Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Ermənistanın 30 il davam edən işğalı dövründə Prezident İlham Əliyevin xalqımıza bayram təbriklərində bu amal, arzu xüsusi vurğulanırdı ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Həmin günün uzaqda olmadığı bildirilərək, belə bir əminliyi şərtləndirən amillər də diqqətə çatdırılırdı. Artıq işğal altında olan torpaqlarımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azad Qarabağ, azad Zəngəzur cənnət məkana çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda alovlandırmalarının öz rəmzi mənası vardır. Möhtərəm Prezidentimizin Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Xarici ölkələrdə yaşayan azərbaycanlılar da daxil olmaqla hər birimiz son iki il yarımda sonsuz qürur hissi keçiririk. Bu müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik.
Necə ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində irəliyə getmişdiksə, savaş başa çatandan sonra da bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru