• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Nəsillərin Muğan görüşü

  • 13.04.2023, 14:05, Baxış sayı:
  • 203
Nəsillərin Muğan görüşü
6 oktyabr 2005-ci il. Muğan bölgəsinin "gözü" hesab olunan Sabirabad rayon sakinlərinin heç vaxt unutmayacağı əziz bir gün. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva həmin gün sabirabadlıların qonağı oldular. Heydər Əliyev Abidə-Muzey Kompleksinin ətrafına minlərlə rayon sakini toplaşmışdı. Protokol qaydalarına əsasən əziz qonaqları salamlamaq rayonun tanınmış, nüfuzlu ağsaqqallarından, ziyalılarından birinə həvalə edilməli idi. Bu xoşməramlı missiyanın Vaqif Qurbanova tapşırıldığını eşidəndə ətrafa alqış sədaları yayıldı. Vaqif müəllim əziz qonaqları salamlayandan sonra çıxışına bu sözlərlə davam etdi:
- Cənab Prezident, Sizin bu gün Sabirabada gəlməyiniz bizim üçün çox əlamətdardır. Çünki Sizin gəlişiniz bizə hər dəfə sevinc, xoşbəxtlik bəxş edən, toy-bayrama çevrilən ulu öndərimiz Heydər Əliyevin gəlişlərini xatırladır. Ümummilli liderimiz bu rayonda - Sabirabad torpağında ümumilikdə 14 dəfə olmuşdur. Məhz onun qayğısı sayəsində, onun köməyi ilə Sabirabad rayonu geridə qalmış aqrar bir rayondan inkişaf etmiş aqrar-sənaye mərkəzinə çev­rilmişdir.
Bu sözlərdə böyük həqiqət var. Ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi illərdə 14 dəfə Sabirabad rayonunda olmuş, hər gəlişində rayonun onlarca probleminin aradan qaldırılması istiqamətində göstəriş və sərəncamlar vermişdir. Bu gün Sabirabadda yüzlərcə idarə, təşkilat, müəssisə, məktəb, səhiyyə ocağı, həyat əhəmiyyətli obyektlər Heydər Əliyevin adı ilə bağlıdır. Əzəmətli Mədəniyyət sarayı, Kür çayı üzərində salınan körpü, Qrup Su Kəmərləri İdarəsi ulu öndərimizin adını daşıyır. Heydər Əliyevin göstərişi ilə Sabirabadda magistral qaz xətti çəkilmiş, burada pambıqtəmizləmə və şirə zavodları kimi iri müəssisələr salınmışdır.
Vaqif müəllimin dediyi kimi, Sabirabad rayonu məhz Heydər Əliyevin dövründə iri aqrar-sənaye mərkəzinə çevrilmişdir. Səksəninci illərdə rayon sakinləri tarlalardan rekord miqdarda məhsul - yüz min tondan artıq pambıq toplayırdılar.
Bunlar həqiqətdir, özü də parlaq həqiqət. Lakin faktlar, rəqəmlərlə yanaşı, ulu öndərimizin Sabirabad rayonuna səfərləri ilə bağlı saysız-hesabsız əziz xatirələr var ki, onların da bir hissəsi dövlət başçımız İlham Əliyevə "xoşgəldin" deyən Vaqif Qurbanovun atası, mərhum Ağayar Qurbanovla bağlıdır. Vaqif Qurbanov ölkə Prezidentini salamlayıb ona Sabirabad rayonunun simvolu olan nişanları təqdim edəndə, bu məqamları seyr edən yaşlı sakinlər istər-istəməz Heydər Əliyevlə o vaxtlar Sabirabad rayonundakı Telman adına kolxozun sədri işləyən, o dövrdə böyük nüfuz və hörmət əlaməti olaraq SSRİ Ali Sovetinə deputat seçilmiş Ağayar Qurbanovla görüşlərini xatırladılar.
Heydər Əliyev Sabirabada gələndə kənd zəhmətkeşləri ilə mütləq görüşür, onlarla şirin, səmimi söhbətlər edir, insanların qayğı və problemləri ilə maraqlanırdı. O vaxt rayonda dövlət başçısının şəxsən tanıyıb hörmət etdiyi təsərrüfat rəhbərləri, pambıqçılıq briqadirləri az deyildi. Kolxoz sədrlərindən Gülabba Xəlilov, İsmayıl Mədətov, Ağayar Qurbanov, briqadirlərdən Zəminə Aslanova, Fatma Hüseynova və başqaları ilə görüşərkən dövlət başçısı rayondakı real vəziyyəti dərindən öyrənir, təsərrüfat işləri barədə ətraflı məlumat alırdı. Sadə, qayğıkeş insan, bacarıqlı təsərrüfat rəhbəri Ağayar Qurbanovla ölkə rəhbəri arasında səmimi münasibətlər yaranmışdı. Onların söhbətləri saatlarla davam edirdi. Torpağı, bitkini, kəndçi əməyini əla bilən, kənd adamının zəhmətini yüksək qiymətləndirən ulu öndər kolxoz sədrinin təkliflərinə xüsusi hörmətlə yanaşırdı. Bunun nəticəsidir ki, Ağayar Qurbanov o dövrün ən yüksək mükafatlarına - orden və medallara layiq görülüb, SSRİ Ali Sovetinin deputatı, Sov.İKP 23-cü qurultayının, kolxozçuların 3-cü Ümumittifaq qurultayının nümayəndəsi olub. 12 il rayondakı ən iri təsərrüfatlardan olan Telman adına kolxoza rəhbərlik edib.
Ağayar kişinin ailəsində yeddi övlad böyüyüb ərsəyə çatıb ki, ailənin böyük oğlu Vaqif Qurbanovdur.
Mətbuat səhifələrində Vaqif müəllim barədə bir neçə dəfə yazı ilə çıxış etmişik. Vaqifin atası Ağayar Qurbanov haqqında yazdığı "Atam haqqında söz" kitabının redaktoru da bu sətirlərin müəllifidir.
Maraqlı və ibrətamiz həyat yolu keçib. İxtisasca inşaatçıdır. Uzun illər Sabirabad, Salyan, Cəlilabad və başqa rayonlarda tikinti-quraşdırma idarələrinə, səyyar mexanikləşdirilmiş dəstələrə rəhbərlik edib. 1984-cü ildən Sabirabaddakı "Muğansutikinti" MMC-nin (əvvəllər şifahi nitqdə "Trest" adlanırdı) təsisçisi vəzifəsində çalışır. Bu müəssisənin gördüyü işlər barədə çox danışmaq olar, respublikamızda taleyüklü tikinti - 141 kilometr uzunluğu olan, Neftçala rayonundan başlayıb İmişli rayonuna kimi uzanan Baş Mil-Muğan Kollektorunun tikintisini bu təşkilat müvəffəqiyyətlə həyata keçirdi.
Vaqif müəllim haqlı olaraq bu tikintini "ömrünün şah əsəri" adlandırır. Mütəxəssislər Baş Mil-Muğan Kollektoruna respublika iqtisadiyyatında mühüm hadisə kimi baxırlar. Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev Baş Mil-Muğan Kollektorunun çəkilişini vaxtilə yüksək qiymətləndirmişdir.
Vaqif müəllimin başçılıq etdiyi müəssisə müxtəlif illərdə Xanarx kanalının, Füzuli rayonunda keçmiş məcburi köçkünlər üçün salınan "Qayıdış" qəsəbəsində, Ağdamda qaçqınlar üçün salınan "Dördyol" qəsəbəsində, son illərdə Sabirabad rayonundakı "Haş" və İmişli ərazisində "Arazın qolu" kanallarının çəkilişini həyata keçirmişdir. Dövlət başçımız bu kanalların bir neçəsinin istifadəyə verilməsi mərasimlərində iştirak etmişdir.
Bacarıqlı istehsalat rəhbəri barədə çox söz demək olar. Mən onlardan birini oxucuların nəzər-diqqətinə çatdırmaq istəyirəm. Vaqif müəllimin təsisçisi olduğu "Muğansutikinti" MMC saysız-hesabsız idarə, təşkilat, müəssisənin dağıntılara, aşınmalara məruz qaldığı, ən gözəl və nadir texnika nümunələrinin doğranıb metal tullantısı kimi xarici ölkələrə daşındığı doxsanıncı illərin əvvəlindəki anarxiyadan sökülüb-dağıdılmaqdan qorunub, hifz olunub. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövründə qayıdışına sağ-salamat gəlb çıxa bilib. Bu, Vaqif Qurbanovun vətəndaşlıq iradəsinin yenilməzliyinə ən yaxşı misaldır. Dövlət başçımız cənab İlham Əliyev istedadlı inşaatçı, bacarıqlı təsərrüfat rəhbəri Vaqif Qurbanovun əməyini yüksək qiymətləndirib, o, "Tərəqqi" medalına və Əməkdar mühəndis fəxri adına layiq görülüb.
O vaxt ölkə Prezidenti cənab İlham Əliyevi Sabirabadda salamlamağın Vaqif Qurbanova həvalə edilməsi tamamilə ədalətli idi. Qədim Muğan torpağı da həmin gün öz növbəti sevincini yaşayırdı - nəsillərin Muğan görüşünü yaddaşına həkk edirdi.

Tofiq HÜSEYN,
"Respublika".
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter