• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şeirlər

  • 08.01.2024, 20:17, Baxış sayı:
  • 315
Şeirlər
Təranə Dəmir

Təranə Dəmir (Təranə Dəmirova) Sabirabad rayonunun Kolanı (hazırda bu kənd Hacıqabul rayonunun ərazisinə daxildir) kəndində ziyalı ailəsində doğulub. Kolanı kənd tam orta məktəbini medalla başa vurub. Məktəb vaxtlarından şeirlərilə dövri mətbuatda çıxış edib. BDU-nun (ADU) jurnalistika fakültəsini əla və yaxşı qiymətlərlə bitirib. Dəfələrlə Azərbaycan televiziyasının və radiosunun qonağı olub. Şeirləri Azərbaycanın müxtəlif mətbu orqanlarında dərc olunub. 7 kitab müəllifidir. Dərc olunmamış 3 kitabı var. AYB-nin üzvüdür. Bir sıra media mükafatlarına layiq görülüb



UŞAQLIQ ŞƏKİLLƏRİMƏ

Hamı şəkillərdə köhnə vaxtdadı,
Hamı gözlərində gülüş dayanıb.
Hamı məhəbbətlə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.

Nimdaş paltarında, təzə donunda
Necə bəxtəvərdi şəkil uşaqlar.
Elə bil tərtəmiz göz ekranıyla
Sevincin rəsmini çəkir uşaqlar.

Heç kimin dünyadan xəbəri yoxdu,
Xoşbəxtdi çərçivə içində hamı.
Keçmiş zamandadı burda hər nə var,
Burda salamlayır illər adamı.

Hələ sabahından xəbərsiz baxır
Şəkildən üzümə gülən uşaqlar.
Hamısı bir boyda ,bir biçimdədi--
Qaraşın uşaqlar, kürən uşaqlar.

Hələ günahsızdı, hələ qınaqsız,
Hələ ürəyimiz girov düşməyib.
Hələ bant bağlayıb saçına qızlar,
Hələ ki, oğlanlar kişiləşməyib.

Hələ yol gedirik sabaha sarı,
Hələ ki, aldadır nağıllar bizi.
Hələ ki, şeytanlar, cinlər yol gəlir,
Hələ ki, axtarır paxıllar bizi.

Başımız qarışıb qovub tutmağa,
Yoruruq yolları, qayalıqları.
Hələ keçməmişik həsrət içindən,
Hələ dadmamışıq ayrılıqları.

Hamı şəkillərdə köhnə vaxtdadı,
Hamı gözlərində gülüş dayanıb.
Hamı sevgi ilə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.


BU KƏND QOCALIB

Biz kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz mələk çağıydı.

Qayıdıb gələndə gördüm yaz hanı?
Bu kəndin çəməni , otu qocalıb.
Qocalıb böyürkən kollarınacan,
Pişiyi qocalıb, iti qocalıb.

Mənim gəlişimə sevinmədi heç,
Yollar tanımadı məni deyəsən.
Yadından çıxmışam torpağın, daşın,
Dumanın, çiskinin , çənin deyəsən.

Suvağı tökülən köhnə evlərin
Qapısı qocalıb, damı qocalıb.
Məni tanımadı təzə qonşular,
Məni tanıyanlar hamı qocalıb.

Üşüdüm buz kimi baxışın altda,
Yer tapa bilmədim özümə burda.
Düşdü baxışlarım fikir toruna,
Durdu xatirələr üzümə burda.

Bu kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz, mələk çağıydı.


BİZİMDİ

Bu günü təqvimdən oğurlamışıq,
Bu günəş bizimdi, bu səhər bizim.
Bu yol, bu ağaclar, bu daş, bu divar,
Bu küçə bizimdi, bu şəhər bizim.

Səni ovuduram baxışlarımla,
Həsrətin ağrısı canından çıxır.
Bu gün Yer də bizim, Göy də bizimdi,
Bu gün başımıza səadət yağır.

Bizi unutmayıb sahil deyəsən,
Bizi xatırlayır görüş yerimiz.
Bu gün od vurmuşuq xatirələrə,
Bu gün yandırmışıq ayrılığı biz.

Dalğalar sahilə çırpır özünü,
Bizi salamlayır dəniz beləcə.
...Hələ ki, sabaha bir ömür qalıb,
Gəl tut əllərimdən bu gündən keçək.


İNDİ BU PAYIZDAN...

İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini sevməyin gəlir.

Həsrət havası var çöldə, bayırda,
Boşalır buludlar, dolur buludlar.
Torpaq qol götürüb oynayan anda
Başının üstünü alır buludlar.

Neçə arzu yatır xəzəlin altda,
Üstünü, başını örtüb gedirik.
Hələ ki, gizlənib günəş buludda,
Küləkdən, yağışdan tutub gedirik.

İndi bu payızın sevdası ayrı,
İndi bu payısın odu başqadı.
İndi bu payızın mayası ayrı,
İndi bu payızın dadı başqadı.

Küsübdü dərələr, dağlar adamdan,
Yamaclar qanrılıb üzünə baxmır.
Şair olduğun da çıxır yadından,
Qələm də, varaq da sözünə baxmır.

İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini sevməyin gəlir.


ALDADIR SƏNİ

Bu dünyanın sonu bəlli,
Başı da aldadır səni.
Çiçəyi də, çəməni də,
Daşı da aldadır səni.

Özündən baş açmır özü,
Hər yan savaş, hər yan hüzün,
Başına dəysin dolusu,
Boşu da aldadır səni.

Gələri var, gedəri var,
Ziyanı var, xətəri var,
Qurunun nə xəbəri var –
Yaşı da aldadır səni.

Nəfəsi də borc ,sələmdi,
Alıb vermək dərd, ələmdi,
Baharı ayrı aləmdi,
Qışı da aldadır səni.


QOCA

Yol-yol, küçə-küçə sürünən qoca,
Əlin ətəyindən uzun, gedirsən.
Bəlkə neçə-neçə günahlarından,
Bəlkə savabından küsüb gedirsən.

Ləpirin yollardan utanır, bəlkə
Yollar da utanır izindən sənin.
Elə töyşüyürsən, sanki bu dünya
Asılıb bu yorğun dizindən sənin.

Köhnə papağın da başından düşür,
Papaq da yekədi başından, qoca.
Göy üzü qapısın açıb haçandı,
Səni kim alacaq qışından, qoca

Bu şəhər, bu küçə, bu it, bu pişik
Topal yerişindən tanıyır səni.
Bəlkə də yanından keçən cavanlar
Qəlbində o ki var qınayır səni.

Sökük çəkmələrin yorub yolları,
Bezibdi bu şəhər, bu küçə səndən.
Bu daşlar, divarlar, evlər, ağaclar
Şəkil çəkdirirlər gizlicə sənnən.

Daha arzular da yorğun düşüblər,
Əlindən tutmağa gücü qalmayıb.
Şəhərin başına dolanıb ömrün,
Daha aldanmağa küçə qalmayıb.

Özün də bilmirsən nə istəyirsən,
Hayana sürüyür ürəyin səni?
Sağından, solundan gözəllər keçir,
Vurur saçlarının küləyi səni.

Şəhərin səs-küylü küçələrində
Küləklə, yağışla sevişən qoca.
Çəlik ayaqların sözünə baxmır,
Alçaqda, çökəkdə sürüşən qoca.


ADAM BU PAYIZDA ÖLƏ, İLAHİ

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.

Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə qurdlar, köpəklər,
Sənə batırmağa dişi olmaya.

Sakitcə dolana dünya başına,
Sən də ağac kimi durub baxasan .
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.

Başına yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən dırnağa tərsiz, tumarsız,
Bu susuz adamdan, bu ac adamdan.

Günəş budağında çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın –
Bu dağlar, dərələr, təpələr sənin.

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.


FƏSİLLƏRİN SAVAŞI

Bir ürək alışır odsuz, ocaqsız,
Bir ürək hicrana təndi hardasa.
Bir qız gəlin köçür tərsiz, duvaqsız,
Bir sığal üşüyür indi hardasa.

Bir sevgi boğulur minnət içində,
Bir ümid yol gedir Allaha sarı.
Bir günah aparır payız köçündə,
Bir payız yüyürür günaha sarı.

Bir çiçək çırpınır xəzəllər altda,
Bir bağ küləkləri söyür yenə də.
Bir vüsal əlini üzüb bahardan,
Bir sevda qapını döyür yenə də.

Fəsillər savaşır beləcə indi,
Bahar payız ilə, payızsa qışla.
Hərə bir tərəfdə can çəkişdirir
Günəşli, yağışlı bir aldanışla.

Gəlir xəyanəti özündən qabaq,
Bir qış gözlərində cəsarət gəlir.
Qışda sevilmək də, sevmək də qınaq,
Qarşıdan deyəsən qiyamət gəlir.


BU ŞƏHƏR

Bu şəhərin adamların don vurub,
Bu şəhərin küçələri yel çəkir.
Bu şəhərin ayaqları yorulub,
Bu şəhərin baxışları yol çəkir.

Qapısında növbədədi maşınlar,
Qonaqlıdı, qaralıdı bu şəhər.
Həsrəti var, hicranı var, dərdi var,
Ayrılığa sevdalıdı bu şəhər.

Başı üstə əksik olmur qovğalar,
Bu şəhəri hərə bir cür şərləyir.
Göyərçinlər, sığırçınlar, qarğalar
Bu şəhərin göz yaşını dənləyir.

Bina- bina betonlaşır bu şəhər,
Hər çiynində bir göydələn ucalır.
Keçmişiylə vidalaşır bu şəhər,
Dükan-dükan, kafe-kafe qocalır.

Sümürürlər torpağını, daşını,
Bu şəhərin qəsdinəmi durublar?
Qəpik-qəpik tovlayıblar başını,
Bu şəhəri manat-manat yorublar.

Bu şəhərin sevgilərin don vurub,
Bu şəhərin sevgiləri yalavac.
Bu şəhərin köpəkləri qudurub,
Bu şəhərin pişikləri acdı, ac.


***

Qorxma, bir gün unudarsan hər şeyi,
Unudarsan, yaddan çıxar adım da.
Yavaş-yavaş nəfsin çəkməz bu eşqi,
Yavaş-yavaş heç nə qalmaz dadında.

Unudular xatirələr səninçün,
Min baxışda min məhəbbət taparsan.
Aldadarsan bir payızın başını,
Bu bahardan o bahara çaparsan.

Soyunarsan həsrətini qəlbinin,
Zaman gələr, tanımazsan heç məni.
Qoşularam ayrılığın köçünə,
Bilməzsən ki, hara dartır köç məni.

Xəyallarım küsüb gedər uzağa,
Şəkillərdən incik-incik baxaram.
Sən düşdükcə çiçəklərin dalınca,
Mən yadından xəzəl-xəzəl çıxaram.

Qorxma, bir gün unudarsan hər şeyi,
Unudarsan, yaddan çıxar adım da.
Yavaş-yavaş məni çəkər göy üzü,
Yavaş-yavaş heç nə qalmaz yadında.


GECƏ XOŞ GƏLDİN

Ayağın sayalı olsun,
Gecə xoş gəldin, xoş gəldin.
Bu kədər, qəm karvanına,
Köçə xoş gəldin, xoş gəldin.

Gün keçdi, zaman ötüşdü,
Vaxt, vədə gəlib yetişdi,
Heç bilmədim necə düşdün,
Necə xoş gəldin, xoş gəldin.

Sözün, söhbətin mübarək,
Qalın, qeybətin mübarək,
Fəhmin, heybətin mübarək,
Əcəb xoş gəldin, xoş gəldin.

Gözün zülmətə bükülüb,
Qaşın, qabağın tökülüb,
Onsuz da yuxum çəkilib,
Becə xoş gəldin, xoş gəldin.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter