Vaqif QURBANOV,
“Muğansutikinti” MMC-nin təsisçisi,
Respublikanın Əməkdar mühəndisiAtam Ağayar Qurbanov torpaq, əkin biçin adam olmuş, 5 yaşında ikən valideynlərini itirmiş, böyüyəndə dərk etmişdi ki, özündən başqa arxası yoxdur, lakin gecəni-gündüzə qatib işləmiş, əzab-əziyyətə qatlaşmişdı. 15 yaşı olanda traktorun sükanı arxasında əyləşən ilk mexanizator olmuş və onun şanlı əmək yolu belə başlamışdır. 1960-1970-ci illərdə atamın adı, işi, fəaliyyəti respublikada dərc edilən bütün qəzetlərin sevimli mövzusuna çevrilmişdi.
Təbiəti etibarilə hədsiz dərəcədə təvəzökar insan olan atam vəzifə, şan-şöhrət pilləsinə öz qabiliyyəti, tükənməz əzabkeşliyi sayəsində yüksəlmişdi.
Belə adamların gücünü insan sərrafı olan Ulu öndər Heydər Əliyev hamıdan yaxşı bilirdi. Ötən əsrin 70-ci illərində rayonlara səfəri zamanı Ağayar Qurbanovun briqadasına gələn Ümumilli Lider onunla xeyli söhbət etmiş, o, Ulu öndərə ilk dəfə hesabat vermiş, məhsul istehsalına dair 5 illik tapşırığa 3 ildə əməl edildiyini bildirmiş və hazırda növbəti beşillik uğrunda mübarizə apardığını demişdi. Bu işdən razı qalan Heydər Əliyev yanında olan raykom katibinə demişdi:
– Belə zirək, qoçaq adamları irəli çəkmək lazımdır.
Ömrünün sonuna kimi sədr işləmiş Ağayar Qurbanov dövrünün ən yüksək orden və medallarına layiq görülüb. SSRİ Ali Sovetinin deputatı seçilib, Sov.İKP-nin XXIII qurultayının, kolxozçuların III Ümumittifaq qurultayının nümayəndəsi, Ümumüttifaq kolxozçuların Ali Şurasının üzvü olub.
Ulu öndər Sabirabada növbəti səfəri zamanı rayonda maşınla pambıq yığımında birinci yerdə gedən Telman adına kolxoza getmiş, sədr Ağayar Qurbanovla köhnə dost kimi səmimi görüşmüş, maşınla pambıq yığan sahəni görərkən ona demişdi:
– İndi bizim əsas məqsədimiz əl əməyini yüngülləşdirmək, bütün sahələrdə texnikaya üstünlük verməkdir, bu sahədə işinizi bəyənirəm, başqalarına nümunə göstərilməlidir.
Ulu Öndərlə bağlı bu kiçik və unudulmaz xatirəni ona görə yada saldım ki, böyük insan sərrafı olan Heydər Əliyev bütün həyatı boyu zəhmətkeş insanları diqqətdə saxlamış, onların daha böyük uğurlar qazanmasına stimul vermişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ilin Heydər Əliyev İli elan olunması və Ümummilli Liderin 100 illiyinin təkcə ölkəmizdə deyil, dünyanın əksər ölkələrində təntənəli şəkildə qeyd olunması hər bir azərbaycanlının qəlbində fəxarət hissi oyadır və bundan qürur duyuruq.
Bu gün qeyd etmək xoşdur ki, Ulu Öndərin başladığı bütün işlər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Ölkəmizdə meliorasiya və irriqasiya işlərinə hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, onların geniş miqyasda vüsət tapması 1969-1982-ci illərə, ulu öndərimiz H. Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə sürətlənmişdir. Onun şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə meliorasiya işləri aparılmış, güclü istehsal bazası yaradılmış, kollektor-drenaj şəbəkələri, su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri, su anbarlarından ibarət nəhənğ meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır.
Məhz onun hakimiyyətə gəldiyi 1969-cu ildə Azərbaycan Respublikasının regionlarında meliorasiya işlərinin inkişafı məqsədilə Su tikinti trestləri yaradılmışdır. O cümlədən, Muğan-Salyan zonasında meliorasiya tədbirlərini həyata keçirmək məqsədilə Sabirabad rayonunda da “Muğanmeliorasiya” tresti yaradılmışdır.
İttifaq rəhbərliyində olarkən belə meliorasiya və su təsərrüfatı sahəsinə öz qayğılarını əsirgəməmiş, bu sahədə işlərin gedişinə daim nəzarət etmiş və lazımi köməklik göstərmişdir. Həmin dövrdə onun yaxından köməkliyi sayəsində respublika üçün son dərəcə vacib olan, o cümlədən Baş Mil-Muğan və Baş Şirvan Kollektorlarının yenidən qurulması və onlarla belə digər vacib obyektlərin tikintisi ilə əlaqədar məsələlərə baxılıb həll olunmuşdur.
Qeyd etmək lazımdır ki, o vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində aparılan işlərin sürəti və həcmi kəskin şəkildə azalmışdı. Ulu öndərimizin birinci dəfə respublika rəhbərliyinə gəlişində Muğan-Salyan zonasının rayonlarına meliorasiya tədbirlərinə kapital qoyuluşunun 2,5 dəfədən çox artması nəticəsində, meliorasiya işlərinin sürətlə inkişafı nəticəsində kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 2,2 dəfə, o cümlədən bitkiçilik 2,2 dəfə və heyvandarlıq məhsulları 1,7 dəfə artmışdı.
Həmin dövrdə Muğan-Salyan zonasının Şirvan (keçmiş Əli-Bayramlı) şəhəri, Sabirabad, Saatlı, Salyan, İmişli, Biləsuvar və Neftçala rayonlarında meliorasiya tədbirlərini həyata keçirən “Muğansutikinti” tresti tərəfindən (indiki “Muğansutkinti” Məhdud Məsuliyyətli Cəmiyyəti) 14195 hektar yeni suvarılan sahə, 92500 hektar torpaqların meliorasiya cəhətdən yaxşılaşdırılması, 86754 hektar əsaslı hamarlama işləri, 86066 hektar su şəbəkələrinin yenidən qurulması və su təchizatının artırılması, 89528 hektar torpaqların şoran duzlardan əsaslı surətdə təmizlənməsi və 2231 hektar sahədə mədəni otlaqlar salınıb təsərrüfatların sərəncamına verilmişdir.
İstismara verilən qeyd olunan bu istehsal gücləri bütün maliyyə mənbələri (mərkəzləşdirilmiş və digər mənbələr) nəzərə alınmaqla trest tərəfindən hər il irili-xırdalı 113-135 tikinti obyktlərində (o cümlədən 50-60 kolxoz və sovxozlarda) Muğan-Salyan zonasının rayonlarında tikinti işləri aparılmışdır. Bu dövrdə 2000-2100 nəfərlik əmək kollektivləri trestin bölmələrində fəaliyyət göstərmişdir.
Təkcə Sabirabad rayonunda 100 min m3 yığma dəmir beton istehsal edən 2 saylı Sənaye Kombinatı, 28 min ton gücü olan nar email zavodu, 600 yerlik mədəniyyət evi, 1176 yerlik Nizami Cəncəvi adına orta məktəb, melioratorlar qəsəbəsi, uşaq evi, uşaq bağçası, Dövlət bankı və yuxarıda qeyd etdiyimiz bir sıra digər sosial, mədəni-məişət təyinatlı bina və tikililər inşa edilmişdir.
“Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifədəsinin yaxşılaşdırılması tədbirləri haqqında (1976-cı il) qərarları Muğan-Salyan zonası rayonlarının inkişafı üçün dinamik proqram oldu.
Göstərilən tarixi qərarlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə aparılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi.
1970-ci ildə Ulu öndərimizin şəxsi təşəbbüsü ilə SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin tabeliyində xüsusi tikinti təşkilatı “Azərsutikinti” Baş idarəsi yaranmışdı, bu da İttifaq hökuməti tərəfindən respublikanın kənd təsərrüfatına sərmayə qoyuluşunun qat-qat artmasına şərait yaratmaqla intensiv inkişafa səbəb oldu.
Bu dövrdə Baş idarənin illik tikinti-quraşdırma işlərinin həcmi 300 mln. manat səviyyəsinə qalxmışdı və bu illərdə “Muğansutikinti” tresti hər ildə orta hesabla 25-30 mln. manatlıq istehsal gücləri üzrə əsas fondları istismara verirdi. Melioratorlar ən müasir texnika və avadanlıqlarla təchiz olundu. Baş Mil-Muğan Kollektorunun inşasında istismar olunan torpaq işlərində çalovu 6 m3 olan özü addımlayan ekskovatorlar və başqa ekskovatorlar, güclü traktorların bazasında quraşdırılmış buldozerlər, skreperlər və digər texnikalara “Muğansutikinti” tresti də sahib oldu.
Meliorasiya sahəsinə kapital qoyuluşunun ildən – ilə artması nəticəsində təkcə bunu qeyd etmək lazımdır ki, 1984-cü ildə tikintisinə başlanmış 271 min hektar su təminatını yaxşılaşdıran (kanalın su sərfi 72 m3/san) Baş Şirvan kollektorunun yenidən qurulması obyektinin tikinti işlərinə başlanıldı və 1994-cü ildə istismara verildi. Qeyd etmək lazımdır ki, respublika iqtisadiyyatında əsasən kənd təsərrüfatının gələcək inkişafı üçün xüsüsi əhəmiyyəti olan Baş Mil-Muğan kollektorunun tikilməsində məqsəd Kür-Araz düzənlərində yerləşən və ümumi suvarılan torpaqların 80 faizini təşkil edən sahələrdən drenaj sularının Xəzər dənizinə maneəsiz axıdılması məqsədi qoyulmuşdu və buna da nail olundu.
Baş Mil-Muğan kollektoru respublikanın ən böyük meliorativ qurğularından biridir. Kollektorun layihə uzunluğu 186 kilometr, dibindən eni 18:35, normal su sərfi 70 m3/san, orta dərinliyi 5:10 metrdir. Xəzər dənizinə töküldüyü yerdə su sərfi saniyədə 107 kubmetr, maksimum sərfi isə saniyədə 147 kubmetrdir.
1993-cü ildə respublikada gərgin siyasi durum, iqtisadi böhran, müharibə şəraiti, qaçqınlar problemi, vətəndaş müharibəsi təhlükəsi hökm sürən bir dövrdə Ulu öndərimiz bir çox maneələrə baxmayaraq, heç nədən çəkinmədən, cəsarətlə respublikanın xalq təsərrüfatında islahatların aparılmasını təkidlə tələb etdi və bu prosesin həyata keçirilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürdü.
Yalnız onun sayəsində 1994-cü ildə Səudiyyə Ərəbstanında rəsmi səfərdə olarkən, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan Kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur- Abşeron suvarma sisteminin yenidən qurulması layıhəsinin əvəzsiz olaraq hazırlanması qərarına gəldiyini elan etdi və kredit ayrılması barədə Saziş imzalandı. 2 mart 1995-ci il tarixli 290 saylı Fərman meliorasiya və su təsərrüfatında aparılacaq islahatlara təkan verdi. 1996-cı ildə meliorasiya və irriqasiya haqında Azərbaycan Respublikası Qanunu qəbul olundu və bu qanun melioratorların arasında böyük ruh yüksəkliyinə səbəb oldu.
Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəldiyi zaman verdiyi göstərişlərə əsasən “2003-2010-cu illər üçün meliorasiya və su təsərrüfatının İnkişaf Konsepsiyası və İnvestisiya Proqramı hazırlandı. Ulu öndərimizin göstərişlərini əsas tutaraq Konsepsiya və İnvestisiya Proqramı əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi.
Dünya Bankı, İslam İnkişaf Bankı tərəfindən kredit xidməti açıldı. BMMK-in 2-ci buraxılış (52,7 kilometr) obyektinin inşasına 1998-ci ilin mart ayında başlandı və qısa müddətdə, yüksək keyfiyyətlə başa çatdırıldı. 2000-ci ilin noyabr ayında kollektorun 52,7 uzunluğunda ikinci hissəsi Dövlət Komissiyası tərəfindən istismara qəbul olundu. Ulu öndərin qayğısı sayəsində Baş Mil-Muğan Kollektorunun 31,7 km uzunluğunda 3-cü hissəsinin tikintisinə Dünya Bankının müvafiq imzalanmış borc Sazışi əsasında 2001-ci ildə başlandı və 2006-cı ildə istismara buraxıldı.
Bu dövrlərdə trestin idarələrində 1000-1100 nəfərlik əmək kollektivləri fəaliyyət göstərmişdir. Çox xöşbəxtəm ki, respublikamızda meliorasiya və irriqasiya sahəsində görülən işlər arasında mühüm əhəmiyyət kəsb edən Baş Mil-Muğan Kollektorunun hər üç kompleksinin tikintisi mənim rəhbərliyim altında “Muğansutikinti” Açıq Səhmdar Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirilib. Məhz buna görə də 141 kilometr uzunluğu olan, Neftçala rayonundan başlayıb İmişli rayonuna kimi uzanan Baş Mil-Muğan Kollektorunu haqlı olaraq ömrümün şah əsəri hesab edirəm.
Baş Mil-Muğan Kollektorunun tikintisinin başa çatdırılması nəticəsində onun əhatə etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalı 30-40 % artmışdır.
Kollektorun 3 hissəsinin istismara verilməsi nəticəsində Sabirabad, Saatlı, İmişli rayonlarının 60 min hektar suvarılan torpaqlarının meliorativ vəziyyətinin yaxşılaşdırılmasına şərait yaranmışdır, Saatlı və Kürdəmir rayonları arasında qısa avtomobil yolu istismara verilmişdir.
Mil-Qarabağ kollektorunun Baş Mil-Muğan kollektoruna birləşdirilməsi, Mil-Qarabağ kollektorundan keçən 25 m3/san su sərfinin BMMK ilə nəql olunması, Baş Şirvan kollektorunun su keçirmə yükünün azalmasına səbəb olmaqla, Şirvan Düzünün öz drenaj sularının sərbəst Xəzər dənizinə axıdılmasına şərait yaratmışdır.
BMMK-ın üzərində 30 avtomobilkörpüsü, 58 müxtəlif hidrotexniki qurğu, Araz çayı Altından keçən düker, 143 km istismar yolları və sair qurğular vardır. Kollektorun təsir zonasına Kür çayının sağ sahilində, Xəzər dənizindən başlayaraq, Qazax rayonuna qədər 29 rayonun ərazisində 3 mln hektar torpaq sahəsi daxildir.
Qeyd etmək lazımdır ki, kollektor 860 min hektar suvarılan sahədən drenaj sularını kənar etmək üçün hesablanmışdır.
50 ildən çoxdur ki, meliorasiya və su tikintisi sahəsində şərəfli inşatçı-mühəndis ömrü yaşayıram. Muğan-Salyan zonasında aqrar sənayenin tikintisinin inkişafında həyata keçirilən mühüm əhəmiyyətli islahatlarda yaxından iştirak etmişəm və bu gün də bu istiqamətdə fəaliyyətimi uğurla davam etdirirəm. Deyim ki,. Ölkənin meliorasiya və su tikintisi sahəsində qazandığım bütün nailiyyətlər Ümummilli Liderimiz dahi şəxsiyyət Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə olmuşdur.
Tikinti kompleksinin inkişafındakı uğurlarıma, aqrar sahənin inkişafında qüsursuz və səmərəli fəaliyyətimə görə Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2011-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə tətif olunmuşam. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyun 2017-ci il tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətimə görə “Əməkdar mühəndis” fəxri adı almışam.
Ümummilli liderimiz Sabirabad torpağında ümumilikdə 14 dəfə olmuşdur. Məhz onun qayğısı sayəsində, onun köməyi ilə Sabirabad rayonu geridə qalmış aqrar bir rayondan inkişaf etmiş aqrar-sənaye mərkəzinə çevrilmişdir.
Bu gün Sabirabadda yüzlərcə idarə, təşkilat, müəssisə, məktəb, səhiyyə ocağı, həyat əhəmiyyətli obyektlər Heydər Əliyevin adı ilə bağlıdır. Əzəmətli Mədəniyyət sarayı, Kür çayı üzərində salınan körpü, Qrup Su Kəmərləri İdarəsi ulu öndərimizin adını daşıyır. Heydər Əliyevin göstərişi ilə Sabirabadda magistral qaz xətti çəkilmiş, burada pambıqtəmizləmə və şirə zavodları kimi iri müəssisələr salınmışdır.
Söhbətimin sonunda qeyd etmək istərdim ki, istər Ulu Öndər Heydər Əliyev, istərsə də Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə tikintilərini apardığımız obyektlərin açılışlarında iştirak etmişlər. Belə ki, Ümumülli Lider H. Əliyev 1982-ci ildə Sabirabad rayonunda tikilmiş “Nar emalı zavodunun istismara verilməsində, 1976-cı ildə Sabirabad şəhərində 600 yerlik mədəniyyət evinin açılışında və 1982-ci ildə Sabirabad şəhərində Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbin açılışlarında iştirak etmişdir.
2006-cı ildə başa çatdırılmış və Konsersium üzvü kimi “Muğansutikinti” Səhmdar Cəmiyyəti kollektivinin də fəaliyyət göstərdiyi Xan-Arx kanalının istismara verilməsinə həsr olunmuş açılışda və 2009-cu ildə isə “Cəlilabad rayonunda Göytəpə su anbarının tikintisi və Suvarma drenaj şəbəkəsinin bərpası” obyektinin istismara verilməsi mərasimində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Söhbətimin əvvəlində dediyim kimi Ulu Öndərin dövlətçiliyə və dövlətə sadiq olan zəhmətkeş insanlara verdiyi önəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.
Hazırkı vaxtda kollektivimiz Başlanğıcını Tərtər çayi üzərində yerləşən Suqovuşan Hidroqovşağından götürən “Tərtərçay Sol Sahil kanalının qurğularla birlikdə yenidən qurulması (I mərhələ) və bir sıra digər obyektlərdə tikinti işlərini davam etdirir. Kollektivimiz Heydər Əliyev ilini yüksək əmək nailiyyətləri ilə qeyd etmək əzmindədirlər.
Zərbalı MİRZƏCəlilabad üzümçüləri ilə görüşdən bir görüntü... 1981-ci il. (sağda arxadan birinci) “Cənubmuğansutikinti” Tikinti-quraşdırma Baş İdarəsinin rəisi Vaqif Qurbanov da bu tarixi görüşün iştirakçısıdır.
Ulu Öndər Heydər Əliyev Ağayar Qurbanovun (sağdan 2-ci) briqadasında olarkən.
2005-ci il. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sabirabad şəhərinə növbəti səfəri zamanı ölkə rəhbərini salamlamaq Vaqif Qurbanova həvalə olunub.