Qarayev Süleyman Əlibaxış oğlu 3 iyul 1995-ci ildə Sabirabad rayonunun Qalağayın kəndində anadan olub. Orta təhsilini M.Ə. Sabir adına 1 saylı məktəbdə alıb, Azərbaycan İqtisad Universitetində ali təhsilini başa vurub. Sonra əsgəri xidmətə yollanıb, ordu sıralarında yaxşı snayperçi kimi tanınıb. Sonrakı illərdə ixtisasına uyğun bir sıra işlərdə çalışıb, hansı sahədə işləyibsə həmişə barəsində xoş sözlər deyilib. Bu ilin sentyabrın 21-də hərbi səfərbərliyə alınıb, təlimdən sonra Ağdam uğrunda gedən döyüşlərə qatılıb və orada şəhid olub.
Atası Əlibaxış Qarayev söhbət zamanı dedi ki, Süleyman vətənpərvər, dostdan ötrü sinəsini qabağa verən, istiqanlı və çox ailəcanlı idi. Kiçiklə kiçik, böyüklə böyük idi. Səmimiliyi ilə ağsaqqallardan tutmuş kiçik yaşlı uşaqlaradək haminin sevimlisi olmuşdu.
-Ailəmizin tək oğul övladı olduğu üçün mən ona tək ata yox, həm də dost olmuşam. Bütün ürək sözlərini mənlə bölüşərdi. Son aylar ibadətlə məşğul olurdu. Hər müharibədən söhbət düşəndə deyirdi ki, ermənilərə nifrətim o qədər böyükdür ki, müharibəyə birincilər sırasında gedərəm. Elə də oldu. Könüllü getdi. Sentyabrın 26-da Ağdama yola düşməmişdən əvvəl zəng edərək məndən xeyir-dua aldı. Dördüncü gün idi ki, ikinci uşağı dünyaya gəlmişdi. Mənə dedi ki, ata nə yaxşı Allah mənə imkan verdi ki, övladımı gördüm.
“Allahımdan razıyam. Mən Kərbəla və Həcc ziyarətində olmuşam. Bu günə kimi elə bilirdim ki, ən uca zirvə Həcc ziyarətidir. Amma oğlum şəhid olandan sonra gördüm ki, yanılmışam. Ən uca zirvə şəhid atası olmaqdır. Mən indi rahatam ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi altında Qarabağ döyüşlərində həlak olmuş, Xocalıda soyqırıma məruz qalmış vətəndaşlarımızın qanları yerdə qalmadı. Bu müharibədə mənim övladım da iştirak etdi. Allah Vətən yolunda ölən bütün şəhidlərə rəhmət eləsin, ruhları şad olsun”,- deyə şəhid atası bildirdi.
Rauf QARAYEV.