“Bu möhtəşəm, tarixi, misilsiz qələbəyə görə Azərbaycan Milli Ordusunun Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin və bu Ali mükafatın Qızıl ulduzunu hörmətli Prezidentimizin yaxasına xalqımızın sevimlisi olan Birinci vitse-prezident Mehriban Əliyeva sancsın”.
Azərbaycan Ordusunun Qarabağda apardığı uğurlu əməliyyatlar, Haqq savaşı, Vətən savaşı Azərbaycanın- İlham Əliyevin Zəfəri ilə başa çatdı. Bu, Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdiyi təbrik və təşəkkür məktublarından da aydın görünür. Sabirabad rayonundan da vətəndaşlar dövlətimizin başçısına məktublar ünvanlayırlar. “Muğanın səsi” Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir:
Sabirabad şəhəri, Şəmsiyyə Həşimova- Hörmətli və əziz Prezidentimiz. Bir zabit anası olaraq mən də Sizə “Gözünüz aydın!” deyirəm. Sizinlə fəxr edirik. Allah Sizi bizim xalqımıza çox görməsin. Siz düz deyirdiniz ki, Şuşasız işimiz yarımçıq qalar. Çünki, Şuşa Qarabağın ürəyi, gözüdür. Sizin əzəmətli, vüqarlı dağ kimi möhkəm heykəlinizi Qarabağın gözündə - Şuşada uca bir yerdə görmək istəyirəm. Siz buna layiqsiniz. Azərbaycan torpaqlarını əsrlərlə zəbt ediblər, ancaq Sizdən başqa geri qaytaran olmayıb. Siz 30 ildən sonra bu sevinci bizə yaşatdınız. Hörmətli Prezident, Siz şəhidlərimizin qanını yerdə qoymadınız. Allaha çox şükürlər olsun! Yalnız şəhidlərimizin ruhu yox, Qarabağın anası Natəvanın, Vaqifin, Üzeyirin və Qarabağ həsrətilə dünyasını dəyişən neçə-neçə insanın ruhu rahatlaşıb Sizdən razı qaldı. Siz bizim iftixarımız, vüqarımız, əyilməz iradəmiz, əbədi və uca Prezidentimiz, ürəyimizi ilhamla yaşadan İlhamımızsınız! Eşq olsun Sizə və Azərbaycan Ordusuna! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Sabirabad rayonu, Muğangəncəli kəndi, əsgər anası Səbinə Əkbərova- Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan! Əsgər anasının ürəyindəki odlu-alovlu arzularını yerinə yetirən Sərkərdəm! Hər dəfə Çingiz Mustafayevin Xocalı soyqırımında çəkdiyi kadrlara baxanda ürəyimdə düşmənə qarşı olan kin-küdurət, qisas hissi daha da artırdı. Eşq olsun bizim igid əsgərlərimizə ki, bu Qələbə ilə ana-bacılarımızın, günahsız körpələrimizin, şəhid qardaşlarımızın qisasını yerdə qoymadılar. Cənab Prezident, hər dəfə televiziyada çıxış etdiyiniz zaman içimdə Sizi bağrıma basmaq, alnınızdan, əllərinizdən öpmək arzusu keçirdi. Siz Ulu Öndərimizin yadigarı, Tanrının bizə bəxş etdiyi xilaskarsız. Allah Sizi və Azərbaycan Ordusunu qorusun!
Sabirabad şəhəri, Mirsahib Hadıyev- Hörmətli Prezidentimiz. Sizin möhtəşəm cəsarətiniz, uğurlu daxili və xarici siyasətiniz və ən başlıcası polad kimi möhkəm yumruğunuz sayəsində mənfur düşmənin - əfi ilanın başı əzildi. Bu qələbə ilə Siz Azərbaycanın yeni tarixini yazdınız. Bu möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edərək Azərbaycan xalqına bir 84 yaşlı ağsaqqal kimi müraciət edərək deyirəm: “Bu möhtəşəm, tarixi, misilsiz qələbəyə görə Azərbaycan Milli Ordusunun Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin və bu Ali mükafatın Qızıl ulduzunu hörmətli Prezidentimizin yaxasına xalqımızın sevimlisi olan Birinci vitse-prezident Mehriban Əliyeva sancsın” Hörmətli Prezident, mənim nəvəm Seyidrza Hadıyev Vətən müharibəsinin ilk günlərindən Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak edib, topçu kimi hazırda da hərbi xidmətdədir. Hörmətli Prezidentmiz, bilirik ki, qarşıda Sizin həlli vacib olan mühüm işləriniz çoxdur. Ona görə Allahdan Sizə və ailənizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram.
Sabirabad rayonu, Şıxlar kəndi, Seyidtura Usubova- Cənab Prezident, Müzəffər Ali Baş Komandan! İgid sərkərdə kimi öz xalqının başında rəşadətlə dayanmağınız bütün xalq üçün bir fəxr, qürur hissidir. Sizi və Ordumuzu Qələbə münasibətilə təbrik edirəm. Qoy, Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Sabirabad Suvarma Sistemləri İdarəsinin kollektivi adından Şafiq Heydərov- Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan, sabirabadlıların ən yaxın dostu ümummilli lider Heydər Əliyevin layiqli davamçısı əziz İlham Əliyev. Bu günlərdə həyacan və sevinc içində yaşayan rayonumuz və bizim idarənin kollektivi noyabrın 8-də qeyri-adi zəfər hissi keçirdik, bu Qarabağımızın mirvarisi sayılan Şuşanın işğaldan azad olunması ilə bağlıdır. Sizin komandanlığınız və əsgərlərimizin şücaəti ilə Şuşa özümüzə qayıtdı. Böyük çoşqu ilə hamı bir-birinə “Gözünüz aydın! Şuşa azaddır, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyərək təbrik etdilər. Allah Sizə cansağlığı, Ordumuza yenilməz güc versin, yaxınlarda digər rayonlarımızın da işğaldan azad olunması xəbərini Sizdən eşitmək arzusu ilə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya uzun ömür, cansağlığı arzulayırıq. Qarabağ Azərbaycandır!
Sabirabad rayonu, Həşimxanlı kəndi, Əzbərağa Cəfərov-Azərbaycan xalqının mərd, vətənpərvər oğlu cənab İlham Heydər oğlu Əliyev. Ailə üzvləriniz də daxil olmaqla Sizə uzun ömür, cansağlığı arzulayıram.2020-ci il sentiyabrın 27-də əks-hücumla başladığımız Vətən Müharibəsində Ordumuz və onun Ali Baş Komandanı - Siz mərdlik, cəsarət göstərərək noyabrın 10-da müharibəni tam qələbə ilə başa çatdırdınız. İki dövlət, bir millət, dünya ölkələrinin liderlərini mat qoyan iki əziz qardaşlar, bu qələbə münasibəti ilə Sizləri səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Uca Tanrı sülh içində yaşamağı bizə nəsib etsin. Uca Tanrı bütün türk dünyasına, bütün müsəlman dünyasına kömək olsun.
Sabirabad rayonu, Əsədli kəndi, Nilufər Fərzəliyeva - Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan! Sizin müdrikliyiniz və Ordumuzun cəsarəti sayəsində işğal altında olan torpaqlarımız yenidən özümüzə qaytarıldı. Bunun üçün başda Siz olmaqla müzəffər Ordumuza dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda Sizə ölkəmiz üçün gördüyünüz bütün yaxşı işlərə və yeniliklərə görə də təşəkkür edirəm. Bizim savaşımız haqq savaşıdır. Bu haqq savaşında qalib gələcəyimizə inanıram. Cənab Prezident, mənim xalamın oğlu Xəyal Nuruzadə də könüllü olaraq cəbhəyə yollandı və düşmənlə qəhrəmanlıqla döyüşdü. Allahdan onun simasında bütün əsgərlərimizə cansağlığı arzulayıram. Mən çox sevincliyəm ki, 30 ilə yaxın işğal altında qalan Qarabağımız tezliklə azadlığa qovuşacaq. Bunun üçün mən özüm də mənfur düşmənlə savaşmağa hazır idim. Hesab edirəm ki, ölkəmin hər qarış torpağı üçün canımdan keçmək mənim də borcumdur. Biz hər zaman qəhrəman Ordumuza dəstək göstərməliyik. Mən Ordumuzla fəxr edirəm. Əminəm ki, gələcək nəsillər də qəhrəman əsgər və zabitlərimiz haqqında qürurla danışacaqlar. Çünki şanlı Ordumuz şərəfli tarix yazaraq gələcək nəsillərə yaxşı bir nümunə qoydu. Ona görə də həmişə dua edirəm ki, Allah Sizi və müzəffər Ordumuzu qorusun! Allah Sizin cəsarətiniz və möhkəmliyinizi, Ordumuzun isə güc-qüvvətini artırsın.