• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SABİRABAD-keçmişə və bu günə şahidlik edən diyar

  • 12.01.2021, 15:48, Baxış sayı:
  • 680
SABİRABAD-keçmişə və bu günə  şahidlik edən diyar
SABİRABAD-keçmişə və bu günə  şahidlik edən diyar
Sabirabad rayonu Muğan düzənliyinin şimalında, Kür və Araz çaylarının qovuşduğu ərazidə yerləşir. Sahəsi 1469,7 km2, əhalisi 178,8 min nəfərdir. Rayonun ərazisinin bir hissəsi Kür çayının sağ sahilində - Muğan düzündə, digər hissəsi Kür çayının sol sahilində - Şirvan düzündə və qismən Mil düzündə yerləşir.
DÜNƏNİ
Cavad qəzası. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı quberniyasında inzibati ərazi vahidi. Mərkəzi Salyan şəhəri (1916-cı ildən) idi. Rus çarı II Aleksandrın (1855-81) Zaqafqaziya və Qafqaz diyarının idarəçiliyinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli fərmanına əsasən təşkil edilmişdi.
1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. 1920-ci ildə Cavad qəzası Azərbaycan SSR-in tərkibinə daxil olmuş və Salyan adlandırılmış və 1929-cu ildə ləğv edilmişdir.
Bakı quberniyasının ən böyük qəzası olmuşdur. 1870-ci il məlumatına görə, ərazisi 9837,5 kv. verst idi. Bu, quberniya ərazisinin 28,69%-ni təşkil edirdi. 1859-1863 illər kameral təsvirinin yekunları əsasında aparılmış hesablamaya görə, Cavad qəzasında 13142 həyət, 60966 nəfər əhali var idi ki, onların da 33140 nəfəri kişi (54,36%), 27826 nəfəri (45,64%) qadın idi. Cavad qəzası əhalisinin sayına (13,02%) görə, Quba (27,81%), Şamaxı (20,57%) və Lənkəran (16,92%) qəzalarından sonra dördüncü yerdə dururdu. Qafqaz təqviminin (1917) məlumatına görə, Cavad qəzasının ərazisi 8396,97 kv. verst (1870 ilə nisbətən 1441,5 kv. verst az) təşkil edirdi. Həmin dövrdə qəzanın əhalisi 162305 nəfər olmuşdur, onlardan 83955 nəfəri (51,72%) kişi, 78350 nəfəri (48,27%) qadın idi. Qəzanın əhalisi əvvəlki dövrə nisbətən 101339 nəfər və ya 2,66 dəfə artmışdı. Qəza idarə sistemi mövcud idi. Əhalinin qədimdən bəri əsas məşğuliyyəti maldarlıq və qismən də əkinçilik və balıqçılıq idi. Cavad qəzasında çar üsul-idarəsinə qarşı çıxışlar baş vermişdi. Bolşeviklər Bakıda hakimiyyəti ələ aldıqdan sonra qəzalarda da möhkəmlənməyə çalışırdılar. Bakı quberniya komissarı Məşədi Əzizbəyov başda olmaqla, Qırmızı ordunun 240 nəfərlik dəstəsi Bakıdan Salyana gəlmiş və 1918-ci ilin aprelin 21-də Salyanda sovet hakimiyyəti qurulmuşdu. Aprelin sonlarında sovet hakimiyyəti hərbi qüvvənin tətbiqi ilə bütün qəzaya yiyələnmişdi. Bakıda sovet hakimiyyətinin süqutu ilə qəzalarda da onun taleyi həll olundu. Bakı türk-Azərbaycan qüvvələri tərəfindən azad edildikdən sonra (1918, 15 sentyabr) Bakı quberniyasının qəzalarında, o cümlədən Cavad qəzasında Cümhuriyyət hakimiyyəti bərqərar edildi. Hökumətin 1919-cu il 28 aprel tarixli qərarı ilə Cavad qəzası bölgəsində İranla sərhədi qorumaq üçün 200 nəfərlik mühafizə dəstəsi yaratmaqdan ötrü 20 milyonluq fonddan Daxili İşlər Nazirliyinin sərəncamına 602.400 manat vəsait ayrılmışdı. Aprel işğalından (1920) sonra Azərbaycan SSR yaradıldıqda Cavad qəzası da sovetləşdirildi və Salyan qəzasının tərkibinə verildi.
Azərbaycanın yenidən Sovet Rusiyasının tərkibinə qatılmasından sonra 1920-ci il may ayının 1-də Petropavlovka ilk dəfə Salyan qəzası Dairə İnqilab Komitəsinin yerli dövlət hakimiyyəti orqanı kimi fəaliyyətə başladı. 1921-ci il may ayının 1-dən 1929-cu il aprelin 8-nə kimi Sabirabad rayonu Salyan qəzasının Petropavlovka dairəsi kimi fəaliyyət göstərmişdir. 1929-cu il aprel ayının 8-də VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə bura Muğan mahalının Petropavlovka dairəsi adlandırılmışdır. 1930-cu il avqust ayının 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 476 №-li qərarına əsasən mahal sistemi ləğv edilmiş və Petropavlovka müstəqil rayon olmuşdur.
Təxminən bir il sonra, yəni 1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fərmanı ilə Petropavlovkaya Azərbaycanın böyük şairi, klassik ədəbiyyatımzda ictimai satiranın banisi Mirzə Ələkbər Sabirin adı verilmişdir.
Həmin dövrdə Sabirabad Pambıqtəmizləmə və Kür Gəmitəmiri zavodları ən iri müəssisələrdən olmuşdur. Bu iki zavod istisna olmaqla, rayonda fəaliyyət göstərən digər müəssisələr kustar üsulla işləyirdi.
Bu tip müəssisələrdən biri əhəng bişirmə müəssisəsi idi. Əhəngin xammalı Zubovkadan gətirilirdi. 3 nəhəng peçdə 15 ton əhəng hazırlanırdı. Cəmi 6 nəfərin çalışdığı müəssisə 1938-ci ildə 100 tona yaxın məhsul istehsal etmişdi. Yerli gildən kərpic hazırlayan zavodda 60 min kərpic tutan nəhəng kürə tikilmişdi. 1938-ci ildə 2 ay ərzində kərpic zavodunda 50 min kərpic hazırlanmışdı. Limonad zavodu fəaliyyəti dövründə 68 min litr limonad istehsal edə bilmişdi. Zavodda cəmi 4 işçi çalışırdı. Yağ-piy kombinatı da qeyd edilən illərdə 14 min qara sabun və 12,7 min ton yağ istehsal etmişdi.
Rayonun əhalisi 1938-ci ildə 51,4 min nəfər olmuşdur, şəhər əhalisinin sayı 5,6 min nəfər idi. Həmin illərdə Sabirabadın daxili tələbatının əsas hissəsi kustar sənətkarlıq sexləri tərəfindən ödənilirdi.
1938-ci ildə Sabirabad rayonunun rəhbər idarəetmə orqanlarında 216 nəfər işləyirdi. Onlardan 101 nəfəri dövlət idarəetmə, 7 nəfəri məhkəmə, 51 nəfəri kredit idarələrində, xalq təsərrüfatını idarəetmə orqanlarında isə 57 nəfər çalışırdı.
İkinci Dünya müharibəsində 6 min nəfərdən çox sabirabadlı iştirak etmişdir. Onların 4 min nəfərə yaxını alman-faşistlərinə qarşı döyüşlərdə mərdliklə vuruşaraq həlak olmuşdur. Məhəmməd Xəlilov İtaliyada alman-faşistlərinə qarşı göstərdiyi sücaətə görə İtaliyanın Milli Qəhrəmanı fəxri adını almış, Ayaz İsmayılov isə Berlinə qədər şərəfli döyüş yolu keçərək Şöhrət ordeninin hər 3 dərəcəsi ilə təltif olunmuşdur. Bu isə Sovet İttifaqı Qəhrəmanı adına bərabər hesab olunur.
1945-1955-ci illərdə Sabirabadda təsərrüfatın mühüm sahəsi əkinçilik olaraq qalırdı. Dövlət daha çox pambıq sahələrini genişləndirirdi. Taxıl az miqdarda əkilirdi. Muğanın digər hissələrində olduğu kimi, Sabirabad ərazisindən də qışlaq kimi istifadə edilirdi. Dağıstanın saysız-hesabsız qoyun sürüləri qış uzunu Muğanda qışlayır, yazda yaylağa aparılırdı.
1949-1953-cü illərdə Ermənistan ərazisindən, öz ata-baba torpaqlarından 100 min nəfərdən çox soydaşımız Kürqırağı ərazilərə deportasiya olundu. Onların çoxu rayonun Suqovuşan, Əsədli, Həşimxanlı, Şıxsalahlı kəndlərində məskunlaşdılar.
Həmin illərdə Axısxa türkləri də Sabirabada pənah gətirdilər. Bu zəhmətsevər insanlar Əhmədabad, Axısxa və Əliləmbəyli kəndlərini saldılar.
1952-ci il noyabrın 7-də rayon mərkəzinə şəhər tipli qəsəbə, 1959-cu ilin dekabr ayının 4-də isə şəhər adı verilmişdir.
1963-cü il yanvarın 4-də Saatlı rayonu Sabirabada birləşdirilmiş, bu, 1965-ci ilin yanvar ayının 14-dək davam etmişdir. Qeyd edək ki, Saatlı 1943-cü il mayın 25-dən rayon statusu alanadək də Sabirabadın tərkib hissəsi olmuşdur.

(Ardı var)
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter