Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır
- 04.01.2024, 14:30, Baxış sayı:
- 163
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dövlətimizin başçısı İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti artıq tarixə qovuşan 2023-cü ildə bütün sahələrdə qazanılan uğurların təhlili və cari ildə qarşıda dayanan vəzifələrin təqdimatı oldu. Son üç ildə dövlətimizin siyasətində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri prioritet olub. 2023-cü il bu baxımda da xüsusi diqqətdə oldu. Belə ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndinin sakinlərinə qovuşmasının ardınca 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi sevincli günlərini yaşadı. Ötən il Müstəqillik Günündə Laçın şəhərinə köçkünlər qayıtdı. Bu qayıdış ilin sonuna qədər mərhələ-mərhələ davam etdirildi. “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar” söyləyən Prezident İlham Əliyev bu müjdəni də çatdırdı ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.
Göründüyü kimi, bu torpaqların sahibi olaraq bərpa-quruculuq işlərinin sürətini artırmaqla soydaşlarımızın tezliklə tam şəkildə qayıdışına səy göstərilir. 30 il ermənilər tərəfindən dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız bu gün dirçəlir, sakinlərinə qovuşduqları üçün sevinclidirlər. Dövlətimizin başçısının hər bir müjdəsi xalqımızda böyük qürur hissi yaradır.”
2023-cü ilin mühüm hadisəsi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası oldu: “Dövlətimizin başçısı İlham Əliyev müraciətində ilk olaraq bu uğurumuzu diqqətə çatdırdı. Son üç ildə Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylər göstərsə də, Ermənistan müxtəlif bəhanələrlə yayındı. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də Ermənistanın havadarlarının dəstəyinə arxalanması diqqətdən kənarda qalmır. 44 günlük İkinci Qarabağ müharibəsindən nəticə çxarmayan Ermənistan hərbi təxribatlarını davam etdirdi. Azərbaycan dövləti, xalqı belə bir vəziyyətlə barışa bilməzdi. Sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu.
Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu önə çəkərək bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru