Dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bu müraciətdə 2023-cü ilin möhtəşəm uğurlarına bir daha diqqət yönəldilərək qarşıda dayanan hədəflər öz əksini tapdı. Cənab İlham Əliyev böyük qürur hissi ilə bildirdi ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edildi.
Azərbaycan 3 il öncə tarixi Zəfərə imza atdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulysiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. İşğaldan azad edilmiş ərazilərimizdə, Qarabağın tacı Şuşada üçrəngli bayrağımız ucaldıldı. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin müraciətində qeyd edildiyi kimi, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.
30 il işğal dövründə BMT qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüquqa hörmətsizlik edən Ermənistan postmünaqişə dövründə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif bəhanələrə əl atdı. Tarixi Zəfərimizdən ötən üç ildə Ermənistanın atdığı addımlara diqqət yetirmək kifatyətdir. Hərbi təxribatlar son üç ildə diqqətdən kənarda qalmadı. Təəccüblü olan budur ki, bu təxribatlar yenə də əksər dünya güclərini düşündürmədi. Lakin bu ilin aprelində Laçın buraxılış-keçid məntəqəsinin yaradılmasından, sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsindən sonra Ermənistana dəstək verən ölkələrin Azərbaycana qarşı əsassız ittihamlarını, təzyiq cəhdlərini yada salaq. Təbii ki, bu cəhdlər, əssassız ittihamlar Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən addımları qarşısında heçdir. Hər zaman beynəlxalq hüququn yanında olan ölkəmiz ən yüksək tribunalardan bəyan edir ki, heç bir qüvvə iradəmizə təsir göstərə bilməz. Azərbaycan 30 illik işğal dövründə ikili siyasətin yaratdığı problemləri daha aydın şəkildə gördü və nəticədə 44 günlük İkinci Qarabağ müharibəsi baş verdi.
Son üç ildə Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta, əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Cənab İlham Əliyevin sözügedən müraciətində qeyd etdiyi kimi, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilmişdir: Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik.
Bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycanda separatizmin kökü kəsildi. Torpaqlarımız separatçılardan təmizləndi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Dövlət başçısının bildirdiyi kimi, separatçı rejim çökdü, ağ bayraq qaldırdı, təslim oldu, torpaqlarımızdan əbədi olaraq çıxarıldı və tarixin zibilxanasına atıldı.
Müraciətdə cənab İlham Əliyev diqqəti 2023-cü ilin tariximizə “Heydər Əliyev İli” kimi yazılmasına yönəldərək vurğuladı ki, Ümummilli Liderin 100 illik yubileyi Şuşada qeyd edildi. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşadan bu çağırış edildi ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Dövlət başçısı İlham Əliyev müraciətində bu çağırışın davamı olaraq böyük qürur hissi ilə bildirdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.
Prezident İlham Əliyevin müraciətində yer alan hədəflərimiz gələcək uğurlarımız barədə aydın təsəvvür yaradır. Hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına tam tərkibdə qovuşmasıdır. Bu il Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz böyük tikinti meydançasına çevrilib.
Nəsir Mirzəliyev,
Sabirabad RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri