Əsrə bərabər 20 illik fəaliyyəti dövründə Ümummilli Liderin dövlətçilik, idarəçilik prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev ölkə iqtisadiyyatının dayanıqlılığını, inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, Azərbaycanı irimiqyaslı qlobal layihələrin mərkəzi, Cənubi Qafqazın lider dövləti kimi tanıtdı. Ölkəmizin iqtisadi qüdrətini gündən-günə artıran dövlətimizin başçısı uğurlu fəaliyyəti ilə Azərbaycanı ən etibarlı, güvənli tərəfdaş kimi beynəlxalq iqtisadi layihələrin vacib elementinə çevirdi. Prezident İlham Əliyevin müstəqil siyasi, iqtisadi qərarları və ən əsası, şəffaflıq amili respublikamıza rəğbəti artıraraq yeni əməkdaşlıq platformalarının yaranması ilə nəticələndi. Bununla da Azərbaycan enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda faydalı əməkdaşlıqla Avropanın enerji siyasətini müəyyənləşdirən nüfuzlu ölkə imicini qazandı. Bu fəaliyyətin fonunda Azərbaycan təkcə Avropa üçün deyil, digər qitələrdəki ölkələr üçün də son dərəcə cəlbedici məkan rolunu oynadı.
Hələ Ulu Öndər Heydər Əliyevin zamanında reallaşan “Əsrin müqaviləsi” ölkənin gələcək iqtisadi yüksəlişinin təməl prinsiplərini yaratdı. Xalqımızın əziz övladı Heydər Əliyev həmin müqavilənin XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqilliyimizin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradacağının anonsunu verməklə uzaqgörənliyini bir daha təsdiqlədi və respublikamızın inkişaf konsepsiyasını yaradaraq ümumxalq sevgisi qazandı.
Beynəlxalq layihələrin davamı olaraq Oktyabrın 26-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə nəhəng Qaradağ Günəş Elektrik Stansiyasının açılışını göstərmək olar.Qeyd edək ki, bu layihə 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanmışdır. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında olmuşdur.
Prezident İlham Əliyev 230 MVt gücündə nəhəng Qaradağ Günəş Elektrik Stansiyasının açılışı zamanı çıxışında bunları bildimişdir:
- Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Ölkəmizin başçısı öz çıxışında onu da qeyd etdi ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.
Ölkəmizin uğurlu sosial-iqtisadi və siyasi nailiyyətləri, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri