• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

AKADEMİK BÖYÜKKİŞİ AĞAYEV

  • 03.02.2021, 19:01, Baxış sayı:
  • 638
AKADEMİK BÖYÜKKİŞİ AĞAYEV
Akademik, tibb elmləri doktoru, görkəmli alim,
cərrah, tibb xadimi, pedaqoq


Böyükkişi müəllim xalqımızın böyük ziyalısı Həsən bəy Zərda­binin nəslindəndir. B.Ağayevin həyat yoluna ötəri bir nəzər saldıqda onun necə çətin, keşməkeşli və eyni zamanda şərəfli bir yol keçdiyini görürük. Böyükkişi Ağa oğlu Ağayev 1944-cü ildə Sabirabad rayonunda orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. Birinci kursda bütün yoldaşlarından yaşına və boyuna görə balaca, lakin həkimlik taleyi böyük olacaq Böyükkişi həvəslə tibb elminin dərinliklərini öyrənməyə başlayır. III kursdan о gecələri cərrahi klinikada keçirir; IV kursdan isə tələbə elmi cəmiyyətində fəal iştirak edir, elmi mövzular üzərində çalışır. İnstitutu bitirdikdən sonra Sabirabad rayonuna cərrah təyin edilir və dərhal akademik Mirqasımovun rəhbərlik etdiyi klinikaya təkmilləşməyə göndərilir. Praktiki bacarığını artırdıqdan sonra o, 4 il müddətində Sabirabad MRX-da cərrahi şöbənin müdiri vəzifəsində çalışır. Qısa bir müddətdə yüksək nüfuz qazansa da, elmlə məşğul olmaq arzusu onu tərk etmir. 1954-cü ildə Böyükkişi müəllim II Moskva Tibb İnstitutunun cərrahiyyə üzrə aspiranturasına sənədlərini verir və 4 yer üçün sənəd vermiş 13 nəfərin arasında keçirilən imtahandan həmin yerlərdən birini tutmağa nail olur. Cüzi aspirant təqaüdünə qane olaraq özünü və ailəsini böyük maddi sıxıntılara salsa da, elm naminə, yüksək ixtisaslı cərrah olmaq üçün belə bir ağır həyat yoluna sevinə-sevinə qədəm qoyur. Onun xatirələrindən oxuyuruq: “Mənim yenidən təhsil üçün Moskvaya getməyimə atam-anam o qədər də sevinmirdilər. Ailə qurmamışdım. Yaxşı maaş alırdım, hörmət sahibi idim. Böyük qardaşım Bakıda oxuyurdu; kiçik qardaşım əsgərlikdə idi; bacım məktəbli idi, ailəyə kömək edən təkcə mən idim. Amma mən qərarlı idim. Sentyabrın 27-də Bakı-Moskva qatarı ilə Moskvaya getdim. Oktyabrın 1-də institutun yataqxanasında yer aldım. Zirzəmidə yerləşən bu soyuq, nəm otaqda çarpayıda uzanmışdım. Amma o qədər xoşbəxt idim ki, mən, Ağayev Böyükkişi Ağakişi oğlu Moskva Dövlət Tibb İnstitutunun aspirantıydım. Mən gizli, əlçatmaz arzuma nail olmuşdum”.
Böyükkişi Ağayev Andrey Vladimiroviç Qulyayevin klinikasında aspiranturanı bitirir. Namizədlik dissertasiyasını müdafiə edərək Həştərxan Tibb İnstitutuna assistent vəzifəsinə təyinat alır. Həştərxanda çalışdığı qısa müddətdə Böyükkişi Ağayevin müsbət keyfiyyətləri öz bəhrəsini verir: ona mühazirə oxumaq həvalə edilir və partiya elitasının müalicə olunduğu 4-cü idarəyə cərrah-məsləhətçi seçilir. Cavan bir azərbaycanlının qısa müddətdə Rusiyada belə müvəffəqiyyət qazanması doğrudan da çox təqdirəlayiq bir hal idi. Hər baxımdan yaxşı şəraitli olmasına baxmayaraq, elmi tədqiqatlarını Vətənində davam etdirməyi qərara alır və 1960-cı ildə Bakıya qayıdaraq Onkologiya İnstitutunda cərrah işləməyə başlayır. Böyükkişi Ağayev 1966-cı ildə böyrəküstü vəzi hormonal funksiyasının dinamikasının nəticələri haqda II Moskva Dövlət Tibb İnstitutunda doktorluq dissertasiyasını müdafiə edir. Həmin müdafiədə çıxış edən cərrahiyyə kafedrasının müdiri, professor Yorof demişdir: “Doktor Ağayevin Moskvada etdiyi namizədlik dissertasiya işindən sonra bir doktorluq və 3 namizədlik işi yazıldı, indi müdafiə etdiyi doktorluq işi isə üç doktorluq və on namizədlik işi üçün kifayət edər”.
O zamankı Səhiyyə naziri Fəxri Vəkilov B.Ağayevi 1967-ci ildə təzə yaradılan elmi şöbəyə rəhbər təyin edir. Bu vəzifədə Böyükkişi Ağayevin təşkilatçılıq bacarığı üzə çıxır: 2 il 7 ay ərzində SSRİ-nin Mərkəzi Klinikalarına 180 aspirant və 120 kliniki ordinator göndərilir. 1968-ci ildə Böyükkişi Ağayev Tibb İnstitutunun Hospital cərrahiyyə kafedrasına professor seçilir. 1970-ci ildə yeni Səhiyyə Naziri təyin olunduqda Böyükkişi Ağayev öz xahişi ilə Elmi Şöbənin rəisi vəzifəsindən azad olunur və 1973-cü ildən ömrünün axırına kimi cərrahiyyə kafedrasının müdiri vəzifəsində çalışır. Qısa müddətdə onun yaratdığı məktəb SSRİ-də öd yolları və pankreas cərrahiyyəsi üzrə mərkəz yerlərdən birini tutur. Bir-birinin ardınca çoxsaylı ixtiralar olunur və səmərələşdirici təkliflər həyata keçirilir, doktorluq və namizədlik dissertasiyaları müdafiə olunur. Hər il 600-dən çox mürəkkəb əməliyyatlar yerinə yetirilir. İlk USM, FQOS Respublikada məhz Böyükkişi Ağayevin klinikasında aparılır. Böyükkişi Ağayevin istedadı, bacarığı, yorulmaz iş qabiliyyəti Ulu Öndərimiz Heydər Əliyevin diqqətini cəlb edir: 1976-cı ildən Səhiyyə Nazirliyinin 4 №-li İdarəsində cərrah-konsultant seçilir. 1979-cu ildə Böyükkişi Ağayev Əməkdar elm xadimi adına layiq görülür və 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilir.
1989-cu ildə Böyükkişi Ağayev Azərbaycan EA-nın həqiqi üzvü olur. 1990-cı ildə o, Azərbaycan Ali Sovetinin deputatı seçilir. 1992-ci ilin oktyabr ayının 18-də Ali Sovetin Sessiyasında Azərbaycanın müstəqillik aktı qəbul edilir və orada Böyükkişi Ağayev çəkinmədən, qorxmadan Azərbaycanın müstəqilliyinə imza atan deputatların cərgəsində yer alır. O, bu barədə həmişə deyirdi: “Mən fəxr edirəm ki, ölkəmin və millətimin ən önəmli tarixində məhz mənim də iştirakım və imzam olubdur”.
1999-cu ildə Böyükkişi Ağayev fəaliyyətində yeni bir mərhələ başlayır – o, M.A.Topçubaşov adına ET Klinik Təbabət İnstitutuna (hazırkı Azərbaycan Respublikası Səhiyyə Nəzirliyi Milli Cərrahiyyə Mərkəzi) direktor təyin olunur. Bu illərdə Böyükkişi Ağayev öz ana xəttinə sadiq qalmaqla fəaliyyətini davam etdirir, gənc alimlərin birinci Beynəlxalq Konfransı, professor Zərgərlinin 70 illiyinə həsr edilmiş konfrans, AvroAsiya Beynəlxalq Cərrahlar və qastroenteroloqlar konfransları keçirilir. Topçu­başovun büstü qoyulur. İnstitutun elmi və praktiki həyatında böyük dəyişikliklər baş verir; onlarla cavan kadrlar xarici ölkələrin qabaqcıl elmi Mərkəzlərinə göndərilir; yeni elmi şöbələr yaradılır; elmi planlar yeniləşdirilir və zamanın tələbinə uyğunlaşdırılır. Görkəmli alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə etmişdir. 8 monoqrafiya, 7 dərslik, 15 ixtira, 36 səmərələşdirici təklif, 18 metodik tövsiyə, 296 elmi məqalə və tezis (onlardan 214-ü xaricdə) çap edilir. Təkcə onu demək kifayətdir ki, Avroasiya Beynəlxalq Cərrahlar və qastroenteroloqların 7, 9, 11-ci konfranslarını Böyükkişi Ağayev Bakıda keçirmiş və burada 35 xarici ölkədən olan alimlərin iştirakına nail olmuşdur. 2005-ci ildən Böyükkişi Ağayev “Cərrahiyyə” jurnalını təsis etmiş və bu jurnalın yüksək elmi səviyyədə nəşr olunmasını təmin etmişdir. O, uzun illər Respublika Cərrahlar cəmiyyətinə sədrlik etmişdir.
Alim Tibb İnstitutunun tələbələri üçün cərrahlıq fənnindən dərsliklərin yazılmasında da müstəsna xidmətlər göstərmişdi. Ana dilindəki dərsliklərin çatışmazlığını nəzərə alaraq o, 1980-ci ildə Azərbaycan dilində "Klinik cərrahiyədən mühazirələr" dərsliyinin birinci hissəsini,1982-ci ildə ikinci hissəsini yazıb çap etdirmişdi. 1989-cu ildə isə "Cərrahi xəstəliklər" dərsliyinin 1-2-ci hissələrini nəşrə hazırlamışdı.
Alim tibb üzrə bir sıra cəmiyyətlərin və elmi şuraların üzvü idi. Elmi-pedaqoji fəaliyyəti, tibb sahəsində göstərdiyi müstəsna xidmətlər nəzərə alınaraq o, 1998-ci ildə “Şərəf” ordeni ilə təltif olunmuşdu. Həmçinin Akademik M.A.Qasımov adına mükafata, Akademik M.A.Topçubaşov adına mükafata və Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdü.
Görkəmli alim 2018-ci ilin aprelin 4-də 90 yaşında vəfat etmişdir.
Allah rəhmət eləsin!
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter