Yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə təməlqoyma mərasimi keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyası alternativ enerji mənbələrindən daha çox istifadə edilməsinə imkan yaradacaqdır. Həmçinin Külək Elektrik Stansiyası ölkəmizin üğürji enerji təhlükəsizliyinə, yeni iş yerlərinin yaradılmasına və ətraf mühitin qorunmasına da öz müsbət töhvəsini verəcəkdir.
Ölkə başçısı təməlqoyma mərasimində çıxış edərək bildirib ki, “Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. İnşa olunacaq stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən tikiləcək “Xızı-Abşeron” külək elektrik stansiyası ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçiriləcək ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaqdır.
Prezident İlham Əliyev çıxışında iki ölkə arasındakı əlaqələrə toxunaraq bildirmişdir ki, Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.
Layihənin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Təbii ki, belə böyük həcmdə özəl investisiyanın ölkəmizə cəlb olunması Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Ölkəmizdə iqtisadi sabitlik və əlverişli investisiya mühiti hazırda sərmayədarlarda inam yaradır. Çıxışında bu mövzuya da toxunan Prezident İlham Əliyev bildirib ki, dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması – bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib və Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməli qoyulur.
Bu layihənin bir sıra sosial üstünlükləri də var. Stansiyanın işə düşməsi yeni iş yerlərinin açılması, həm yeni istehsal və xidmət sahələrinin yaradılmasına öz töhfəsini vermiş olacaq. Bu həm də xarici investorlarla işin təşkili təcrübəsi deməkdir. Bundan əlavə reallaşan bu layihə yerli ixtisaslı kadr potensialının formalaşmasına da kömək olacaq.
Hikmət Ağayev,
Sabirabad rayonu Ulacalı bələdiyyəsinin sədri