Cavad xanlığı xüsusilə diqqəti cəlb edirdi.
Bu xanlığın mərkəzi Cavad şəhəri idi.
Xanlığın əsas ərazisi Kür çayının sağ sahilində, az bir hissəsi isə çayın sol sahilində yerləşirdi.
Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir.
Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu.
1768-ci ildə Cavad Quba xanlığına tabe edilmişdir.
Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülmüşdür.
1888-ci ildə indiki rayonun ərazisi Petropalovka adlandırılmışdı.
Petropalovka Bakı quberniyası Cavad qəzasının tərkib hissəsi idi.
1920-ci il may ayının 1-dən Petropavlovka Salyan qəzası dairə inqilab komitəsinin yeni dövlət hakimiyyəti orqanı kimi ilk dəfə fəaliyyətə başladı.
1921-ci il may ayının 1-dən 1929-cu il aprel ayının 8-ə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir.
1929-cu il aprel ayını 8-də VI ümumazərbaycan sovetlər qurultayının qəzaları ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır.
1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476№-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur.
1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi klassik ədəbiyyatımızda ictimai satiranın banisi M.Ə Sabirin adı verilmişdir.
1959-cu ildən Sabirabad şəhəri adlandırılmışdır.
Sabirabad rayonu Milli Qəhrəmanlarımız Fərhad Ağayevin, Mübariz Əhmədovun və Murad Mirzəyevin doğulduğu rayondur.