• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

ELM XADİMİ- Tibb üzrə professor, ali dərəcəli cərrah Məmməd Nəsirov

  • 28.11.2020, 12:17, Baxış sayı:
ELM XADİMİ- Tibb üzrə professor, ali dərəcəli cərrah Məmməd Nəsirov
Məmməd Yəhya oğlu Nəsirov 1939-cu il mart ayının 5 də Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və həmin institutu 1962-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
M.Nəsirovun elmi fəaliyyəti 1967-ci ildən başlanmışdır. Həmin il Azərbaycan SSR Elmi-Tədqiqat Klinik və Eksperimental Təbabət İnstitutuna konkurs elan olunarkən o, adı çəkilən institutun kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur. 1970-ci ildə "Fibrinolizin-heparin kompleksinin regionar perfuziya metodu ilə aşağı ətraf magistral venalarının kəskin tromboflebitinin müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1973-cü ilin fevral ayında M.Nəsirov konkurs əsasında I Hospital cərrahiyyəsi kafedrasının assistenti, 1984-cü ildə dosenti, 1987-ci ilin aprel ayında isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun həmin kafedrasının professoru seçilmişdir. 1991-ci ildə Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri seçilmiş və hal-hazırda həmin vəzifədə çalışır. Elmi-pedaqoji və təcrübi fəaliyyəti ilə birgə həm də təşkilati işlərlə də müvəffəqiyyətlə məşğul olmuşdur. 1967-1977-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında cərrahiyyə üzrə attestasiya komissiyasının elmi katibi olmuşdur. 1980-1982-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsinin dekan müavini, 1987-1988-ci illərdə isə II müalicə-profilaktika fakultəsinin dekanı, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş cərrahı işləmişdir. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsinə təyin olunmuş və hal-hazırda həmin vəzifədə işləyir.
1 fevral 1982-ci ildə "Onkoloji xəstələrdə irinli-iltihabi ağırlaşmalar problemi və mikrob əleyhinə tikiş materialı" mövzusunda doktorluq dissertasiyası üzərində işləmək üçün Moskva şəhərinə, SSRİ TEA-nın Ümumittifaq Onkoloji Elmi Mərkəzinə ezam olunmuş və 1986-cı ildə dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. M.Nəsirov ali dərəcəli cərrahdır və klinik işləri müvəffəqiyyətlə elmi işlərin təşkili ilə əlaqələndirir. Professor M.Nəsirov 1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Tibb və Biologiya üzrə Elm və Texnika Komitəsi Elmi Şurasının həmsədri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri, 1994-1997-ci illərdə Azərbaycan Tibb Universitetində doktorluq dissertasiyası üzrə ixtisaslaşmış Elmi Şuranın həmsədri müavini işləmişdir. Rusiya Federasiyası, Fransa, Türkiyə, Orta Asiya Respublikaları və Qazaxıstan alimləri ilə yaxından əməkdaşlıq edir.
Professor M.Nəsirov 200-dən artıq elmi işin, o cümlədən Tibb Universitetinin tələbələri, Həkimləri Təkmilləşdirmə İnstitutunun dinləyiciləri və praktiki cərrahlar üçün yazılmış "Hərbi-səhra cərrahiyyəsi" dərsliyinin müəllifidir. Alim həmçinin 3 monoqrafiyanın, 1 patentin, 12 səmərələşdirici təklifin, 13 metodik göstərişin müəllifidir. Onun rəhbərliyi altında ümumi və təxirəsalınmaz cərrahiyyənin problemlərinə həsr olunmuş əsərlər toplusu dərc olunmuşdur. Onun tərəfindən tərtib və nəşr olunmuş "Azərbaycanca-ingiliscə-rusca tibbi danışıq kitabı"nın bu sahədə dəyərli əsərdir. Professorun rəhbərliyi altında 5 doktorluq, 11 namizədlik dissertasiyası həyata keçirilmişdir.
2000-ci ildə ona əməkdar elm xadimi fəxri adı verilmiş, 2001-ci ildən Azərbaycan Respublikasının tanınmış alimlərinin siyahısına daxil edilmişdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter