Son 20 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu, enerji sahəsində istədiyimizə nail olmağa imkan verdi. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.
2020-ci il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında İcra müqaviləsi imzalanmışdır. Müqaviləyə uyğun olaraq “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə günəş stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə 2021-ci ilin 6 aprel tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanmışdır. Nəzərdə tutulan 230 MVt gücündə günəş elektrik stansiyasının Ələt qəsəbəsindən 9 km şimal-qərbdə yerləşən ərazidə tikintisi planlaşdırılmışdır.
2022-ci ilin 15 mart tarixində Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Artıq bu il oktyabarın 26-da Elektrik Stansiyasının açılışı keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki çıxışında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu gün üç investisiya sazişi imzalanacaq. Planlarımız daha genişdir. Mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq. Bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.
Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Statistik rəqəmlərə diqqət yetirək. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Bu gün dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Yaxın gələcəkdə yeni layihələrin başlanmasına start veriləcək. Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
Postmüharibə dövründə Şuşada, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Qubadlıda yarımstansiyaların, “Güləbird” və “Kəlbəcər-1” Su Elektrik stansiyalarının istifadəyə verilməsi, habelə “Yaşıl enerji” konsepsiyasının tətbiqinə hazırlıq istiqamətində atılan addımlar bölgənin dayanıqlı enerji təminatına zəmin yaradır.
Oktyabrın 26-da keçirilən açılış mərasimindəki çıxışında Azərbaycanın enerji dilomatiyasından, qarşıya qoyulan hədəflərə, planlara zamanında nail olduğumuzu əsaslı şəkildə diqqətə çatdıran dövlət başçısı İlham Əliyev bildirdi ki, növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir. Ölkəmizin təbii sərvətlərinin istifadəsi üçün böyük potensialın olduğunu bildirən dövlət başçısı külək enerjisinin potensialını xüsusi vurğuladı. Qeyd etdi ki, külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır. Bərpa olunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur.
Səfa Şirinov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi