Yeni Enerji Siyasəti gələcək uğurlarımızın əsasıdır
- 30.10.2023, 20:24, Baxış sayı:
- 173
Facebook
Вконтакте
Одноклассники
Google+
Son onilliklər ərzində qlobal iqtisadiyyatın gündəliyində ən çox rast gəlinən məsələ bərpa olunan enerji mövzusudur. Təbii resursların tükənməsinin qarşısını almaq, qlobal iqlim dəyişikliklərini önləmək, habelə insanların sağlam həyat şəraitini təmin etmək kimi qlobal çağırışlar beynəlxalq münasibətlər sistemində özünə geniş yer qazanıb. Müstəqilliyini bərpa etdikdən sonra qlobal iqtisadi sistemə uğurla inteqrasiya olunan Azərbaycan da müasir dövrün çağırışlarına uyğun olaraq öz iqtisadiyyatını innovativ əsaslar üzərində qurur. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısı kimi tanınır. Son 30 il ərzində Azərbaycana qoyulan ümumi investisiyaların həcmi 300 milyard ABŞ dollarından çox olub və bunun da təqribən 100 milyarddan çoxu məhz neft-qaz sektorunun payına düşür. Azərbaycanın təşəbbüsü ilə regional əhəmiyyətə malik olan çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və hazırda Azərbaycan nefti və qazı müxtəlif istiqamətlərdə xarici bazarlara ixrac edilir. Avropanın enerji təminatında önəmli rol oynayan ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı bərpa olunan enerji istehsalı sahəsində də yeni uğurlar qazanmaqdadır. 230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı da bu uğurlardan yalnız biridir. Günəş Elektrik Stansiyasının açılışında çıxış edən Prezident İlham Əliyev bu elektrik stansiyasının regionumuzda ən böyük günəş elektrik stansiyası olduğunu qeyd edərək Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihənin üstünlüklərindən danışıb. Gələcəkdə 1 qiqavat həcmində bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanmasını Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi kimi qiymətləndirib. Ölkə başçısı bildirib ki, birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Prezident Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti ilə yaranmış iş birliyinə yüksək qiymət verərək gələcəkdə mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə fəaliyyətin planlaşdırıldığını bildirdi və bu layihələri regionun enerji inkişafında bir inqilab adlandırdı.
Təbii sərvətlərimizin istifadəsi üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdirilir.
Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, onların ümumi gücü 270 meqavata çatdırılacaq. İki-üç ildən sonra hidroelektrik stansiyalarının gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə yeni və mühüm bir töhfə olacaqdır. Yaşıl enerji istehsalı layihələrində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan mühüm rol oynayır. Bu ərazilər yaşıl enerji zonası elan olunub və yaxın illərdə bərpa olunan enerji resurslarının istehsalı üçün sərmayələrin əhəmiyyətli hissəsi də məhz bu regionlara qoyulacaq. Qlobal enerji resursları bazarında Azərbaycanın müstəsna mövqeyi gələcəkdə ənənəvi enerji növləri ilə yanaşı yaşıl enerji növlərinin də Avropa bazarlarına çıxarılması dünya enerji bazarında Azərbaycanın əhəmiyyətini dəfələrlə artıracaq. Ölkə başçısı bildirdi ki, bu məqsədlə lazımi potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan bir çox şirkətlərlə yaxın əməkdaşlıq edirik. Avropa Birliyi ilə keçən ilin dekabrında Xəzər-Avropa İttifaqı enerji dəhlizinin yaradılmasını özündə ehtiva edən müqavilənin imzalandığını xatırladan Prezident İlham Əliyev bu istiqamətdə fəal işlərin aparıldığını qeyd etdi. Ölkə başçısı bildirdi ki, Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır. Bütün bunlar Azərbaycan tərəfindən müasir dövrün tələblərini nəzərə alan və qloballaşma dövrünün çağırışlarına adekvat cavab verməyə hazır olan yeni enerji strategiyasının tətbiq olunduğunu göstərir.
Bu uğurlar vaxtilə əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli enerji siyasətinin İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan xalqının rifah halının artırılmasına xidmət edir. Bu uğurları təmin edən əsas amillər isə milli maraqlarımızın qorunması istiqamətində ölkə başçısının dönməz siyasi iradəsi və cəmiyyətimizin bu siyasətə verdiyi yekdil dəstəkdir. Qarşıdakı bütün hədəflərə nail olmağın ən uğurlu yolu da məhz sabitlik və həmrəylikdir.
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru