Ölkəmiz energetika sahəsində yeni-yeni uğurlar qazanır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi və dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsində bu gün ölkəmiz artıq bir çox xarici dövlətlərin də enerji təminatında mühüm rol oynamağa başlamışdır.
Enerjiyə olan daxili tələbatını öz imkanları hesabına ödəyən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına öz töhfələrini verir. Prezident İlham Əliyev fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu məqamı diqqətə çatdırdı ki, stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Təməlqoyma mərasimində İtaliyanın şirkətləri və “Made in Italy” naziri iştirak edib. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcəkdir. Yəni, bu işlər xarici əməkdaşlıq çərçivəsində görüləcəkdir.
Son illərdə ölkəmizdə energetika sahəsində atılan atılan addımlara nəzər salaq. 2022-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında isə “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı səsləndirir ki, ölkəmizdə enerji istehsalının artırılması hər zaman diqqət mərkəzindədir. Əsas hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır.
Təməli qoyulan İstilik Elektrik Stansiyasının açılışı 2025-ci ildə nəzərdə tutulub. Bu stansiyanın işə düşməsi ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaqdır. Hazırda Mingəçevir ölkənin elektroenergetika sahəsində əsas şəhəridir. Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb. Reallıq budur ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Bu stansiyanın təməlinin qoyulması ilə Mingəçevir şəhərinin nəinki Azərbaycanın, eyni zamanda, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin potensialını daha da gücləndirəcək. Yeni elektrik stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaqdır. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırması onun etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Bu stansiyasının tikintisində İtaliya şirkətinin iştirakı əməkdaşlığmızın hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır. Ümumilikdə ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir. Bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev İtaliya şirkətlərinin bu işlərdə fəaliyyətini yüksək dəyərləndirir.
Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyi bu hədəfi də böyük əminliklə qeyd etməyə əsas verir ki, neft və qaz layihələri kimi, Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu gün bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması əsas çağırışlardandır. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Bu sahədə zəngin təcrübə qazanan ölkəmizə artan maraq atılan addımlarda özünün aydın ifadəsini tapır.
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru