Həmyerlimiz- Azərbaycan Dövlət Pedaqoji Universitetinin ədəbiyyatşünas alimi Təyyar Cavadov “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.Təyyar Salam oğlu Cavadov 1960-cı ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuş, 1977-ci ildə Sabirabad rayonu Ulacalı kənd orta məktəbini bitirmiş, həmin ildə Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olmuşdur.
1981-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Sabirabad rayonuna Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim göndərilmişdir. 1981-ci ildən Sabirabad rayonu Qalağayın kənd orta məktəbində müəllim, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini, 1983-cü ildən isə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmış,1984-cü ildə Lenin adına APİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə aspiranturasına (qiyabi) daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan uşaq poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1985-ci ildən 1991-ci ilədək Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş,1991-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmış, 1996-cı ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir.
1998-ci ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı, 2003-cü ildən isə Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışmış, 2007-ci ildə "80-ci illər Azərbaycan romanı: janr təkamülü" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildə Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə professor elmi adı almışdır. 2010-cu illərdə Bakı Qızlar Universitetində əlavə iş yeri kimi professor, Ədəbiyyat və jurnalistika kafedrasının müdiri, elmi işlər üzrə prorektor vəzıfələrində çalışmışdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2013–2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Filologiya üzrə Ekspert Şurasının üzvü, sədr müavini və sədri kimi çalışmışdır. Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır. Elmi məqalələri Rusiya, Türkiyə və başqa xarici ölkələrdə çap olunmuşdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli sərəncamıyla Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ədəbiyyatşünas alimi Təyyar Cavadov “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Bu münasibətlə həmyerlimizi səmim - qəbdən təbrik edir, elmi işlərində uğurlar arzulayırıq.
“Muğanın səsi”